Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel bildirib ki, o, blok üzvlərindən fələstinlilərə qarşı “nifrət mesajları”na görə beynəlxalq hüququ pozan bəzi İsrail nazirlərinə sanksiya tətbiq etmək istəyib-istəmədiklərini soruşub.
Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
O, nəzərdə tutduğu israilli nazirlərdən heç birinin adını çəkməyib və hansı mesajları nəzərdə tutduğunu dəqiqləşdirməyib. Lakin son həftələrdə Borrel təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçi “müharibə cinayətlərinə təhrikedici ifadələrə” görə açıq şəkildə tənqid edib.
“Mən üzv dövlətlərdən fələstinlilərə qarşı qəbuledilməz nifrət mesajları verən və beynəlxalq hüquqa açıq şəkildə zidd olan şeylər təklif edən bəzi İsrail nazirlərinin sanksiyalar siyahısına daxil edilməsini məqsədəuyğun hesab edib-etmədiklərini soruşmaq üçün prosedur başlatdım” – deyə o, Brüsseldə Aİ xarici işlər nazirlərinin görüşündə jurnalistlərə bildirib.
Diplomatlar deyirlər ki, Aİ-nin 27 üzvü arasında İsrail hökuməti nazirlərinə qarşı sanksiyalar tətbiq etmək üçün lazımi yekdil razılığı tapması çətindir. Lakin Borrelin belə bir təkliflə çıxış etməsi bir sıra Avropa rəsmilərinin bəzi İsrail nazirlərinə qarşı qəzəb səviyyəsini göstərir.
İsrailin xarici işlər naziri İsrael Katz Borrelli fələstinliləri İordan çayının qərb sahilindən köçürməyə çağırdığına dair yalan iddialarla hədəf almaqda ittiham edib.
“Mən istənilən əhalinin öz evlərindən didərgin salınmasının əleyhinəyəm”, – o söyləyib.
Aİ-nin Fələstin tərəfdarı olan üzvlərindən biri cümə axşamı agentliklə söhbətində Borrelin təklifini dəstəklədiyini bildirib. İrlandiyanın xarici işlər naziri Mişel Martin də Brüssel görüşünə gələrkən jurnalistlərə deyib:
“Biz İordan çayının qərb sahilində məskunlaşmaların genişləndirilməsinə yardım edən təşkilatlara, həmçinin İsrail nazirlərinə sanksiya tətbiq edilməsi ilə bağlı Cozep Borrelin tövsiyəsini dəstəkləyəcəyik”.
Rafi Müslümov
www.yenicag.az