İnsan kimi gülümsəyən ilk biyomimetik robot təqdim edildi - FOTO
Texnologiya dünyasında inqilab: Çin insanabənzər robotlar yarışında bütün rəqiblərini geridə qoyacaq yeni “möcüzəsini” – Moya-nı təqdim etdi.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu robot dünyanın ilk tamamilə biyomimetik (insan biologiyasını təqlid edən) süni intellekti olaraq tanıdılır. Şanxayda “DroidUp” tərəfindən təqdim olunan Moya, insan davranışlarını o qədər dəqiqliklə təkrarlayır ki, onu canlı varlıqdan ayırmaq demək olar ki, qeyri-mümkündür.
Sosial mediada viral olan görüntülərdə Moyanın yalnız hərəkət etmədiyi, həm də qarşısındakı şəxslə göz təması qurduğu, gülümsədiyi və mikro ifadələr (insan üzündəki anlıq duyğu dəyişiklikləri) sərgilədiyi aydın görünür. Robotun suallara başı ilə təsdiq cavabı verməsi və duyğusal reaksiyaları texnologiya dünyasında şok effekti yaradıb.
Mütəxəssislər Moyanı “insana ən yaxın süni varlıq” adlandıraraq, gələcəkdə bu robotların gündəlik həyatın ayrılmaz hissəsinə çevriləcəyini proqnozlaşdırırlar./Manşet.az/













