Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Ramiz Taxvelinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Yenicag.az “Trend.az”a istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə qərarı elan olunub.
Qərara görə, R.Taxvelinin barəsində olan cinayət işi üzrə icraat dayandırılıb.
Ekspertizanın rəyinə görə, R.Taxveli hadisəni törədən zaman anlaqsız vəziyyətdə olub.
İttihama görə, 2018-ci il dekabrın 9-da Nəsimi rayonu, R.Behbudov küçəsində yaşayan R.Taxveli həyat yoldaşı Adelya Taxvelini 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin balkonundan atıb.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar zamanı kişinin cinayəti narkotik qəbulu nəticəsində psixi pozğunluq halında törətdiyi müəyyən olunub. R.Taxveliyə məxsus avtomaşına baxış keçirilərkən kibrit qutusunda çəkisi 5.647 qram olan qurudulmuş marixuana aşkar edilib.
O, dekabrın 9-u axşam saat 22 radələrində marixuana qəbul edərək arvadı Adelyanı yuxudan oyadaraq döyüb, ona işgəncə verib və balkondan atıb.
Qətlə yetirilən A.Taxveli isə “Atəşgah Sığorta” şirkətinin əməkdaşı olub.
İstintaq orqanı tərəfindən R.Taxvelinin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
www.yenicag.az