Avstraliya mediası Azərbaycandakı Alban məbədlərindən yazıb
Avstraliyanın beynəlxalq “Ancient-origins.net” (Qədim mənşələr) saytında Azərbaycan ərazisindəki Alban məbədləri haqqında məqalə dərc edilib. “Qədim Azərbaycanda Alban xalqının erkən məbəd və abidələri” sərlövhəli məqalənin müəllifi Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadədir.
Məqalədə Qədim Alban dövlətinin ən çox müasir Azərbaycanın ərazisini əhatə etdiyi qeyd olunur: “Qədim Alban dövlətinin tarixi ərazisi çoxsaylı yazılı tarixi mənbələrin məlumatına görə, eramızın əvvəlindən VIII əsrin əvvəlinədək cənubda Araz çayından şimali Qafqazadək, şərqdə Xəzər dənizinin qərb sahilindən Göyçə gölündən qərbdə yerləşən torpaqlaradək geniş bir sahəni əhatə edir. Makedoniyalı İsgəndərin sağlığı dövründə Alban hökmdarlığının mövcud olmasını antik Roma müəllifi Böyük Plini təsdiq edir. Alban dövləti, eramızdan əvvəl təqribən IV-III əsrlərdə formalaşmış, eramızın VIII əsrində Ərəb xilafəti tərəfindən işğal edilib. Paytaxtı əvvəlcə Azərbaycanın indiki Qəbələ, sonra isə Bərdə şəhərləri olub.
Strabonun məlumatına görə, Albaniya əhalisi 26 dildə danışan tayfalardan ibarət idi”.
Yazıda bildirilir ki, azərbaycanlıların əcdadlarından biri olan albanlar, eyni bir ərazidə formalaşmış və özlərinə məxsus zəngin və təkrarolunmaz mədəniyyət qurublar: “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyin sədri Faiq İsmayılov bildirib ki, məhz bu baxımdan Azərbaycanın qədim və orta əsrlər tarixinin və mədəniyyətinin tədqiq edilməsində, öyrənilməsində yerli alban mənbələrinin əhəmiyyəti xüsusilə vacibdir. Eramızın I əsrindən başlayaraq Roma imperiyası ərazisində yaranmış xristianlıq dini imperiya ilə iqtisadi və mənəvi əlaqələri olan Cənubi Qafqaza da yayılmağa başlamışdır. Albaniya çarı Urnayr xristianlığı rəsmi dövlət dini elan etdikdən sonra ölkədə yeni-yeni xristian məbədləri və kilsələr tikilməyə başlandı”.
Məqalədə Alban dövrü abidələrinin əksəriyyətinin Azərbaycanın bir çox ərazilərində öz ümumi formalarını qoruyaraq dövrümüzə qədər gəlib çatdığı vurğulanır: “Yalnız Qafqaz Albaniyası ərazisində deyil, ümumiyyətlə, Qafqazda tikilmiş ilk xristian kilsəsi olan məşhur Kiş məbədi hazırda Azərbaycanın Şəki rayonunun Kiş kəndində yerləşir. Məbədin üzərində hazırda heç bir epiqrafik yazı olmasa da memarlıq-planlaşdırma xüsusiyyətləri, inşaat üslubu və texnologiyası abidənin alban memarlarının yaratdıqları qiymətli sənət əsəri olmasını sübut edir. Dəfələrlə bərpa və təmir edilmiş məbəd zəmanəmizə kifayət qədər yaxşı vəziyyətdə gəlib çatıb. Vaxtilə məbədin üzərində onun müqəddəs apostol Yelisey kilsəsi olduğunu və 1244-cü ildə alban kilsəsinin arxidiakonu Serafim tərəfindən yenidən qurulduğunu bildirən kitabə olmuşdur”.
Yazıda Azərbaycanın işğal olunmuş ərazilərindəki Alban məbədələri haqqında da məlumat verilir: “Alban memarlığınının IV- XVI əsrlərə aid nümunələri bizim dövrə qədər gəlib çatıb. Buna misal olaraq Azərbaycanın Laçın rayonunun Kosalar kəndindəki Ağoğlan məbədi, Xocavənd rayonu Sos kəndindəki Amaras monastırı, Azərbaycanın Qubadlı rayonundakı Gavurdərə məbədi, Ağdam rayonu Maqadiz kəndində Yegiş Arakel məbədi, Azərbaycanın Xocalı rayonunda Xansıx və Xacmac məbədləri, Azərbaycanın Xocavənd rayonu Tuğ kəndində Qırmızı məbəd, Qərbi Azərbaycanda Ağtala məbədi, Ərcivəng məbədi, Tatev məbədi, Uzunlar məbədi, Yenivəng məbədi, Sənain məbədi alban memarlığının dövrümüzə qədər çatmış ən gözəl nümunələridir. Albaniyada xristianlığın yayılmasında böyük xidmətləri olmuş apostol Yeliseyin xatirəsinə ölkədə əsrlər boyu bir çox məbədlər tikilib. Bunlardan bizim günlərə gəlib çatmış ən maraqlısı Azərbaycanın Ağdərə rayonundakı müqəddəs Yelisey monastr kompleksidir. Azərbaycanın Kəlbəcər rayonunun ərazisində, Tərtər çayının sol sahilində yerləşən, xalq arasında Xotavəng və ya Xudavəng, yəni “tanrı məbədi” adlandırılan monastr kompleksi Qafqaz Albaniyası dövləti dağıldıqdan bir əsr sonra – IX əsrdə Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban knyazlığının dini mərkəzi olmuşdur. Kompleksdə alban yepiskopunun iqamətgahı və dini maarif mərkəzi fəaliyyət göstərmişdir”.
Məqalədə Alban abidlərinin erməni memarlıq abidlərindən fərqləndiyi nəzərə çatdırılır: “Uzun illə Qafqaz Albaniyasının memarlıq abidələrini tədqiq etmiş alimlərin fikrincə, bu abidələr bir çox xarakterik xüsusiyyətlərinə və memarlıq planlaşdırma üslublarına görə erməni dini memarlıq abidələrindən tamamilə fərqlənir”.
Məqaləni aşağıdakı linkdən oxumaq olar: