!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aqil Ələsgər türk telekanalında 15 iyul və 2 yaşlı Zəhradan danışdı - Müsahibə

!Reklam – Yazi

Yenicag.az Analitik İnternet Qəzetinin baş redaktoru, “Terrorun Gülən üzü” və “Sessiz işgal” kitablarının yazarı Aqil Ələsgər 15 iyul çevrilişi ilə bağlı Türkiyənin Çay TV-yə müsahibə verib.

Müsahibəni təqdim edirik:

– Aqil bəy, siz Azərbaycanda jurnalistsiniz. Sizinlə daha əvvəl tanış olmuşduq, Həsən və Sinan bəylə birgə görüşmüşdük. Bildiyim qədəriylə, 15 iyulla bağlı sizin də əhəmiyyətli işləriniz, kitablarınız var. Bu barədə nələr demək istərdiniz?

– İlk növbədə qeyd edim ki, 15 iyul gecəsini adlarını sadaladığınız Həsən bəy və Sinan bəylə birlikdə Konyada yaşadıq. İşğalçılar istəklərinə çatsaydılar, biz cənab baş nazir Binəli Yıldırımın sonuncu görüşdüyü jurnalistlər olacaqdıq. Çankayada görüş keçirildi, daha sonra Konyaya getdik və bir neçə saat sonra məlum çevrilişə cəhd xəbərini eşitdik. Bu, hadisə birbaşa Türkiyəyə qarşı bir işğal layihəsi idi. Türkiyəni işğal etmək istədilər və qazi türk xalqının iradəsiylə qarşı-qarşıya gəldilər. Proqnozlaşdırmadıqları bir məsələ var idi: cənab prezident Rəcəb Tayyip Ərdoğanın iradəsi və mübarizəsi. Beləliklə, işğal planı həyata keçmədi.

– Sizin bu məsələ ilə bağlı əhəmiyyətli kitablarınız var. “Terrorun Gülən üzü” və “Sessiz işgal” adlı əsərlərin müəllifisiz. Bu kitabları yazdıqdan sonra Azərbaycanda hansı reaksiyalarla qarşılaşdınız?

– Belə deyim, mən dünyada ən yüksək məbləğdə təzminat tələb edilən jurnalistlərdən biriyəm. Məhkəməyə verdilər, barəmdə 2,5 milyon dollar pul cəzası kəsdilər. FETÖ-nun, Gülən təhlükəsinin Türk dünyasına, xüsusilə də Türkiyəmizə və Türkiyəmizin başda Azərbaycan olmaqla, Orta Asiya, Rusiya və digər ölkələrlə münasibətlərinə zərbə vurduğunu 2000-ci illərin əvvəlindən deyirəm və yazıram. Dəfələrlə məhkəməyə verdilər, təhdidlər yağdırdılar, ancaq biz bu yola kəfənimizi geyərək çıxdığımız üçün heç bir zaman geri çəkilmədik. Çox istərdik ki, bu məsələlərdə haqsız çıxaq. Kaş 2007-2008-ci illərdə yazdıqlarımızda haqsız olaydıq və Türkiyə xalqı belə günlər yaşamayaydı. Ancaq təəssüf ki, vaxtilə onlar özlərini çox yaxşı gizlətdilər. Fətullah Gülənin dediyi kimi dövlətin kapilyar damarlarında elə bir hərəkət etdilər ki, hiss edən olmadı. Hiss edilmədikcə də təhlükə daha da böyüdü. 15 iyulda Məclisin və türk xalqının üzərinə bombalar yağdıraraq, maskalarını çıxartdılar. Bəli, təəssüf ki, FETÖ təhlükəsi bu gün də həm Türkiyə üçün, həm Azərbaycan üçün, həm də türk dünyası üçün davam edir. Düzdür, məsələ ilə bağlı Türkiyə və Azərbaycanda vacib addımlar atılır. Məsələn, bir neçə gün əvvəl FETÖ-nun Azərbaycandakı önəmli iş adamalarından-imamlarından biri Türkiyədə saxlanıldı və həbs edildi. Ancaq bu insanlar özlərini gizlətməyi çox yaxşı bacarırlar. Bunlara qarşı hər zaman startda dayanmaq, fürsət verməmək lazımdır. Çünki bir balaca rahatlıq tapan kimi öz istəklərini, pis əməllərini yerinə yetirməkdə heç bir tərəddüd etmirlər.

