Naqif Həmzəyev: "14 iyul Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir"
Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Ulu Öndər Heydər Əliyev epoxasının müstəsna yeri vardır. Ümummilli Liderin ölkəmizdə birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolla daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünyaşöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb.
Ümummilli Liderimizin xalqa xidmətlə keçən mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir. Türk dünyasının böyük oğlunun dövlət xadimi kimi formalaşmasında ötən əsrin 50-60-cı illəri həlledici rol oynayıb. Məhz həmin illərdə vəzifə pillələrində yüksəlməsi ona Sovet dövlətçiliyinin mahiyyətinə dərindən bələd olmaq imkanı verirdi. O dövrdə milli kadrlar idarəetmədə mühüm qərarlar qəbul edə bilmirdi, dövlət təhlükəsizliyi orqanlarında isə vəziyyət milli mənafelər baxımından olduqca acınacaqlı idi.
Dahi şəxsiyyət Heydər Əliyev müəyyən taktiki addımlarla mənsub olduğu xalq üçün strateji planları həyata keçirməyə çalışırdı. Bunlardan birincisi xalqı özünə tanıtmaq, onun etno-kulturoloji həyatını bərpa etmək idi. Böyük rəhbər bütün ideoloji və siyasi maneələrə sinə gərərək, Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürdü, ictimai şüurdakı qorxunu aradan qaldırdı, cəmiyyəti gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırdı. Hər bir Azərbaycan vətəndaşına bu xalqın nə vaxtsa öz azadlığına qovuşacağına dair sarsılmaz inam aşılandı. Ulu Öndərimiz xalqın şüurunda məhz bu inqilabi dəyişikliyi yarada bildi.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev bildirib ki, Heydər Əliyevin hakimiyyətə ilk gəldiyi dövr Azərbaycanın özünə inamının bərpa olunduğu, xalq olaraq inkişaf prosesinin birinci mərhələsinin başlandığı dövrdür:

“Görkəmli dövlət xadiminin ölkəmizə rəhbərliyinin birinci dövrü, eyni zamanda milli özünüdərkin oyanmasının, soy-kökə qayıdışın başlanğıcıdır. Onun bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı.
Müstəqilliyi əldə etmək üçün möhkəm təməl və güclü iqtisadiyyat lazım idi. Azərbaycanda geridə kalmış aqrar sahəni inkişaf etdirmək, ölkəni Sovetlər İttifaqı daxilində qabaqcıl sıralara çıxarmaq tələb olunurdu və Ulu Öndər çətin də olsa, buna nail oldu. O, bütün kolxoz və sovxozları müntəzəm gəzərək geriləmənin səbəblərini araşdırır, kənd təsərrüfatı alimlərini, mütəxəssisləri və kənd sakinlərini vahid bir hədəf ətrafında səfərbər edirdi. Nəticədə, kənd təsərrüfatı istehsalı 1965-ci illə müqayisədə 43%, ümumi artım isə 25% yüksəldi. Bu, həmin dövr üçün olduqca böyük bir göstərici idi”.
Deputat qeyd edib ki, ötən əsrin 50-ci illərindən sonra SSRİ-də başlanan sənayeləşmə prosesinin Azərbaycandan yan keçməsi ölkədə işsizliyin artmasına və gənclərin digər respublikalara axınına səbəb olurdu:
“Heydər Əliyevin rəhbərliyi ilə bu sahədə əldə edilən inkişaf milli kadrların ölkədə qalmasına və Azərbaycanın tərəqqisinə töhfə verməsinə şərait yaratdı. Ulu Öndərin təşəbbüsü ilə SSRİ-nin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı gənc təhsil almağa göndərildi. Halbuki, ondan əvvəl bu göstərici çox aşağı idi və xaricə daha çox qeyri-azərbaycanlılar göndərilirdi. İttifaqın ən nüfuzlu universitetlərində təhsil alan həmin gənclər sonradan vətənə qayıdaraq respublikanın iqtisadi və elmi potensialını gücləndirdilər.
Bütün bunlarla yanaşı, Bakı Dövlət Universitetinin yubiley tədbirində Ulu Öndərin ana dilində çıxış etməsi cəmiyyətdə Azərbaycan dilinə sevgini, məhəbbəti artırdı. O, rəsmi dövlət tədbirlərində ana dilində çıxış etmək olarmı? sualına öz fəaliyyəti ilə əməli cavab verdi. Bu addım milli dilimizin inkişafına çox böyük təkan verdi.
Bir sözlə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyinin birinci dövründə Azərbaycan tənəzzüldən inkişafa keçdi, milli şüur və özünüdərk prosesi sürətləndi. Məhz bu illərdə gələcək müstəqilliyimiz üçün sarsılmaz zəmin yarandı. 14 iyul 1969-cu il bizim üçün tarixi bir gündür; bu günü daim xatırlamalı, onun əhəmiyyətini gələcək nəsillərə ötürməliyik”.
Nurlan Cəfəri













