Yaxın Şərqdə sui-qəsd həyəcanı: ABŞ rəsmi axtarışda olan İran generalını öldürəcək?
“ABŞ Əhməd Vahidini aradan götürə bilər”
Bu iddianı Yenicag.az-a açıqlamasında politoloq Bakir Həsənbəyli bildirib.

İsrail mediasının yaydığı məlumata görə, İsrail tərəfi ABŞ-yə Yahya Rəhim Səfəvi və Əhməd Vahidini öldürməyi təklif edib.
İddiaların nə dərəcədə doğru ola biləcəyini saytımıza şərh edən B. Həsənbəyli belə bir qərarın müstəsna olduğunu diqqətə çatdırıb:
“İranın ABŞ-nin Yaxın Şərqdəki hərbi qüvvələrinə qarşı əməliyyatlarının Yahya Rəhim Səfəvi və Əhməd Vahidi tərəfindən birbaşa idarə olunduğu barədə uzun müddətdir ki, məlumatlar yayılır. İddiaya əsasən, İranın ali dini rəhbəri hər iki komandirə ABŞ qüvvələrinə qarşı əməliyyatlara birbaşa müdaxilə etmək tapşırığı verib. Lakin İran tərəfi belə bir tapşırığın verildiyini təsdiqləyən fərman və ya açıqlama yaymayıb.
Əhməd Vahidi hazırda SEPAH-ın əsas rəhbərlərindən və İranın hərbi qərarlarının qəbulunda ən təsirli şəxslərdən biridir. Vahidi yüksək səviyyəli hərbi və siyasi toplantılarda iştirak edir və müharibə şəraitində SEPAH-ın qərarvermə prosesində əsas mövqeyə yüksəlib.
Yahya Rəhim Səfəvi isə SEPAH-ın keçmiş baş komandanıdır və uzun müddətdir ali dini rəhbərin hərbi məsələlər üzrə baş müşaviri kimi fəaliyyət göstərir. İranın müharibə dövründəki idarəetmə sistemində Səfəvinin rəhbərlik tərəfindən mütəmadi şəkildə məsləhətləşmələrə cəlb olunduğu, lakin gündəlik hərbi əməliyyatları birbaşa idarə edən şəxs olmadığı bildirilir. Bu məlumat Səfəvinin əməliyyat komandanlığına şəxsən rəhbərlik etməsi iddiasını zəiflədir.
İran son günlər ABŞ-nin Bəhreyn, Küveyt, Qətər, İordaniya və Omandakı hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirir. ABŞ isə cavab olaraq İranın raket sistemlərini, sahil radarlarını, hava hücumundan müdafiə vasitələrini və SEPAH-a məxsus dəniz qüvvələrini hədəfə aldığını bildirir.
İranın hərbi strukturunda ali dini rəhbər Silahlı Qüvvələrin Ali Baş Komandanı hesab olunur. SEPAH-ın gündəlik əməliyyatları isə korpus rəhbərliyi, Aerokosmik Qüvvələr, Hərbi Dəniz Qüvvələri və ‘Qüds’ qüvvəsi daxil olmaqla müxtəlif komandanlıq strukturları vasitəsilə həyata keçirilir.”
Politoloq qeyd edib ki, istər ABŞ, istərsə də İsrail bu şəxsləri aradan götürmək istəyə bilər:
“Buna görə də Vahidinin strateji və əməliyyat qərarlarında əsas rol oynaması real görünsə də, Səfəvi ilə birlikdə bütün anti-ABŞ əməliyyatlarına şəxsən rəhbərlik etməsi ayrıca sübut tələb edir. Lakin bu məsələ İsrailin hədəflərini dəyişmir. İsrail HƏMAS-la başladığı müharibədən öncə təşkilat liderlərinin və hərbi komandirlərin fərdi zərərsizləşdirilməsi prosesinə start verib. Bu proses İran və Livanda da davam edir. O baxımdan, İsrailin ABŞ-yə etdiyi təklif onun hərbi-siyasi mübarizəsinin tərkib hissəsidir.
İrana qarşı müharibədə ABŞ və İsrail hərbi qüvvələri koordinasiyalı şəkildə iştirak etsələr də, hər iki dövlətin bu məsələdə maraqları və planları fərqlidir. ABŞ İranın tam çöküşündə, parçalanmasında maraqlı deyil. Çünki İran ABŞ-nin Yaxın Şərq siyasətində əsas rolun icraçısıdır. Bu günə kimi davam edən münaqişənin səbəbi isə ABŞ-nin 1979-cu ildə İran üçün müəyyən etdiyi ‘qırmızı xətlərin’ molla rejimi tərəfindən keçilməsinə cəhddir.
Lakin o da inkar edilməməlidir ki, bu layihənin pozulmasındakı əsas rollardan biri Əhməd Vahidiyə aiddir. Məsələyə məhz bu prizmadan baxsaq, Vahidinin aradan götürülməsi planı ola bilər. Onu da nəzərə almaq lazımdır ki, Vahidi terrorçu kimi axtarışdadır. ABŞ bu məsələni də əsas gətirərək Vahidinin aradan götürülməsi qərarını verə bilər. Proses Qasim Süleymani ilə bağlı həyata keçirilən əməliyyat kimi sonuclana bilər.”
Nurlan Cəfəri













