Asim Vəliyev: “Şəffaflıq yalnız QHT-lər üçün yox, hər kəs üçün keçərli olmalıdır“
“Ölkəmizdə 3-cü sektor olan QHT-lərə tətbiq olunan nəzarət mexanizmləri, şəffaflıq tələbləri və hesabat sistemləri çox təqdirəlayiqdir. Layihə mərhələsindən tutmuş son maliyyə vəsaitinin xərclənməsinə qədər hər addım izlənilir. Bu nəzarət mexanizmi eyni səviyyədə bütün dövlət qurumlarına, bələdiyyələrə və digər strukturlara da tətbiq olunarsa, bu gün rüşvət və korrupsiya adlı problem barədə danışmağa belə ehtiyac qalmaz”.
Yenicag.az xəbər verir ki, bunları “Gənclərin Töhfəsi” ictimai birliyinin sədri Asim Vəliyev səsləndirib. O deyib ki, şəffaflıq yalnız QHT-lər üçün yox, hər kəs üçün keçərli olmalıdır:
“Hesabatlılıq təkcə vətəndaş cəmiyyətindən tələb olunmamalıdır. Dövlət qurumları da xalq qarşısında cavabdehdir”.
İctimai birlik sədrinin sözlərinə görə, eyni prinsipiallıq və diqqət büdcə vəsaitlərinin idarəsində, tender proseslərində, vəzifə təyinatlarında və icra mexanizmlərində də olsa, cəmiyyətin inamı daha güclənər:
“Qısası, ədalətli nəzarət sistemi seçici olmamalıdır. Seçici olduqda nəticə ədalətli olmur”./newscenter.az













