Avtobusların nə vaxt gələcəyini əvvəlcədən biləcəyik
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ictimai nəqliyyatda nağdsız ödəniş və yeni mobil tətbiqləri istifadəyə hazırlayır.
Belə tətbiqlərdən biri də hazırda test mərhələsində olan “MaaS” (Mobility as a Service) tətbiqidir. Mobil tətbiq vasitəsilə istifadəçilər avtobusların gəliş vaxtını real zaman rejimində izləyə biləcəklər.
Yenicag.az xəbər verir ki, bu barədə Modern.az-a AYNA-dan bildirilib.
Qeyd edilib ki, AYNA “MaaS” (Mobility as a Service) mobil tətbiqi sayəsində istifadəçilər avtobusların gəliş vaxtını real zamanda izləyə biləcəklər.
“Bu yenilik ictimai nəqliyyatda şəffaflıq və rahatlığı artıraraq sərnişinlərin vaxtına qənaət etməyə imkan verəcək. Hazırda layihənin beta-versiyası test olunur. Sınaqlardan sonra tətbiq ictimaiyyətin ixtiyarına veriləcək”, – deyə qurumdan verilən açıqlamada qeyd olunub.
Agentlik bildirib ki, sərnişinlərə göstərilən xidmət keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə hazırda AYNA tərəfində innovativ həllər üzərində iş aparılır.