“Paris Vaşinqtonun kölgəsində qalmaq istəmir” - Makronun adamı Moskvada: GİZLİ DANIŞIQLARIN PƏRDƏARXASI
“Fransa Ukrayna məsələsinin yalnız ABŞ və Rusiya arasında həll olunmasını öz maraqlarına təhdid sayır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.

Ekspert, Fransa Prezidenti Emmanuel Makronun diplomatik müşaviri Emmanuel Bonnenin Moskvaya gözlənilməz səfərini və Rusiya rəsmiləri ilə keçirdiyi görüşləri şərh edib. Politoloqun fikrincə, bu addım Avropanın Ukrayna böhranında passiv müşahidəçi rolundan çıxmaq cəhdidir:
“Son zamanlar Ukrayna məsələsi üzrə əsas siyasi təşəbbüslərin ABŞ-Rusiya xətti üzərində cəmləşməsi Avropanın siyasi güc mərkəzlərində, xüsusən Parisdə ciddi narahatlıq yaradır. Fransa anlayır ki, münaqişənin taleyi ilə bağlı qərarların Avropasız qəbul edilməsi uzunmüddətli risklər yaradır. Parisin məqsədi Ukrayna danışıqlarında Avropanın ayrıca siyasi aktor kimi mövqeyini bərpa etməkdir”.
Aytən Qurbanova vurğulayıb ki, bu təmaslar Fransanın çoxdan bəri irəli sürdüyü “strateji muxtariyyət” xəttinin bir parçasıdır:
“Rusiya tərəfi isə bu təmaslardan daha çox Qərb daxilindəki ziddiyyətləri ölçmək və Avropa İttifaqının vahid siyasi iradəsini test etmək üçün istifadə edir. Fransa-Rusiya danışıqları münaqişəni qısa müddətdə həll etməsə də, gələcək siyasi həll variantları üçün mühüm diplomatik zəmin yaradır. Bu proses Avropanın beynəlxalq təhlükəsizlik sistemində öz yerini yenidən müəyyənləşdirmək savaşıdır”.
Nəsimi Ələsgərli












