“Arqumentiniz yoxdursa, susun!” – İqtisadçıdan Gömrük Komitəsi və deputata sərt "SİSTEM" CAVABI
“ASAN Xidmətin indi rüsumla verdiyi sənədi 20 il öncə rüşvətlə alırdıq”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Respublikaçı Alternativ Partiyasının (REAL) Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli bildirib.

Partiya rəhbəri Dövlət Gömrük Komitəsinin (DGK) fəaliyyətini tənqid edən yazısına qurumun və Milli Məclisin deputatı Kamal Cəfərovun verdiyi cavaba etiraz edib:
“Dövlət Gömrük Komitəsi ilə bağlı ciddi diskussiyanın yaranmasını, qurumun reaksiya verməsini və bəzi deputatların bu prosesə qoşulmasını müsbət qiymətləndirirəm. İstənilən halda belə müzakirələr olmalıdır, lakin qarşı tərəfin arqumentləri çox zəifdir. Mənim tezislərim sadədir: dünyanın nadir ölkələrində Gömrük Komitəsi ayrıca bir qurum kimi fəaliyyət göstərir, öz istintaq orqanlarına və nəzarət funksiyalarına malik olur. Türkiyədə belə, bu qurum Ticarət Nazirliyinin tərkibindədir, Gürcüstanda isə Maliyyə Nazirliyinə tabedir”.
N. Cəfərli qeyd edib ki, əgər 20 il öncə hər hansı sənədi rüşvətlə, indi isə dövlət rüsumu ilə alırıqsa, deməli, məsələ şəxslərdə deyil, sistemdədir:
“Bu komitənin müstəqil qurum kimi qalmasını niyə bu qədər israrla müdafiə edirlər? Deməli, burada müəyyən maraqlar var. Həm komitədən, həm də deputat Kamal Cəfərovdan gələn açıqlamalar göstərir ki, məsələni fərdlərə bağlamağa çalışırlar. Guya problem strukturda deyil, kadr deyil. Bu, Stalinin ‘kadrlar hər şeyi həll edir’ yanaşmasına bənzəyir. Mənim tezisim isə odur ki, kadrlar heç nəyi həll etmir, hər şeyi sistem həll edir.
Bunun örnəkləri elə Azərbaycanda var. 25 il öncə məişət korrupsiyası pik həddə idi; bir arayış almaq, xarici pasport dəyişmək rüşvətsiz qeyri-mümkün idi. Amma “ASAN Xidmət” yarandı, sadə bir sistem dəyişikliyi ilə korrupsiya yox oldu. Eyni azərbaycanlı 20 il öncə rüşvət alırdı, indi isə gülərüzlə xidmət göstərir. Gömrük də belə olmalıdır: vətəndaşla təmas minimuma enməli, elektronlaşmalı və “gözəgörünməz” olmalıdır”.
İqtisadçı əlavə edib ki, mövcud Gömrük Məcəlləsi iqtisadi inkişafa deyil, ölkədəki bahalığa xidmət edir:
“Yeni Gömrük Məcəlləsi qəbul olunmalı və bu, çoxsahəli iqtisadi modelə keçidi təşviq etməlidir. Mənim opponentlərim isə məsələni şəxsiləşdirməyə çalışırlar. Bu, absurd və yanlışdır. Arqumentlərimə rəsmi qurumdan və hörmətli deputatdan əsaslı əks-tezis gözləyirdim, lakin təəssüf ki, görmədim”.
Nurlan Cəfəri












