Təhsildə süni intellekt inqilabı: 2.5 milyonluq yeni layihə məktəblərə və müəllimlərə nə vəd edir? - AÇIQLAMA
Elm və Təhsil Nazirliyi məktəblərdə süni intellektin tətbiqi üçün 2.5 milyon manata yaxın (2 499 299 AZN) vəsait ayırır. Layihəyə əsasən, məktəblərdə şagirdlərin giriş-çıxışına və davamiyyətinə süni intellektlə nəzarət ediləcək, şagirdlər üçün fərdi öyrənmə proqramları hazırlanacaq və müəllimlər üçün avtomatlaşdırılmış qiymətləndirmə platforması qurulacaq.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri layihənin effektivliyi, mümkün riskləri və təhsilin keyfiyyətinə təsirləri barədə danışıb.

Ekspert qeyd edib ki, məktəblərdə “süni intellektli nəzarətçi” və “avtomatik qiymətləndirmə” sistemlərinin qurulması təhsilin keyfiyyətinə birbaşa müsbət təsir göstərəcək. Çünki bu, beynəlxalq təcrübədə uğurla sınaqdan keçmiş bir mexanizmdir:
“Ümumiyyətlə, süni intellektin məktəb daxilində müəllim üçün əsas missiyası ona qiymətləndirmə prosesində yardımçı olmaqdır. Bu sistem müəllimdə şagird diferensiasiyası (şagirdlərin fərdi xüsusiyyətlərinə görə ayrılması) və administrativ tapşırıqları optimallaşdırmaq vərdişlərini gücləndirmək imkanına malikdir. O, həmçinin müəllimə dərslərə daha maraqlı məzmun və innovativ aspektdən hazırlaşmaq imkanı yaradır.”
E. Nurinin sözlərinə görə, süni intellekt təkcə müəllimlər üçün deyil, həm də şagird və valideynlər üçün də müəyyən imkanlar açır:
“Valideynlərin şagirdlərin dərslərə hazırlaşmasına kömək etməsi və onlara nəzarəti düzgün təşkil etməsi də bu alətlərin əsas missiyalarından biridir”.
Bu gün bir çox məktəblərdə hələ də elementar rəqəmsal infrastruktur və sürətli internet problemlərinin yaşandığı bir vaxtda, bu qədər böyük vəsaitin birbaşa süni intellekt layihəsinə yatırılmasının effektivliyinə toxunan tədqiqatçı mərhələli keçidin tərəfdarı olduğunu bildirib:
“Reallığa nəzər saldıqda, bu problemin qoyuluşunu tamamilə doğru hesab edirəm. Süni intellekt alətlərinin uğurlu tətbiqi hazırda yalnız pilot məktəblərdə yoxlanılmalı və əldə olunan, təcrübədən keçirilən müsbət nəticələr daha sonra ümumiişlək formada bütün təhsil ocaqlarına şamil edilməlidir. Belə olarsa, biz daha uğurlu nəticələr görə bilərik.
Üstəlik, bir detalı da nəzərə alaq məktəb mühitində şagird və müəllimlərin, eləcə də valideynlərin süni intellektdən uğurlu istifadə etmək vərdişləri hələlik yüksək səviyyədə deyil. Odur ki, bu prosesə bir neçə mərhələdə yanaşmaq, ilkin etapda düzgün istifadə bacarıqlarının formalaşmasına diqqət yetirmək lazımdır. Layihənin həyata keçəcəyi məktəblərdə öncə xüsusi kurs və təlimlərin təşkili çox zəruridir.”
Şagirdlərin fərdi məlumatlarının və məktəbə giriş-çıxış görüntülərinin süni intellekt platformasında toplanmasının yarada biləcəyi risklərə gəlincə, ekspert bu sistemin əsasən valideynlərin rahatlığı üçün nəzərdə tutulduğunu vurğulayıb:
“Süni intellektin təhsil mühitində tətbiqi ilə bağlı prinsiplər “təhsil üçbucağı” adlanan şagird, müəllim və valideyn üçlüyünün faydalanması istiqamətində hazırlanıb. Bu üçbucağın əsas tərəflərindən biri olan valideynlər üçün süni intellekt alətləri daha çox övladlarına məsafədən nəzarət etmək baxımından vacibdir. Beynəlxalq təcrübədə olduğu kimi, yerli təhsil müəssisələrində də süni intellektin valideynlər üçün tətbiq missiyasını məhz bu cür görürəm. Kibertəhlükəsizlik və gizlilik tərəfləri ilə bağlı risklərə gəldikdə isə, bu sahəyə aid mütəxəssislərin rəy bildirməsi daha doğru olardı”.
Məsimə Məmmədova













