!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Atanın doğum günündə şəhidlik hədiyyəsi

!Reklam – Yazi

Adil Adilzadə 1993-cü ilin 17 aprel tarixində Mingəçevir şəhərində anadan olub. Orta təhsilini də nur şəhərində alıb. Futbolçu olmaq istəyib. Futbol sevgisi onu 9-cu sinifdən məktəbdən çıxmağa məcbur edib. Futbolçu karyerası qura bilməyən Adil Adilzadə 18 yaşı tamam olanda hərbi xidmətə yollanıb. Adilin hərbi xidməti Haramı düzündə, Xocavənd yüksəkliyi ilə üzbəüz keçir. Əsgərliyi başa vurub evə qayıtdıqdan sonra yenidən hərbiyə dönmək istəyir. MAXE (Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu) kimi hərbiyə qayıtmaq istəyən Adili bir neçə dəfə atası Kamran Abdullayev bu yoldan döndərib. Kamran kişi sanki əvvəlcədən hiss edirmiş ki, bu iş oğlunu əlindən alacaq. 2014-cü il avqust hadisələri zamanı Adil arzusunu yenə də dilinə gətirib. Ancaq atası Kamran Abdullayev bu dəfə də oğluna icazə verməyib.

Adil Adilzadənin atası Kamran Abdullayev Adil oğlu (şəhid Adil Adilzadə soyadını babasının şərəfinə götürüb) ilə 2014-cü ilin avqust ayından sonra ata və oğul arasında böyük söz-söhbət olur. Nəhayət, Kamran kişi oğlunun hərbiyə getməsinə xeyir-dua verir. Ordu sıralarına yazılan Adil Adilzadə xidmətini cəbhə bölgəsində keçir.

Hərbi xidməti barədə evdə heç nə danışmayan Adil Adilzadə valideynləri ilə əlaqə saxlayanda özünün və oradakı vəziyyətin yaxşı olduğunu deyirmiş. Adil təkcə Kamran kişinin yox, Abdullayevlər ailəsinin tək davamçısı olub. Nəsildə Adildən başqa oğlan uşağı olmayıb.

Sonuncu dəfə Kamran kişi oğlu ilə mart ayının 31-də 18:00-da telefonla danışıb. Telefon danışıqları o qədər də ürəkaçan olmayıb.

Atası “alo” deməmiş oğlu telefonda “Ata, bax niyə zəng eləmisən? Demişəm axı, hər şey yaxşıdı”.

Atanın cavabı isə belə olur: “Yaxşı eləmişəm, oğlumsan, dedim bir səsini eşidim”.

Adil atasına “ata, mən burada vətən qoruyuram, kefə gəlməmişəm”, deyir.

Kamran kişi oğunun əsəbi olduğunu səsindən anlayıb, “bala, sənə də qurban olum, vətənə də, amma ata olanda niyə hər gün zəng elədiyimi anlayacaqsan”, deyərək, telefonu söndürür.

Adil hərbi əməliyyatın keçiriləcəyini bilirmiş və valideyinlərini narahat etməmək üçün tələsik şəkildə atasını “yola” verib.

Əməliyyat başlayır. Leytenant Qabil Orucəliyev, baş leytenant Dədəkişiyev Cavid və Adil ön sıralara keçib, döyüşə-döyüşə irəli gediblər. Qabil, Cavid və Adil 17 erməni öldürüb, bir postu alıblar. Öz silahlarında güllə qurtarıb, ermənilərin güllələrini götürərək, onları atəşə tutublar.

Aprelin 1-i səhər Kamran kişi işə getmək üçün hazırlaşır. Silah səsləri Mingəçeviri də bürüyübmüş… Kamran kişi mərmi səsləri gəldikcə, Adilə zəng etməyə başlayır. Ancaq oğluna zəng çatmır. Balasından nigaran, bir qədər də əsəbi olan Kamran kişi iş yerinə çatır. Yenə, yenə zəng edir… amma bir nəticə olmur. Oğlundan nigaran qalan ata Tərtərə gedir. Ancaq polislər ön xəttə getməyə imkan vermirlər. Kamran kişi oğlunun adını və soyadını polislərə verir ki, bir xəbər olsa ona zəng edib bildirsinlər. Bunun adı ümidsilik, bəlkə də bir ümiddir, ancaq daha çox çarəsizlikdir. Hər keçən dəqiqə Kamran kişi oğlunun başına bir iş gəldiyini sanki hiss edir. Kamran kişinin və Adilin dostları Adilin şəhid olduğunu bilirlər. Ancaq bunu atadan gizlədirlər. Onların qəribə davranışları Kamran kişini daha da narahat edir.

Kamran kişinin ad gününə – 9 aprelə qədər Adilin şəhid olduğunu ondan gizlədirlər. Oğlundan xəbər almayan Kamran kişi durmadan oğluna zəng edir, ancaq cavab ala bilmir. Bilənlərsə risk edib deyə bilmir. Ta ki aprelin 9-na qədər hamı susur. O gün isə ataya “ad günü hədiyyəsi” edilir: dostları Adilin şəhid olduğunu deyirlər. Donur, susur, ağlamaq istəyir, bacarmır, sonradan isə göz yaşları selə dönür…

Kamran kişi xəbər tutur ki, oğlunun cənazəsi Bərdə rayonundadır. Dostları ilə Bərdəyə yollanır. Əvvəlcə oğlunun meyitini ona göstərmək istəmirlər. Ata isə rahatlıq tapmır. Nəhayət, çox isrardan sonra Adilin üzünü göstərirlər. Oğlunun bədəninin salamat olduğunu görən şəhid atasının sanki çiyinlərindən yük götürülür. Oğlunun şəhid olması bir dərd, düşmənin meyitə işgəncə verəcəyindən də qorxmaq başqa bir dərd imiş.

Adil Adilzadə subay olub. Şəhid olmasa idi, doğum günündə subaylığın daşını atacaqdı. Adil Novruz bayramında evə gəlir. Bibisi qızını bəyəndiyini anasına deyir. Qayıdanda isə aprelin 17-si ad gününü qeyd etmək üçün evə gələcəyini bildirir. Ailədə isə plan qurulur ki, bibisi qızının “hə”sini alıb, Adilə ad günündə hədiyyə etsinlər. Sən saydığını say, gör fələk nə sayırmış…

Adil nə öz ad gününə çata bilir, nə də ailənin ona “hə” hədiyyəsini ala bilir. Əksinə olur, atasının doğum günündə ona ömrü boyu unudulmayacaq bir “hədiyyə” verir: özünün şəhidlik xəbərini…

Səxavət Məmməd

COP29

www.yenicag.az

4022
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv