Atəşkəsdən sonra Ukraynanı nə GÖZLƏYİR? – Qərb çoxmillətli qüvvə FORMALAŞDIRIR

media-hightechnic-468x90

Avropalı müttəfiqlər və ABŞ Ukraynanın sabitləşdirilməsi planlarını gücləndirir.

Yenicag.az xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsində mümkün atəşkəs razılaşmasından sonrakı prosesləri təhlil edən NPR nəşri yazıb.

Məqalədə qeyd olunub ki, Avropalı müttəfiqlər və ABŞ Ukraynada mümkün atəşkəsdən sonrakı mərhələdə sabitliyin təmin olunması məqsədilə koordinasiyalı hərbi və diplomatik addımlar atmağa başlayıblar. Romada keçirilən Ukraynanın Bərpa Konfransının kənarında baş tutan yüksək səviyyəli görüşdə ilk dəfə olaraq ABŞ nümayəndə heyətinin iştirakı ilə Qərb koalisiyası Ukraynaya dəstəyin yeni mərhələsinə qədəm qoydu. Görüşdə iştirak edən Fransa, Britaniya, İtaliya və ABŞ rəsmiləri Ukraynanın Çoxmillətli Qüvvələr adı altında fəaliyyət göstərəcək yeni qüvvənin Parisdə qərargahının qurulması və sonradan bu strukturun Kiyevə köçürülməsi barədə razılığa gəliblər.

Həmin qüvvənin əsas məqsədi Ukrayna Silahlı Qüvvələrinin bərpası, hava məkanının və Qara dəniz təhlükəsizliyinin təmin edilməsində yardım göstərməkdir. Lakin nümayəndələr, xüsusilə ABŞ senatorları Lindsey Qraham və Riçard Blumental bu prosesin yerli qoşun iştirakı olmadan həyata keçiriləcəyini bildiriblər. Senatorlar Kremlə qarşı yeni sanksiyalar təklif edərək, Rusiya neftini almağa davam edən ölkələrdən idxal olunan məhsullara 500% gömrük rüsumu tətbiq edilməsini təklif ediblər. Britaniyanın baş naziri Kir Starmer isə bu təşəbbüsün Avropanın ümumi təhlükəsizliyi üçün vacib olduğunu vurğulayıb.

İtaliyanın baş naziri Corciya Meloni və Ukrayna prezidenti Volodimir Zelenski isə ABŞ-nin koalisiyaya qoşulmasının əhəmiyyətini önə çəkiblər. Onlar qeyd ediblər ki, Qərbin birliyi və Moskvaya təzyiqlərin gücləndirilməsi yalnız real çəkindirmə vasitəsilə sülhə yol aça bilər. Zelenski isə ABŞ rəsmilərinə, xüsusən Donald Trampın Ukraynaya silah yardımını davam etdirmək niyyətinə görə təşəkkür edib və Kiyevin müttəfiqlərdən aldığı mesajların söz olaraq qalacağına deyil, əməli dəstəklə müşayiət olunacağına inandığını bildirib. Bu tədbirlər Qərbin Ukraynadakı münaqişənin diplomatik və hərbi yollarla idarə olunması səylərini gücləndirdiyini göstərir.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600