ATƏT-in ölü institutundan SONRA: Yeni sülh formatında NƏLƏR GÖZLƏNİLİR?
“Vaşinqton görüşü reallaşacağı təqdirdə sülh istiqamətində ciddi və hətta həlledici addımlara nail olmaq mümkündür”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Millət vəkili bu gün Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü və eyni zamanda ABŞ və Azərbaycan münasibətlərində dönüş nöqtəsi olacaq yeni qərarların veriləcəyini bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında Bakının təşəbbüsləri ilə başlamış sülh prosesi, sərhədlərin delimitasiya və demarkasiyasında əldə olunan ilkin uğurlar, o cümlədən sülh müqaviləsinin şərtlərinin razılaşdırılması fonunda özünün məntiqi və uğurlu sonluğuna yaxınlaşması tərəflər üçün tarixi şans yaradıb:
“Azərbaycan tərəfi haqlı olaraq sülh müqaviləsinin dayanıqlı olması üçün onun hüquqauyğunluğunun təmin edilməsini, yəni mövcud müqavilənin şərtləri ilə ziddiyyət təşkil edən konstitusiya və digər qanunvericilik müddəalarının aradan qaldırılmasının tərəfdarıdır. Eyni zamanda rəsmi Bakı hesab edir ki, Ermənistan Azərbaycanın hərbi-siyasi qələbələri ilə yaranmış və beynəlxalq hüququn aliliyində ehtiva olunan mövcud status-kvonu tanımalı, münaqişənin başa çatması reallığı ilə barışmalıdır. Bunun üçün isə şifahi bəyanatların heç bir önəmi yoxdur və Ermənistan bir zamanlar münaqişənin tənzimlənməsi məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun buraxılmasına dair konkret mövqe ifadə etməklə cari status-kvonu qəbul etdiyini göstərə bilər. Onsuz da, sirr deyil ki, ATƏT-in Minsk qrupu heç bir funksionallığa malik olmayan ölü bir institutdur. Üstəlik bu struktur fəaliyyəti dövründə nəinki hər hansı irəliləyişə nail olmaq, əksinə, işğal və təcavüzdə ehtiva olunan münaqişənin davamlılığında maraqlı tərəf kimi çıxış etmiş, sülh prosesini inhisara almaqla real səmərə verə biləcək amil və addımları nizamlama prosesindən kənar saxlamışdı”.
B. Məhərrəmov ATƏT-in Minsk qrupunun ləğv edilməsinin vaxtı çatdığını bir daha diqqətə çatdırıb:
“Yarandığı gündən heç bir formada etimad təlqin etməyən bir strukturun 5 il öncə mandatının əsasında dayanan problemin həlli fonunda formal olaraq “mövcudiyyətini qorumağa çalışması” Ermənistana heç nə vəd edə bilməz. Digər tərəfdən, Ermənistan dövləti özünün təcavüzkar mahiyyətli milli ideoloji hədəflərindən imtina etməsə də və erməni cəmiyyəti revanşist əhvaldan geri çəkilməsə də, gedişat onu göstərir ki, qərb qonşumuz artıq Azərbaycanın geri dönüşü olmayan bir geosiyasi konfiqurasiya yaratdığının və Ermənistanın sülhə əngəl kimi çıxış etdikcə, dalan və qeyri-suveren dövlət statusunun dərinləşdiyinin fərqindədir”.
“Üstəlik davamlı şəkildə Ermənistanı münaqişənin həllindən yayındıran qüvvələrin heç birinin regionda nə Azərbaycan qarşısında şansı yoxdur, nə də Ermənistana hər hansı fayda vəd edə bilməz. Bu mənada, ötən dövr ərzində əldə olunan müsbət meyllərə əsaslanaraq Ermənistanın süni əngəlləri və kənar müdaxilələri bir kənara qoyub sülhə doğru addımlaması bu ölkə üçün yeganə nicat yoludur. Qısa müddət öncə Əbu-Dabidə də ifadə olunan iradəyə əsaslanaraq, demək olar ki, Ermənistan kənar təsirlərdən azad düşünəcək qətiyyət tapa bilsə, sülh müqaviləsinin imzalanması tam realdır və bu mənada, bölgəyə artıq daha praqmatik baxışa malik olan və Demokratlar iqtidarından fərqli olaraq regionda maraqlarını münaqişədə yox, sülh və sabitlik şəraitində əməkdaşlıqda görən Tramp administrasiyasının cəhdləri dayanıqlı sülh üçün yaxşı şansa çevrilə bilər”, – deyə o, əlavə edib.
Deputat sonda Ermənistana kənar təzyiqlərin olmayacağı halda, Vaşinqton görüşündən sonra sülhün bərqərar olunmasına və həlledici qərarların verilməsinə nail olmağın mümkün olduğunu qeyd edib:
“Ermənistan üzərində digər dövlətlərin də təsir imkanlarını, o cümlədən bu ölkə daxilində qeyri-stabil durumu nəzərə alaraq proqnozlaşdırmaq, təbii ki, asan deyil, lakin ümid etmək olar ki, Vaşinqton görüşü reallaşacağı təqdirdə sülh istiqamətində ciddi və hətta həlledici addımlara nail olmaq mümkündür”.
Nurlan Cəfəri