!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AY Partiya Başqanı: “Bakı Bəyannaməsi birgə ordunun yaradılmasına gətirib çıxaracaq”

!Reklam – Yazi

“Azərbaycan, Türkiyə, Pakistan parlament sədrlərinin bu gün keçirilən görüşündə Bakı Bəyannaməsi imzalanıb. Üç dövlət arasında öncədən Xarici işlər nazirləri səviyyəsində üçtərəfli platforma var idi. İndi bu platforma parlamentlər səviyyəsində yaradılır. Bu, olduqca əhəmiyyətli, strateji addımdır”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bildirib.

Onun fikrincə, bu platformanın yaradılması həm də o deməkdir ki, gələcəkdə dövlət rəhbərləri səviyyəsində üç ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək beynəlxalq platforma, mexanizm yaranacaq. Çünki dövlətlər arasında mühüm müqavilələrin imzalanması, o cümlədən xarici siyasətlə bağlı prioritet məsələlələr prezident və hökumət səlahiyyətlərini aşır, qanunverici orqanın təsdiqi ilə icra olunur.

“Görüşün detalları barədə çox məlumat verilməsə də, düşünürəm ki, hər üç ölkə arasında parlamentlərarası əlaqələrin daha sıxlaşdırılması, öncədən hökumət və dövlət başçıları səviyyəsində qəbul edilmiş qərarların ratifikasiyası, həmçinin ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərin inkişafı, ortaq ticarət dövriyyəsinin yaradılması, bu üç ölkə arasında xüsusən hərbi sahədə mövcud olan əməkdaşlığı nəzərə alsaq, birgə ordunun yaradılması istiqamətində qərarlar alınacaq.
Düşünürəm ki, bu görüşün xüsusən sərhəd xəttində təxribatların intensivləşdiyi bir vaxtda keçirilməsi təsadüfi deyil. Hərbi sahədə əməkdaşlığımızın qanunvericilik səviyyəsinə yüksəldilməsi bir müddət sonra yəqin ki, prezidentlər səviyyəsində qəti mövqe ortaya qoyulması ilə nəticələnəcək. Bu görüşün də mesajı ondan ibarətdir ki, Azərbaycan bölgədə tək deyil və nəinki qardaş Türkiyə, hətta nüvə ölkəsi olan, regional proseslərə ciddi təsir imkanına sahib Pakistan da bizim yanımızdadır. Bu ölkələr bizimlə bir olduqca heç kim bizə şərt diktə edə bilməz”, – deyə partiya Başqanı əlavə edib.

Anar Əsədli bildirib ki, İkinci Qarabağ müharibəsində Türkiyə təmənnasız olaraq, Azərbaycanın yanında yer aldı, siyasi və mənəvi dəstəyini verdi:

“Pakistan da Azərbaycana açıq dəstəyini ifadə edən ölkədir. Bu baxımdan dövlətlərimizin xüsusi birliyi, dostluğu var. Vətən müharibəsi dövründə həm Türkiyə, həm Pakistan parlamentinin bəyanat və qətnamələr qəbul edərək prinsipial mövqe nümayiş etdirməsini, qardaş ölkələrin hökumətiləri tərəfindən Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə qətiyyətli dəstək verilməsini, mənəvi dəstəyi yüksək qiymətləndirərək, biz bu dostluğun platforma halına gəlməsini istəyirik. Nəzərə almaq lazımdır ki, bölgənin taleyi bu üç dövlətdən asılıdı.

Hər iki dövlətin mövqeyi Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Bu ölkələr hətta Cənubi Azərbaycan məsələsiylə bağlı Azərbaycandan fərqli olaraq, daha sərt mövqe nümayiş etdirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qələbə paradında çıxışı zamanı məlum şeiri səsləndirməsi və İranın hakim dairələrinin narahatlığı, yaxınlarda Pakistanın baş naziri İmran xanın Cənubi Azərbaycandakı soydaşlarımızın sıxışdırılması ilə bağlı İrana sərt bəyanat verməsi, hərbi güc göstərəcəyinə dair təhdid etməsi bir daha göstərdi ki, Türkiyə, Pakistan, Azərbaycan arasında xüsusi birlik, dostluq, qardaşlıq mövcuddur. Azərbaycan, Türkiyə, Pakistan parlament sədrlərinin üçlü formatda keçirilən ilk görüşünün də bu qardaşlığın daha yüksək mərhələyə çatdırılmasına töhvə verəcəyini düşünürəm”.

www.yenicag.az

477
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv