Rusiyada oliqarx savaşları başlayır – Putinin sistemi üç cəbhədə çatlayır
Rusiyada daxili siyasi və iqtisadi sistem ciddi bir gərginlik mərhələsinə daxil olub.
Yenicag.az xəbər verir ki, Qərb mərkəzli “Moscow Carnegie Center”in hesabatında ölkədə təkcə iqtisadi deyil, eyni zamanda hakimiyyət daxilində struktur böhranının dərinləşdiyi bildirilir. Bu böhranın mərkəzində isə oliqarxlar, təhlükəsizlik strukturları və ordu arasında qarşıdurma dayanır.
Müharibə iqtisadiyyatı və dövlət–kapital münasibətləri

Ukrayna müharibəsindən sonra Rusiyada iqtisadi model köklü şəkildə dəyişməyə başlayıb. Müharibə iqtisadiyyatı dərinləşdikcə dövlətlə böyük kapital arasındakı münasibətlər yenidən qurulur. Büdcə kəsirini aradan qaldırmaq üçün hökumət genişmiqyaslı strateji obyektlərin dövlətin nəzarətinə keçirilməsi həyata keçirir. Son illərdə limanlar, hava limanları, iri sənaye obyektləri və strateji müəssisələr dövlət nəzarətinə keçib.
Bu proses bir tərəfdən dövlətin maliyyə imkanlarını artırsa da, digər tərəfdən oliqarxların iqtisadi təhlükəsizliyini zəiflədib. Nəticədə Kremlin ətrafında formalaşmış iqtisadi elita birbaşa risk altına düşüb.
Milyarderlər artır, təsir azalır

Son statistik məlumatlar Rusiyada milyarderlərin sayının 146-ya çatdığını göstərsə də, bu rəqəm aldadıcı xarakter daşıyır. Bu şəxslərin “zənginliyi” artıq real deyil. Qərbin sanksiyaları nəticəsində xaricdəki aktivləri dondurulan və ölkədən çıxış imkanları məhdudlaşan oliqarxlar, artıq Putinin “müharibə iqtisadiyyatının” girovuna çevriliblər. Onlar öz sərvətlərini qorumaq üçün ordunun maliyyələşməsində iştirak etməyə və Kremlin hər bir göstərişini yerinə yetirməyə məhkumdurlar. İqtisadi müstəqillik artıq tarixə qovuşub.
Oliqarxların narazılığı və Kremlə açıq mesaj

Məlumatlara görə, Rusiya iş dünyasının aparıcı nümayəndələri Prezident Vladimir Putinə birbaşa müraciət edərək dövlətin nəzarətinə keçirilmə prosesinin dayandırılmasını və ya məhdudlaşdırılmasını tələb ediblər. Onlar hesab edir ki, dövlətin iqtisadiyyata həddindən artıq müdaxiləsi uzunmüddətli perspektivdə iqtisadi durğunluq və çöküş riski yaradır.
Lakin bu müraciət Kremlin sərt reaksiyası ilə qarşılanıb. Bu fakt onu göstərir ki, Putinin illər boyu qoruduğu “siyasi sabitlik üçün iqtisadi kompromis” modeli artıq işlək deyil.
2026-cı il: “Maksimum Təhlükə” ili

İqtisadi proqnozlar Rusiyanın 2026-cı ildə dözülməz bir yük altına girəcəyini göstərir. Enerji gəlirlərinin azalması və hərbi xərclərin büdcənin demək olar ki, yarısını udması, 40 milyard dollardan çox büdcə kəsirinə yol açır. Mərkəzi Bankın inflyasiyanı cilovlamaq üçün faiz dərəcələrini 16%-dən yuxarı saxlaması yerli istehsalı tamamilə iflic edib. Bu vəziyyət oliqarxların daxili bazardakı qazanclarını da ciddi şəkildə təhdid edir.
İdarə olunan xaos və “milliləşdirmə” qorxusu
Kreml daxili narazılığı boğmaq üçün “həm qorxu, həm mükafat” sistemindən istifadə edir. Dövlətin strateji müəssisələri milliləşdirmək hədəsi, iş adamlarını səssiz qalmağa məcbur edir. Digər tərəfdən, şəffaflıq tamamilə yoxa çıxıb; dövlət məmurları və banklar artıq bəyannamə vermir, real aktivlərini gizlədirlər. Bu “idarə olunan xaos” rejimi, kiçik bir iqtisadi sarsıntı və ya müharibədəki uğursuzluq anında bütün sistemin dağılması riskini daşıyır.
Qısacası, Rusiya iqtisadiyyatı 1990-cı illərin hiperinflyasiya və qeyri-müəyyənlik dövrünə qayıdır. Əgər 2026-cı ildə gözlənilən iqtisadi qırılma baş verərsə, illərdir susan oliqarxlar və ordudakı elita arasında hakimiyyət uğrunda gizli savaşın açıq qarşıdurmaya çevrilməsi qaçılmaz olacaq. Moskva hazırda bu təhlükəli dalğanın astanasında dayanıb.
Putin dövrünün “ictimai müqaviləsi” niyə dağılır?
Qeyd edək ki, Putinin hakimiyyətinin ilk illərində böyük kapital siyasətdən uzaq saxlanılırdı. Dövlət oliqarxlara iqtisadi sərbəstlik verirdi, qarşılığında isə onların siyasətə qarışmamasını tələb edirdi. Bu model uzun müddət Rusiyada sabitlik yaratmışdı.
Lakin hazırda bu sistem tam şəkildə sıradan çıxır. Xüsusilə enerji, müdafiə və infrastruktur sahələrində fəaliyyət göstərən oliqarxlar arasında maraqlar toqquşur. Dövlət isə bu qarşıdurmalarda neytral vasitəçi rolunu getdikcə itirir.
Təhlükəsizlik strukturlarının yüksəlişi
Böhranın ən kritik tərəfi isə təhlükəsizlik qurumlarının sürətlə güclənməsidir. “Siloviki” adlanan təhlükəsizlik bürokratiyası artıq təkcə təhlükəsizlik sahəsində deyil, iqtisadi və siyasi qərarların qəbulunda da əsas söz sahibinə çevrilir.
Federal Təhlükəsizlik Xidməti (FSB), prokurorluq və digər güc strukturları dövlət aparatında üstün mövqe əldə edib. Bu vəziyyət hətta Putinə yaxın oliqarxların belə özlərini təhlükəsiz hiss etməməsinə səbəb olur. Bu isə hakimiyyət daxilində etimadsızlığı daha da artırır.
Ordu faktoru və daxili gərginlik
Dövlətin şirkətləri öz nəzarətinə götürmə məsələsində ordunun da sərt mövqe tutduğu bildirilir. Müharibənin maliyyələşdirilməsi üçün iqtisadi resursların tam nəzarətə götürülməsi ordunun əsas prioritetlərindən biridir. Bu isə oliqarxlarla ordu arasında açıq maraq toqquşmasına səbəb olur.
Bir tərəfdə iqtisadi elita iqtisadi azadlığın qorunmasını tələb edir, digər tərəfdə isə təhlükəsizlik qurumları və ordu tam nəzarət və mərkəzləşmə siyasətini müdafiə edir.
Təhlükəli qırılma nöqtəsi
Mütəxəssislərin ümumi qənaətinə görə, Rusiyada baş verən bu proseslər təhlükəli bir qırılma nöqtəsinə doğru irəliləyir. Dövlətin təhlükəsizlik yönümlü strategiyası gücləndikcə oliqarxların təsir imkanları azalır. Bu isə hakimiyyət daxilində balansın pozulmasına və dərin siyasi böhrana yol aça bilər.
Hazırkı vəziyyət göstərir ki, Rusiya artıq təkcə xarici siyasətdə deyil, daxili idarəetmədə də ciddi sınaq mərhələsinə daxil olub.
Beynəlxalq siyasi məsələlər üzrə ekspert Aqil Ələsgər hesab edir ki, Rusiyada baş verən proseslər təkcə oliqarx–dövlət qarşıdurması deyil, daha geniş miqyaslı idarəetmə böhranının əlamətləridir.
Ekspertin fikrincə, Putin hakimiyyəti uzun illər ərzində təhlükəsizlik strukturları, oliqarxlar və siyasi elita arasında həssas tarazlıq modeli qurmuşdu. Lakin Ukrayna müharibəsi bu tarazlığı pozub:
“Müharibə iqtisadiyyatı Rusiyada klassik dövlət–kapital münasibətlərini dağıdıb. Dövlət artıq oliqarxları sistemin dayağı kimi yox, resurs mənbəyi kimi görür. Bu isə qarşılıqlı etimadı sıradan çıxarır,” – deyə Aqil Ələsgər bildirir.
Onun sözlərinə görə, təhlükəsizlik strukturlarının – xüsusilə FSB-nin – iqtisadi və siyasi sahələrdə artan təsiri Putinin öz rolunu da zəiflədir:
“Siloviki qruplaşmasının güclənməsi Putinin vasitəçi lider imicinə zərbə vurur. Prezident artıq maraqlar arasında balans yaradan fiqurdan çox, təhlükəsizlik aparatının siyasi üzünə çevrilir,” – ekspert vurğulayır.
Aqil Ələsgər hesab edir ki, oliqarxların Kremlə müraciəti və bu müraciətə verilən sərt cavab Rusiyada hakimiyyət daxilində səssiz qarşıdurmanın açıq mərhələyə keçdiyini göstərir:
“Bu, klassik elit daxili böhrandır. Oliqarxlar iqtisadi çöküşdən qorxur, ordu və təhlükəsizlik qurumları isə müharibəni əsas gətirərək tam nəzarət tələb edir. Bu ziddiyyət uzun müddət davam edərsə, Rusiyada idarəetmə böhranı daha da dərinləşə bilər.”
Ekspertin fikrincə, mövcud proseslər Rusiyanı avtoritar mərkəzləşmənin daha sərt mərhələsinə aparır və bu, ölkənin həm daxili sabitliyinə, həm də beynəlxalq mövqelərinə ciddi təsir göstərə bilər:
“Hazırda Rusiya üçün əsas risk xarici təzyiqlər yox, məhz daxili sistemin dayanıqlığını itirməsidir,” – deyə Aqil Ələsgər vurğulayıb.
Amir Aqiloğlu












