"Tramp keçmiş liderləri ittiham edəcək, Baydeni hədəf alacaq" – ŞƏRH
ABŞ Prezidenti Donald Tramp iyulun 16-da xalqa müraciət edəcək.
Məlumata görə, televiziya vasitəsilə yayımlanacaq müraciətdə dövlət başçısı müxtəlif mövzulara, o cümlədən ABŞ-İran münaqişəsinə toxunacaq.
Tramp hansı mövzulara toxunacaq? Auditoriyaya hansı siyasi mesajlarla özünü sübut etməyə çalışacaq? Bu və digər sualların cavabını politoloq Məhəmməd Əsədullazadə Yenicag.az-a açıqlamasında şərh edərək liderin ehtimal olunan müraciət mövzularını sadalayıb:
“ABŞ Prezidenti Trampın xalqa müraciətində xüsusilə İranla müharibədə artıq qalib gəldiyini və Amerikanın bütün dünyanın hörmət etdiyi supergücə çevrildiyini bəyan edəcəyi gözlənilir. Bundan başqa, o, seçkilərdə demokratların Konqresdə yer almaq üçün apardığı siyasət barədə xalqa izahatlar verəcək və dünyada sülhü qoruduğunu bəyan edəcək.
Həmçinin ehtimal edilir ki, Tramp yeni dünya nizamında Amerikanın rolunu daxili auditoriyanın diqqətinə çatdırmağa çalışacaq. Böyük ehtimalla o, keçmiş ABŞ liderlərini ittiham etməyi də unutmayacaq; Baydeni tənqid edərək özünün apardığı siyasətin analoqu olmadığını vurğulayacaq. İqtisadiyyatın inkişaf etdiyini, Amerikanın səmərəsiz təşkilatlara və ölkələrə artıq pul ayırmadığını qeyd edəcəyini və “Amerika yalnız amerikalılar üçündür” şüarını təkrarlayacağını ehtimal edirəm”.
Nurlan Cəfəri













