Yağışların normadan artıq düşməsi Astara rayonunda sürüşmə zonalarını aktivləşdirib.
Yenicag.az xəbər verir ki, son zamanlar cənub bölgəsində normadan artıq yağışların yağması Astarada müəyyən sürüşmə zonalarını aktivləşdirib. Rayonun Şiyəkəran kəndində, Məscid məhəllə deyilən ərazidə baş verən torpaq sürüşməsi nəticəsində bir neçə ev üçün təhlükəli vəziyyət yaranıb. Sakinlərin sözlərinə görə, 3–5 metr cərgədə əkilən sitrus və digər meyvə ağacları torpaq sürüşməsi nəticəsində çaya tökülüb. Onlar bildirirlər ki, əvvəllər sürüşmənin qarşısını almaq üçün çay ətrafında, yamaclarda ağaclar əkiblər. Lakin güclü sel həmin ağacları kökündən qopararaq aparıb.
Artıq aidiyyatı orqanların nümayəndələri əraziyə baxış keçiriblər. Astara Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Fərid Yusubov bildirib ki, ötən il həmin ərazidə görülən işlər nəticəsində sürüşmənin qarşısını müəyyən qədər almaq mümkün olub. Yaxın günlərdə həmin istiqamətdə işlər davam etdiriləcək.
www.yenicag.az