– Bəs Azərbaycanda hansı tədbirlər görülür? Azərbaycan hökuməti də Türkiyə hökuməti kimi sərt tədbirlər görürmü?

– Azərbaycanda bu məsələdə hələ 2006-cı ildə bir çox addımlar atılmışdı. Təəssüf ki, o dövrün Türkiyə xarici işlər naziri Azərbaycana gələrək, bunları öz qanadı altına aldı. Ancaq Azərbaycanda 15 iyuldan sonra onların media qurumları, iş adamları dərnəyi bağlandı. Bu istiqamətdə bir sıra addımlar atıldı. Bu addımlar birbaşa Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirildi. Əliyevin bu məsələdəki mövqeyi aydındır. Bildiyimiz qədəriylə, bu günə kimi Türkiyəyə, Rəcəb Tayyip Ərdoğana ən böyük dəstək cənab İlham Əliyev tərəfindən verilib.

– Xüsusilə də 2008-ci ildən sonra sizi təhdid edənlər oldumu?

– Təbii ki, təhdid etdilər. FETÖ-nun ən önəmli imamları Elnur Aslanov, Fərhad Məmmədov və digərləri dövlət qurumlarında vəzifədə idilər. Biri Prezident Aparatında oturmuşdu, o biri millət vəkili idi. O vaxtlar bunlar daha rahat fəaliyyət göstərirdilər. Məni həm Azərbaycan, həm Türkiyə dövlətinin düşməni elan etdilər. Mən dövlətin qara siyahılarındaydım. Heç bir vaxt Azərbaycana, yəni öz dövlətimə və qardaş dövlət Türkiyəyə qarşı bir cümləm, bir fəaliyyətimin olmadığı halda, sırf bunlar istəyir deyə, blok edilmişdim.

– Bəs bu adını çəkdikləriniz hal-hazırda Azərbaycanda vəzifədədirmi? Yoxsa vəzifələrindən azad ediliblər?

– Bu şəxslər xüsusilə də Elnur Aslanov, cənab İlham Əliyevin əmriylə 2014-cü ildə 17-25 dekabrda həyata keçirilən ilk uğursuz çevriliş cəhdində vəzifədən xaric edildi.

– Hal-hazırda Milli Məclisdə və ya dövlətin digər strukturlarında bilinən və ya sadəcə sizin bildiyiniz ali səviyyədə FETÖ-çu varmı?

– Nazir müavinləri, kripto millət vəkilləri var. Ancaq dövlətimizin bu problemi tamamilə həll edəcəyinə inamımız tamdır.

– Sizin bildiklərinizi Azərbaycan hökuməti bilmir, ya da siz onlara bu məsələ ilə bağlı məlumat vermirsiniz?

– Təbii ki, biz əlimizdəki məlumatları hər zaman dövlətimizlə, hökumətimizlə bölüşməyə hazırıq və onsuz da bu mövzuda yazırıq. Ara-sıra bu məsələlərə toxunuruq və bildiririk ki, FETÖ-yə qarşı ən böyük zərbə pul mənbələrinin kəsilməsi olacaq. Biz xəbərdarlıq edirik. Ancaq necə ki biz jurnalist olaraq öz işimizi görürük, dövlətin də özünəməxsus bir proseduru var. Türkiyədə də əməliyyatların, irəliləyişlərin sürətli bir şəkildə aparılmasını istəyirik, ancaq bu proses mərhələ-mərhələ davam edir. Bu mövzuda Azərbaycan dövlətinin də effektiv işlər gördüyünü bilirik, eşidirik və izləyirik.

– Hansısa məsələdə özünü inkişaf etdirmiş, ixtisaslaşmış və ya çoxlu xəbər qaynağı əldə etmiş bir jurnalist o ölkə ilə bağlı kəşfiyyat məlumatları ala bilir. Türkiyədə hələ də yüksək vəzifədə olan FETÖ-çular varmı?

– Biz Türkiyədə baş verənləri mediadan izləyirik, FETÖ-nun siyasi qanadı ilə bağlı bəzi şübhəli məqamların olduğunu eşidirik. Ancaq qardaş da olsaq xarici ölkənin vətəndaşı kimi Türkiyənin daxili işinə həddən artıq müdaxilə etməyin doğru olmadığını düşünürəm. Amma FETÖ məsələsində hər kəsin xüsusilə də siyasətçilərin Ərdoğan kimi inanaraq, mübarizə aparmasını istəyirik.

– Sualı bu mənada verdim: bəzi jurnalistlər ölkələrlə bağlı önəmli məlumatları əldə edə bilirlər. Buna görə soruşuram ki, Türkiyədə də hələ FETÖ-çu olduğunu bildiyiniz vəzifəli şəxslər varmı?

– Bir çoxlarının kürəkənləri saxlanıldı. Məncə, bu məsələnin üzərinə getmək lazımdır.

– 15 iyuldan sonra Azərbaycan xalqının Türkiyəyə qarşı münasibəti necə oldu?

– Bir həftə əvvəl Azərbaycanda Ermənistanın silahlı qüvvələri tərəfindən 2 yaşlı Zəhra adlı uşaq nənəsi ilə birlikdə vəhşicəsinə qətlə yetirildi. Yəni bir həftə əvvəl Xocalı qətliamı 2 yaşlı bir körpənin simasında təkrar yaşandı. Bu məsələdə bütün dünya səssiz qaldı, “üç meymun” rolunu oynadı. Amma Türkiyənin bütün siyasətçiləri, ziyalıları istər sosial mediada, istərsə də televiziya kanallarında Azərbaycan xalqının yanında olduqlarını söylədilər. Söhbətimizin əvvəlində Həsən bəygillə birlikdə 15 iyula şahid olduğumuzu söylədim. Bəli, o gecə Həsən bəygil hansı saata qədər yatmadılarsa, mən də bir azərbaycanlı qardaşları olaraq yatmadım, birlikdə hadisələri izlədik. Təxminən 48 saat gözümüzü yummadıq. O anlarda Azərbaycanda bir çox insan Türkiyə səfirliyinin qarşısına gəldi, bir çoxları isə kompüter başında Türkiyə üçün həyəcan, narahatlıq keçirtdilər. Azərbaycan xalqı Türkiyə üçün yatmadı, Türkiyə üçün dua etdi. Türkiyənin əhəmiyyətli dəyərlərindən biri olan Rəcəb Tayyip Ərdoğanın qorunması üçün dua etdi. Biz bir millət iki dövlət olduğumuzu dar gündə də göstərməyi bacaran bir millətik.

– Aqil bəy, Azərbaycanda jurnalistika ilə məşğulsunuz, tez-tez Türkiyəyə də gəlirsiniz. Burada dostlarınız var. Biri elə Həsən bəy, digəri isə bizim baş redaktorumuz Sinan bəydir. Yəqin ki, fikir mübadiləsi edirsiniz, sizcə Türkiyədə jurnalist olmaq asandır, yoxsa Azərbaycanda?

– Belə deyim, normal jurnalist olmaq dünyanın hər yerində çətindir. Çünki jurnalist vəzifəsini icra etdiyi müddət heç vaxt sevilməz. Həqiqi jurnalistika çətin və məşəqqətli işdir. “Onu tərifləyim”, “bunu tərifləyim” desən, hamı səni sevəcək, amma jurnalistlik etmiş olmayacaqsan. Araşdırmalar aparsan, həqiqət detallardadır deyərək, həqiqi jurnalistliyə can qoysan dünyanın hər yerində çətindir.

– Aqil bəy, dəvətimizi qəbul etdiyiniz üçün çox təşəkkür edirəm. Xüsusilə, “Terrorun Gülən üzü” kitabınız mənə çox maraqlıdır. “Sessiz işgal”ı da oxumaq istəyirəm. Bu kitabları Türkiyədə yayımlamaq üçün bir addım atmısınızmı?

– “Sessiz işgal” Türkiyədə “Kırmızı kedi” yayım evində çap edilib. Hal-hazırda da Türkiyədə bütün kitab satılan yerlərdə var.

– Bəs “Terrorun Gülən üzü”?

– “Terrorun Gülən üzü” Azərbaycanda çap edilib, azərbaycan dilindədir. “Sessiz işgal” isə Türkiyədə çap edilib və Türkiyə türkcəsindədir.

– Onda inşallah, qısa müddətdə “Terrorun Gülən üzü”nü də Türkiyə türkcəsində çap edərsiniz və bizim də oxumağa fürsətimiz olar. Qatıldığınız üçün bir daha təşəkkür edirəm, çox əhəmiyyətli mövzulara toxundunuz. Uğurlarınızın davamını diləyirəm.

Söhbəti qələmə aldı: Aytək Yusifsoy

Yenicag.az

COP29

www.yenicag.az

4369
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv