Bakıda keçirilən D-8 Media Forumu: "Azərbaycan informasiya mühitində dinamik inkişaf edən beynəlxalq mərkəzə çevrilib"
“Forum iştirakçılarının öz çıxışlarında Bakını “inkişafın və modernləşmənin simvolu” kimi təsvir etmələri Azərbaycanın həm media sahəsində, həm də qlobal proseslərdə etibarlı tərəfdaş kimi qəbul olunduğunu təsdiqləyir”.
Bu fikirləri Bakıda keçirilən D-8 Media Forumunun strateji önəmi barədə danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli Yenicag.az-a açıqlamasında deyib.
Media eksperti bildirib ki, Bakıda keçirilən D-8 Media Forumu qlobal informasiya mühitində formalaşan yeni çağırışlar üzrə birgə mövqenin müəyyən edilməsi baxımından mühüm hadisədir:
“Forum D-8 məkanında media sahəsinin institusional inkişafına, qarşılıqlı əlaqələrin möhkəmlənməsinə və üzv ölkələrin informasiya təhlükəsizliyinə yönələn strateji təşəbbüsləri gündəmə gətirir. Prezident İlham Əliyevin forum iştirakçılarına ünvanlanmış müraciətində vurğulandığı kimi, bu gün media yalnız informasiya ötürücüsü deyil, dövlətlərin nüfuzunun, ictimai etimadın və beynəlxalq arenada mövqeyin formalaşmasında mühüm təsir gücünə malik olan bir alətdir.
Bu səbəbdən D-8 daxilində ümumi yayım assosiasiyasının yaradılması, jurnalistika məktəblərinin açılması, təqaüd proqramlarının təsis edilməsi kimi təkliflərin verilməsi medianın peşəkarlıq səviyyəsini yüksəltmək, vahid standartlar formalaşdırmaq və üzv ölkələrin informasiya siyasətini koordinasiya etmək baxımından xüsusi əhəmiyyət daşıyır. Nəzərə almaq lazımdır ki, rəqəmsal media ekosisteminin sürətlə inkişaf etdiyi indiki dövrdə dezinformasiya ilə mübarizə, etibarlı informasiya mühitinin qorunması və yeni texnologiyaların etik istifadəsi üzv ölkələrin qarşısında duran ümumi çağırışlar mövcuddur”.
M. Ələsgərli qeyd edib ki, forumda Pakistan, İran, Türkiyə və digər üzv dövlətlərin yüksəkvəzifəli nümayəndələrinin çıxışları göstərdi ki, D-8 ölkələri informasiya sahəsində əməkdaşlığı genişləndirməyə, media peşəkarları arasında mütəmadi dialoq yaratmağa və vahid platformalar qurmağa xüsusi önəm verirlər:
“Bu əməkdaşlıq yalnız təcrübə mübadiləsini deyil, həm də üzv dövlətlərin qlobal informasiya siyasətində daha güclü və koordinasiyalı mövqeyə sahib olmasını təmin etməyi hədəfləyir.
Bütün bunlarla yanaşı, D-8 Media Forumu bizim üçün həm də məhz Bakıda keçirilməsi ilə əhəmiyyət daşıyır. Azərbaycanın D-8 təşkilatına üzv olmasından sonra fəallığı, təşəbbüskarlığı və regional proseslərə verdiyi töhfə geniş şəkildə qəbul olunur. Bakı bu gün həm siyasi, həm iqtisadi, həm də informasiya mühitində dinamik inkişaf edən beynəlxalq mərkəzə çevrilib. Burada keçirilən beynəlxalq tədbirlər ölkəmizin kommunikasiya sahəsində artan rolunu nümayiş etdirir. Forum iştirakçılarının öz çıxışlarında Bakını “inkişafın və modernləşmənin simvolu” kimi təsvir etmələri Azərbaycanın həm media sahəsində, həm də qlobal proseslərdə etibarlı tərəfdaş kimi qəbul olunduğunu təsdiqləyir”.
Nəsimi Ələsgərli












