Rusiya Əbu-Dabi danışıqlarında Ukrayna ordusunun sayının azaldılmasını tələb etmədi
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında danışıqların ikinci raundunda Moskva Ukrayna ordusunun sayının dəyişdirilməsi və ya azaldılması məsələsini qaldırmayıb.
Yenicag.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” mənbəyə istinadən məlumat yayıb.
“Əbu-Dabidə keçirilən növbəti danışıqlar müəyyən irəliləyişlə başa çatıb. Danışıqlar zamanı Rusiya Ukrayna ordusunun sayının dəyişdirilməsi, azaldılması və ya müəyyən silah növlərinə qadağa qoyulması məsələsini qaldırmayıb”, – mənbə qeyd edib.
Onun sözlərinə görə, əvvəlcə geniş tərkibdə qısa görüş keçirilib, bundan sonra nümayəndə heyətləri yarımqruplar üzrə işləyiblər.
Növbəti görüşün yaxın vaxtlarda eyni tərkibdə keçirilməsi barədə ilkin razılıq əldə olunub.
Qeyd edək ki, fevralın 4-də BƏƏ paytaxtında Ukrayna, Rusiya və ABŞ-nin texniki qruplarının növbəti danışıqlar raundunun ilk günü keçirilib. Danışıqların birinci raundu da 23-24 yanvar tarixlərində Əbu-Dabidə baş tutub, əvvəlcə fevralın 1-nə planlaşdırılan görüş isə 4-5 fevral tarixlərinə keçirilib.
Görüşün yekunlarında tərəflər müzakirələrin xarakterini “konstruktiv” adlandırıblar./Report/












