Emin Əmrullayevin qıcıq doğuran ÇIXIŞI: "Onun təhsilə vurduğu ziyanı aradan qaldırmaq üçün 8 il vaxt lazımdır"
“Emin Əmrullayevin özünü nəinki təhsil naziri, ümumiyyətlə, dövlət qulluqçusu kimi apara bilməməsi onun davranış pozğunluğunun olduğunun göstəricisidir”.
Bunu elm və təhsil naziri Emin Əmrullayevin son səsləndiridyi fikirlərə münasibət bildirən təhsil eksperti Elşən Qafarov Yenicag.az-a açıqlamasında deyib.
Ekspert qeyd edib ki, hazırda müəllimlərin dərs saatlarının az olmasının iki əsas səbəbi var:
“İlk səbəb dərs yükünün azlığıdır. Bu da tədris planından irəli gəlir. Həmin plan isə Emin Əmrullayev tərəfindən təsdiqlənib. Sözügedən plan nəticəsində fizika, kimya, biologiya, coğrafiya, təsviri incəsənət, musiqi və texnologiya fənləri üzrə dərs saatları azaldılıb.
Nazir “müştəri yeri” kimi baxdığını dilə gətirirsə bu onun qeyri-etik davranışının göstəricisidir. O hər dəfə müəllimləri alçaltmaqla sanki həzz alır. Halbuki özünün təhsilə və pedaqoji sahəyə heç bir aidiyyəti yoxdur. Emin Əmrullayev kütlə psixologiyasını yaxşı bilir. Narazılıq formalaşdırıb gündəm yaratmaqla öz nazirlik ömrünü uzatmağa çalışır.
Sual yaranır, bu gün təhsil müəssisələrindəki real vəziyyətdən onun xəbəri varmı? Xeyr, yoxdur. Ortaya atdığı fikirlərin də heç bir hüquqi əsası yoxdur. Məsələn, özü etiraf edir ki, müəllimlərin yeni saat hesabı sisteminə keçməsi hələlik yalnız fikirdir. Eyni zamanda, yalan danışaraq deyir ki, ştata keçənlərin əməkhaqqısı orta əməkhaqqının iki misli olacaq. Hazırkı orta əməkhaqqını hesablasaq bu, təxminən 1050 manat edir. Bu, 2027-ci ildən etibarən 20 min müəllimin maaşının birdən-birə 2100 manat olacağı deməkdir”.
Elşən Qafarov bildirib ki, nazir həm də subardinasiya qaydalarını pozur:
“Çünki ölkədə əməkhaqqını artırmaq səlahiyyəti yalnız dövlət başçısına məxsusdur. Prezident bununla bağlı sərəncam verir və həmin sərəncamın icrası üçün Nazirlər Kabinetinə göstərişlər göndərilir. Bu isə sadəcə təklifdir və 10 gündür, gündəmi zəbt edib. Yeni dərs ilinin başlamasından sadəcə iki ay keçib. Lakin bu dövr ərzində şagirdlər arasında zorakılıq videoları yayılır, bıçaqlanma halları, hətta ölüm hadisələri baş verir.
Çox maraqlıdır, Emin Əmrullayev bu mövzular barədə danışanda çox gərgin görünürdü, çünki yalan danışdığını dərk edir, yaratdığı problemləri yaxşı bilir.
Azərbaycan təhsilində, həqiqətən də, islahatlara ehtiyac var. Amma Emin Əmrullayevin şərab zavodundan, şəkər zavodundan və ya müxtəlif şirkətlərdən gətirdiyi dostları ilə ölkədə real təhsil islahatı aparmaq mümkün deyil. Təhsilin bütün pillələrində hazırda xaos hökm sürür”.
Ekspert elm və təhsil nazirinin cavablandırmalı olduğu sualların varlığından danışıb:
“Emin Əmrullayev cavab verməlidir ki, niyə Peşə Təhsili Agentliyinin rəhbəri işdən çıxarıldı, peşə təhsili sahəsində nələr baş verir? Bu gün Azərbaycanda 4300-ə yaxın məktəb var və onların təxminən 850-dən çoxunda direktor vəzifəsi vakantdır. Regional təhsil idarələrinin fəaliyyəti də qarışıqdır. Sanki 18–19-cu əsrin xanlıqlar dövrünə qayıtmışıq.
Təhsil İnstitutunun özü isə Emin Əmrullayev dövründə idarəetmə qurumuna çevrilib. Orada rəhbərlik edənlərin heç birinin elmi dərəcəsi, təhsil sahəsində elmi araşdırması yoxdur. Təhsil İnstitutu daha çox kadr siyasəti, layihələr və maliyyə bölgüsü ilə məşğuldur. Emin Əmrullayevin Azərbaycan müəlliminə və təhsilinə vurduğu ziyan göz önündədir. Əgər o bu gün vəzifədən uzaqlaşdırılsa, Azərbaycan təhsilinin onun dövründə aldığı ziyanı aradan qaldırmaq üçün azı 5–8 il vaxt lazım olacaq.
Bütün bunlara baxmayaraq, o hər dəfə müəllimlərə qarşı hörmətsiz, qeyri-etik ifadələr işlədir. Özünü nəinki təhsil naziri, ümumiyyətlə, dövlət qulluqçusu kimi apara bilməməsi onun davranış pozğunluğunun olduğunun göstəricisidir”.
Nəsimi Ələsgərli












