İranda nə baş verir? - Güney Azərbaycan aksiyalara qoşulmamasının ƏSL SƏBƏBİ- TƏHLİL

media-hightechnic-468x90

 

Artıq ötən ilin son günlərindən etibarən İranda etiraz aksiyaları intensiv şəkildə start götürüb. Əsasən farsdilli şəhərlərin əhalisi qiymət artımı, devalivasiya və iqtisadi böhranla bağlı etiraz edərək, hökumətdən tədbir görməsini tələb edir.

Öncəliklə bildirim ki, bu aksiyalar gözlənilən və proqnozlaşdırılan idi. Çünki gedişat gec-tez etiraza səbəb olacaqdı. Bunun üçün ciddi səbəblər var idi. Sanksiyalar, daxili çəkişmə, rejim rəhbərliyi ilə hökumət arasında ciddi fikir ayrılığı, SEPAH-ın ayrıca müstəqil qrup olaraq iş başına keçməsi və sair səbəblər göstərmək olar.

Bu aksiyaların əvvəlki dönəmlərdəki aksiyalardan mühüm bir fərqi diqqəti çəkir. Əgər Məhsa Əmini və ondan öncəki benzin etirazları zamanı aksiyalara ancaq sadə vətəndaşlar, fəhlə və tələbələr qoşulurdularsa, bu dəfəki aksiyanın təşkilatçısı kiçik burjaziyadır. Belə ki, Tehran Bazarının tacir heyəti artıq bahalaşma qarşısında duruş gətirə bilmədiklərindən məcburi bu addımı atmalı olublar.

İndiyə qədərki aksiyalarda burjaziyanın heç bir qolu və təbəqəsi iştirak etməyib. Əsasən İrandakı rejimin əsas iqtisadi dayaqları hesab olunurdular. Lakin bu hadisələr göstərdi ki, rejim həmin dayağını itirməyə başlayıb.

Əgər diqqət etsəniz, İran rejimi etirazçılara qarşı əvvəlki kimi daha sərt davranmır. Kütləvi həbslər, qətllər reallaşdırmır. Çünki ümid edir ki, burjaziyanı yenidən öz tərəfinə çəkə biləcək. Yəni, onlara qarşı daha sərt davranış bu təbəqəni birdəfəlik itirməyə səbəb ola bilər.

Pezeşkian, Qalibaf, habelə Səid Cəlili belə onlara boşuna dialoq təklif etmir. Əksinə, hadisələrin məcrasından çıxmamasına çalışırlar. Və yenidən onların etimadını qazanmağa cəhd edirlər. Bu imkanlar tükənərsə, durum fərqli şəkil almağa başlayacaq.

Hadisələri fərqləndirən bir başqa amil isə şüarlarda və tələblərdə yeniliyin olmasıdır. Düzdür, bundan öncəki aksiyalarda da tələblərdə rejim dəyişikliyi mövzusu var idi. Amma bu dəfəki qədər qabarıq deyildi.

Məsələ belədir ki, etirazçılar molla rejiminin getməsini açıq tələb şəklində qoymağa başlayıblar. Seçim olaraq İranın keçmiş şahı Rza Pəhləvinin ölkəyə dönməsi və hakimiyyətə sahiblənməsi tələbini qaldırıblar.

Niyə Rza Pəhləvi? Məsələ belədir ki, İrandakı rejim daxildə lider olmaq potensialı olan şəxsləri ya məhv edib, ya da ölkədən qaçmasına şərait yaradıb. Adətən, ölkədən qaça bilənlərin sayı barmaqla sayıla biləcək qədərdir. Üstəlik, onlar xaricdə əsl lider kimi yetişə bilməyiblər.

Bu gün müxalifət lideri kimi “Yaşıl Hərəkat”ın lideri Mirhüseyn Musəvinin, habelə Mehdi Kərrubi, hətta keçmiş prezident Həsən Ruhaninin adı çəkilsə də, İran cəmiyyətinin onlara güvənməsi real deyil.

Paralel olaraq, xaricdəki siyasi fəallar arasında da indiyə qədər ciddi bir lider formalaşmayıb. Əgər Məhsa Əmini aksiyaları zamanı Qacar nəslinin nümayəndəsi Babək Mirzə və daha bir neçə nəfərin adı lider kimi səsləndirilsə də, onların siyasi arenadda duruş gətirməsi uzun çəkmədi.

Pəhləvinin ön plana çıxması da məhz alternativsizliyin nəticəsidir. Yəni, onun rəqibi yoxdur. Əgər sabah rəqib ortaya çıxarsa, Pəhləvi əvvəlki kimi yenə ikinci plana keçəcək.

Güney Azərbaycan şəhərləri niyə aksiyalara qoşulmurlar?

Bunun bir neçə səbəbi var. Birinci səbəb odur ki, Təbriz burjaziyası Tehran biznesmenlərindən fərqli olaraq, molla rejimindən istədiyini qopara bilir. Məsələn, son iki gündə Təbrizə külli miqdarda ucuz qiymətə zəruri ərzaq malları göndərilib. Yəni, bazarda əhalinin cibinə uyğun qiymət formalaşdırılıb.

İkincisi, Pəhləvi məsələsi fikir ayrılığına səbəb olub. Güney ictimaiyyəti Pəhləvinin tərəfdarı olmadığını birmənalı bəyan edir. Çünki zamanında şahın hansı zərbələrini yediklərinin fərqindədirlər. Və hesab edirlər ki, Pəhləvi hakimiyyətə gələrsə, Güney Azərbaycan şəhərləri ciddi nəzarət altına düşməklə yanaşı, repressiyaların da mərkəzinə çevriləcək.

Bu əsnada bir məqamı diqqətinizə çatdırım. Ötən günlərdə Rza Pəhləvi açıqlamasında bəyan edib ki, o, İranda türk adlı xalq tanımır. Halbuki öz doğmaca anası Fərəh Pəhləvi əsilli, nəsilli türkdür. Yəni, adam öz anasını danır.

Üçüncüsü, Təbriz İranda 3 dəfə inqilabın beşiyi olmaqla yanaşı, həm də həlledici rol oynayıb. Hər üçündə də ən böyük zərbəni alıb. Xiyabani, Səttar xan öldürüldüyü kimi, Güneyin ən nüfuzlu alimi olan və İslam inqilabından sonra Azərbaycan şəhərlərini mollalara qarşı qaldıran məşhur ayətullah Şəriətmədari də qətlə yetirildi. Bu gün də Mədari tərəfdarları var və onun ideyasını dəstəkləyənlər mövcuddur.

O səbəbdən də Güney prosesləri izləyir, öz maraqlarına cavab verəcəyi təqdirdə hadisələrə qoşulub, həlledici nöqtəni qoyacaq. Yəni, bu gün analoji səhvləri edib, eyni vəziyyətlə üzləşmək istəmirlər.
Bundan sonra İranda nə baş verəcək? Hazırda ölkə içində daha hansı proseslər gedir? Bu barədə də gəlğn yazılarımızda.

Fikrət Fərəməzoğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa