Hind Suları Müqaviləsi: Cənubi Asiyada su təhlükəsizliyi yeni sınaq qarşısında
Su resursları XXI əsrdə enerji və ərzaq təhlükəsizliyi qədər mühüm strateji amillərdən birinə çevrilib. Cənubi Asiyada isə bu məsələ xüsusi həssaslıq daşıyır. Regionun ən böyük transsərhəd su hövzəsi olan Hind çayı sistemi milyonlarla insanın həyat mənbəyi olmaqla yanaşı, Pakistan iqtisadiyyatının və kənd təsərrüfatının əsas sütunlarından hesab edilir.
Pakistan ərazisində istifadə olunan su ehtiyatlarının təxminən 80 faizi Hind çayı sisteminin payına düşür. Əhalinin böyük hissəsi də məhz bu hövzə ətrafında yaşayır. Bu səbəbdən Hind çayı ilə bağlı istənilən dəyişiklik ölkənin ərzaq təhlükəsizliyi, enerji istehsalı və sosial rifahına birbaşa təsir göstərmək potensialına malikdir.
Məhz buna görə də 1947-ci ildə Hindistan və Pakistanın müstəqillik əldə etməsindən sonra su məsələsi Kəşmir problemi ilə yanaşı, iki ölkə arasında ən mühüm müzakirə mövzularından biri oldu. 1948-ci ildə imzalanmış İnter-Dominion Sazişi müvəqqəti həll rolunu oynasa da, uzunmüddətli razılaşma əldə etmək mümkün olmadı.
1951-ci ildə ABŞ Atom Enerjisi Komissiyasının keçmiş rəhbəri Devid Lilientalın təşəbbüsündən sonra tərəflər arasında vasitəçilik missiyasını öz üzərinə götürdü. Uzun sürən danışıqların nəticəsində 1960-cı ilin sentyabrında Hindistanın Baş naziri və Pakistan Prezidenti tərəfindən Hind Suları Müqaviləsi imzalandı.
Altmış ildən artıq müddətdə bu müqavilə regionun ən uğurlu beynəlxalq su əməkdaşlığı mexanizmlərindən biri kimi qiymətləndirilib. Tərəflər arasında müxtəlif dövrlərdə Salal, Bağlihar və Kişanqanqa hidroenerji layihələri ilə bağlı fikir ayrılıqları yaransa da, onların əksəriyyəti müqavilənin müəyyən etdiyi hüquqi prosedurlar çərçivəsində müzakirə olunub.
Lakin son illərdə vəziyyət yenidən gərginləşib. Pahalqam hadisəsindən sonra Hindistan Hind Suları Müqaviləsinin icrasını dayandırdığını bəyan edib. Pakistan isə bildirir ki, müqavilədə belə birtərəfli addımı nəzərdə tutan hüquqi müddəa mövcud deyil. Müqavilənin XII maddəsinə əsasən, sənəd yalnız hər iki dövlət arasında imzalanacaq və müvafiq qaydada ratifikasiya ediləcək yeni saziş əsasında dəyişdirilə və ya ləğv oluna bilər.
Bununla əlaqədar Pakistan məsələni müqavilənin XI maddəsinə uyğun olaraq qarşısında qaldırıb. Məhkəmə 27 iyun 2025-ci il tarixli qərarında Hindistanın birtərəfli bəyanatının arbitraj prosesinin hüquqi səlahiyyətlərinə təsir etmədiyini bildirib. Ardınca 2025-ci ilin avqustunda qəbul olunmuş digər qərarda isə müqavilənin birtərəfli qaydada dayandırılmasına hüquqi əsasın olmadığı qeyd edilib.
Pakistan tərəfinin məlumatına görə, bu müddətdə Hindistan Çənab çayı üzərində Pakal Dul, Kiru, Kvar, Ratle və Sawalkote hidroenerji layihələrinin icrasını sürətləndirib. Bundan əlavə, Çənab çayının sularının şərq istiqamətinə yönəldilməsi məqsədilə yeni Çənab–Bias kanalının inşasının da nəzərdə tutulduğu bildirilir.
Pakistanın Hind Suları üzrə komissarının açıqlamalarına əsasən, Head Marala məntəqəsində 2025-ci ilin may və dekabr aylarında, eləcə də 2026-cı ilin mayında su sərfində əhəmiyyətli azalmalar müşahidə olunub. Rəsmi İslamabad bu məsələ ilə bağlı Daimi Hind Komissiyası vasitəsilə Hindistana dəfələrlə müraciət etdiyini, lakin cavab almadığını bildirir.
Pakistan hesab edir ki, mövcud fikir ayrılıqları yalnız beynəlxalq hüququn prinsipləri, qüvvədə olan müqavilələrin müddəaları və dialoq mexanizmləri çərçivəsində həll oluna bilər. Rəsmi İslamabad həm ikitərəfli platformalar, həm də beynəlxalq hüquqi mexanizmlər vasitəsilə məsələnin həllinə çalışdığını və beynəlxalq ictimaiyyəti mütəmadi məlumatlandırdığını bildirir.
Su ehtiyatları gələcəyin ən qiymətli strateji resurslarından biridir. Bu baxımdan, transsərhəd çayların qarşılıqlı etimad, beynəlxalq hüquq və əməkdaşlıq prinsipləri əsasında idarə olunması təkcə Hindistan və Pakistan üçün deyil, bütövlükdə Cənubi Asiyada sabitliyin və davamlı inkişafın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.













