Avropa ilə Rusiya arasında sıxışan Moldova – Seçkilərin arxasındakı GİZLİ REALLIQ
“Moldovada keçirilən parlament seçkiləri bir daha göstərdi ki, ölkənin siyasi taleyi həm daxili, həm də xarici amillərin kəsişməsində müəyyənləşir. Səslərin 99,65 faizinin hesablanmasından sonra Prezident Maya Sandunun rəhbərlik etdiyi Avropayönümlü “Fəaliyyət və Həmrəylik” Partiyası 50,06 faiz səs toplayaraq parlamentdə 54 yerə sahib oldu”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Ramiz Alıyev deyib.
O bildirib ki, bu nəticə partiyaya hökumət formalaşdırmaq imkanı versə də, seçkinin mahiyyəti daha dərin analiz tələb edir:
“Bir tərəfdən, bu nəticə Moldovanın Avropa İttifaqı (Aİ) yolunda irəliləməsinə siyasi dəstək kimi qiymətləndirilir. Sandunun partiyası həm ölkə daxilində islahatlar, Qərblə inteqrasiya, həm də korrupsiyaya qarşı mübarizə və iqtisadi sabitlik vədləri ilə önə çıxdı. Digər tərəfdən isə diqqət çəkən mühüm fakt ondan ibarətdir ki, seçkilərin nəticəsində əldə olunan qələbədə xaricdə yaşayan moldovalıların səsləri həlledici rol oynadı. Məhz onların verdiyi üstünlük hakim partiyanın parlamentdə mütləq çoxluğu təmin etməsinə imkan yaratdı. Ölkə daxilində isə tamamilə fərqli mənzərə ortaya çıxır: Rusiyayönümlü “Vətənpərvərlik bloku” 24,25 faiz səs toplayaraq 27 yer qazandı və əsasən daxili seçicilərin dəstəyinə söykəndi”.
R. Əliyev əlavə edib ki, bu, Moskvanın Moldovadakı proseslərdə təsir imkanlarını hələ də qoruduğunu göstərir:
“Beləliklə, seçki yalnız Avropayönümlü qüvvələrin qələbəsi deyil, eyni zamanda cəmiyyət daxilində parçalanmanın, geosiyasi seçimin kəskin mübahisə mövzusu olduğunun təsdiqidir. “Alternativ” blokunun 8 mandat qazanması isə parlamentdə balans mexanizminin mövcudluğunu təmin edir. Amma əsas sual budur: daxildə xalqın bütün təbəqələrinin səsini qazana bilməyən hakimiyyət, xarici dəstəyə söykənərək Avropa yolunda nə dərəcədə uğurla addımlaya biləcək? Reallıq göstərir ki, Moldovanın siyasi gələcəyi təkcə parlament çoxluğundan deyil, həm də ölkə daxilindəki ictimai konsensusun yaradılmasından asılı olacaq. Əks halda, Avropayönümlü kurs daxili müqavimətlə üzləşə, cəmiyyət isə “Avropa” ilə “Rusiya” arasında bölünmüş şəkildə qalmaqda davam edə bilər”.
Məlik Məlikov