Reklam: High Technic
hightechnic

Avropa özünü xilas edə biləcəkmi? - “Vaşinqton Post” Birliyin üzərindəki qara buludlardan yazır

Reklam: Sinerji Pro

Avropa Birliyinin gələcəyi “Brexit”lər fonunda ciddi müzakirə mövzusudur. “Vaşinqton Post” da bu mövzuda fərqli yanaşma ortaya qoyub. Məqalə siyasi təhlilçi və London İqtisadiyyat İnstitutunun nəzdində fəaliyyət göstərən 1989 Nəsil Təşəbbüsünün direktoru Maykl Kotakis tərəfindən hazırlanıb və konkret təkliflər üzərində qurulub.

Yenicag.az həmin məqaləni təqdim edir:

“Avropa Birliyinin qanuniliyini qəbul etməyən populistlərin əsaslandırması odur ki, onlar riyakar, korporativ maraqları müdafiə edən Brüssel bürokratları ilə uzun mübarizə apararaq insanların iradəsini qorumaqla azadlıq və demokratiyanı ön plana çəkirlər. Bu səmimi səslənməsə də, müəyyən dərəcədə həqiqətə yaxındır. Bütün hallarda Avropa Birliyi demokratik sistem deyil. Fəaliyyətində olan qüsurları aradan qaldırmaq üçün avropalılar bir müddət qurum daxilində islahatlar aparmaq yollarını axtarırdılar.

Bu istiqamətdə islahatlar aparmaq istəyən təşkilatlardan biri olan Avropa Vətəndaşlarının Təşəbbüsünün fəaliyyəti diqqəti cəlb edir. Olduqca təkəbbürlü təşkilat olan Avropa Vətəndaşlarının Təşəbbüsü vətəndaşların qanunvericiliyə dair öz təkliflərini verməsini vacib sayır. Avropa Vətəndaşlarının Təşəbbüsü Təşkilatına görə, bir milyon insan tərəfindən hər hansı bir ideyaya dair imza toplanır. Əgər toplanan imza sayı elə 1 milyona bərabər olarsa, bu ideya nəzərdən keçilmək üçün Avropa Komissiyasına təqdim olunur. Öz növbəsində Avropa Komissiyası bu ideyanı araşdıraraq təklif kimi müzakirə edilməsi barədə qərar verir. Özünün heyranedici niyyətlərinə baxmayaraq, Avropa Vətəndaşların Təşəbbüsü ümidləri doğrultmayıb. 2011-ci ildə fəaliyyətə başladığı dövrdən indiyədək Avropa Vətəndaşlarının Təşəbbüsü Təşkilatı yalnız üç təklif barədə lazımı sayda imza toplayaraq nəzərdən keçirilməsi üçün Avropa Kommissiyasına təqdim edib, lakin bu təkliflərdən heç biri qanun kimi qəbul olunmayıb.

Avropa Vətəndaşlarının Təşəbbüsü Təşkilatında islahatlar aparılması istiqamətində bir sıra yollar göstərilir: aşağı təbəqəli vətəndaşların Avropa Komissiyasına təqdim olunacaq təkliflər barədə müzakirələrə cəlb olunması və təkliflərin hazırlanması istiqamətində daha dəqiq mexanizmin tətbiqi. Lakin bu cür dəyişikliklər Avropa Birliyinin əsas problemlərinin aradan qaldırılmasına təsir etməyəcək. Avropa parlamentinə seçkilər zamanı daimi müşahidəçi seçicilərin sayının az olması, qanunvericiliyin insanlara aşağı səviyyədə izah olunması və gənclərin Avropa Birliyinə həvəs göstərməməsi adıçəkilən qurumun texnokrat birlik kimi qalmasını dəyişməyəcək. Avropa Birliyi öz təcrübəsində demokratiyanın birbaşa nəticə verməsi üçün ilk növbədə Brüssel vətəndaşlarının qərar qəbul etmə prosesində iştirakını təmin edərək, demokratik sistem yaratmalıdır.

Avropa Parlamentinin Avropa Vətəndaşlarının Assambleyası kimi ikinci palatası qurulmalıdır ki, Avropa qanunvericilik sistemi mükəmməl fəaliyyət göstərə bilsin.

Bu qurum bir il müddətinə Parlamentin qanunvericiliyə dair təklif və qərarlarını diqqətlə nəzərdən keçirərək məhkəmədə münsiflər rolunu oynayacaq vətəndaşlardan ibarət olmalıdır. Vətəndaşlar Assambleyası İngiltərə Parlamentinin Lordlar Palatası kimi əlavələrin qanunvericiliyə daxil edilməsinə dair güclü səlahiyyətə malik olmalıdır.

Əlverişli variant dəqiqləşdirilməlidir ki, vətəndaşlar, xüsusilə böyük sayda gənc nəsil Avropa ölkələrində keçirilən seçkilərdə iştiraka həvəs göstərsin. Elektron səsvermə sistemi böyük Avropa Parlamentinin internet vasitəsilə tətbiqində mümkündür. Bu elektron səsvermə sistemi vətəndaşlara parlament komitələri ilə əlaqə saxlayaraq seçki yolu ilə seçilmiş vəzifəli şəxslərlə birbaşa ünsiyyət qurmağa, vacib məsələlər barədə öz razılıq və iradlarını bildirmələrinə imkan verəcək.

