İspaniya hərbi gəmisinin Cəbəllültariq sahillərinə yaxınlaşması bu ölkə ilə Böyük Britaniya arasında gərginlik yaradıb.
Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Böyük Britaniyaya məxsus Cəbəllütariq Muxtariyyatının hökuməti İspaniya hərbi gəmisinin bu qurumun ərazi sularına icazəsiz daxil olduğunu bəyan edib.
Hökumətin açıqlamasından sonra Cəbəllütariqin ərazi sularına girmiş ispan hərbi gəmisinin fotoşəkli də yayılıb.
Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılacağı təqdirdə sözügedən muxtariyyatın gələcək statusu ilə bağlı müəyyən fikir ayrılıqları yaranıb. Bu barədə mövqe bildirən Britaniya hökuməti Cəbəllütariq məsələsinin “Brexit” çərçivəsində “sövdələşmə” predmetinə çevrilməsinə etirazını bildirib.
Qeyd edək ki, artıq 300 ildir ki, Böyük Britaniyanın nəzarətində olan Cəbəllütariq Muxtariyyatı xarici siyasət və müdafiə məsələləri istisna olmaqla, qalan sahələr üzrə müstəqil siyasət yürüdür. Orada Böyük Britaniyaya məxsus hərbi baza, aerodrom və hava limanı mövcuddur.
Yeniçağ.Az