Nəticədə Avropa Birliyinin vətəndaşlar tərəfindən seçiləcək bir prezidenti olmalıdır. Bu variant üç strukturu olan (Şura, Komissiya və Parlament) Avropa Birliyinin bir nominal rəhbərini nəzərdə tutur. İndiki siyasi proseslərdə Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamentinin bir qurumda birləşməsi nifaq və dağıntılara gətirib çıxarır. Hər bir üzv ölkədən seçilmiş 28 komissar Komissiyadan ayrılmalı və Avropa hökuməti kimi fəaliyyət göstərməlidir. Bu komissarlar müstəsna hakimiyyətə malik olaraq qanunvericilik təkliflərinin həyata keçirilməsinə başlayacaqlar. Hər bir Avropa komissarı da Avropa parlament seçkiləri dövründə seçilməlidir. Bu proses Komissiyanı mümkün qədər siyasiləşləşdirmir. Nəticədə Avropa Komissiyasının indiki siyasi texnokrat statusu azalır və o güclü mülki xidmət funksiyası əldə etməyə başlayır.

Geniş demokratik iştirak və debatlar mühitinə yiyələnən Avropa Vətəndaşları Təşəbbüsü qurumu vətəndaşların qərar qəbuletmə prosesində effektiv vasitə ola bilər. Lakin Avropa Vətəndaşları Təşəbbüsü Təşkilatı bir sıra məsələlərin, xüsusilə ümum-Avropa referendumuna çıxarılması üçün yetərsay imzaların toplanılmasına ehtiyac duyacaq.

Bəs bu dəyişiklikləri necə yerinə yetirmək lazımdır? Ehtimal oluna bilər ki, Avropa Birliyi özünü yeniləmək iqtidarında olmasın. Xarici müdaxilə Avropa Birliyinə təsir edərək onu dəyişikliklər aparmağa çağırsa da, Brüssel bu müdaxiləyə müqavimət göstərən həddən artıq mürəkkəb sistemə malikdir. Avropa Birliyi daxilindəki əsas idarəetmə sistemi nəzəriyyəsinə görə, hər hansı müəyyən mürəkkəb proses adıçəkilən qurum tərəfindən bir dəfə nizamlanırsa, həmin sahəni bu qurum daxilində yeniləmək mümkün deyil. Avropa Birliyinin müvafiq xarici dəstəyə ehtiyacı olacaq.

Bu dəstək siyasi yollarla ola bilər. Avropa Birliyinə üzv olan və adıçəkilən qurumu tənqid etməkdə davam edən bir sıra ölkələrin fəal hökumət rəhbərləri təşkilat daxilində islahatlar prosesini apara bilərlər. Hazıda, bu mənada Fransa prezidenti Emmanuel Makron bu hərəkatın rəhbəri kimi tək fəaliyyət göstərir. Avropa Şurasından böyük dəstək olmadığından Makron hər yerdə bu yardımı axtarır. Avropayönümlü hökumətlər demokratik islahatlar aparılması məqsədilə vətəndaş-dövlət münasibətlərini tənzimləmək üçün mülki cəmiyyətə dəstək verməlidirlər.

Yaxşı xəbər budur ki, Avropa qitəsinin sərhədləri boyunca demokratik dəyişikliklər apararaq böyük hərəkat vasitəsilə insanları birləşdirmək missiyasını yerinə yetirmək istəyən mülki cəmiyyətlər göbələk kimi artmağa başlayıblar. Volt Avropa transmilli siyasi partiya olaraq Avropa Parlamentinə keçiriləcək növbəti seçkilərdə iştirak etməyə hazırlaşır. Fəallardan ibarət olan Avropanın Nəbzi qitə boyunca şəhərlərdə küçə yürüşlərində bayraq yelləndirərək vahid Avropa uğrunda mübarizə aparır. DiEM 25 Avropanın demokratikləşdirilməsi üçün beynəlxalq miqyasda razılaşmanın yollarını axtarır. 1989 Nəsil Təşəbbüsü ümum-Avropa beyin mərkəzi olaraq tədqiqatçıları, filosofları, gənc ziyalıları, siyasətçiləri birləşdirir ki, onlar yerli, milli və Avropa səviyyəsində siyasəti araşdırıb müzakirə və təbliğ edə bilsinlər.

Bu qrupların ətrafında kütləvi siyasi hərəkatın birləşməsinə ehtiyac yaranacaq ki, bu hərəkat Avropa Birliyində islahatların aparılması üçün ümumi məqsədləri göstərə bilsin. Bu aşağı səviyyədə olan qruplar islahatçı Avropa Birliyinə üzv dövlətlərlə əməkdaşlıq edərsə və partiyalarının siyasi kursunda razılığa gələrək ikinci dərəcəli maraqları kənara qoyarsa, onlar demokratik hərəkatda populistlərin səsini qazanmağa nail olacaqlar. Bu siyasi proseslərdə populistlərin sayının artması demokratik hərəkatın uğursuzluğu olacaq. Avropa Birliyinin özü hələ ki demokratik qurum deyil. Əgər Avropa Birliyi özünü qoruyub saxlaya bilsə, onda bu qurumun demokratiyaya ehtiyacı olacaq.

www.yenicag.az

2081