Aydan seriallarda NİYƏ YOXDUR: Səbəb qonorar azlığıdır, YOXSA?
“Son vaxtlar seriallarda az-az görünməyimin əsas səbəbi artıq yalnız keyfiyyətli layihələrdə yer almaq istəyimlə bağlıdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında aktrisa Aydan Ağayeva deyib.
Əksər seriallarda baş rolları canlandıran Aydan hər təklifi qəbul etmədiyini bildirib:
“Düşünürəm ki, bu, mənim karyeram üçün olduqca önəmlidir. Bu il ərzində mənə bir neçə serialdan təklif gəlib. Bəzilərini uzunmüddətli olduğu üçün qəbul etmədim, bəzilərini isə qonorar məsələsinə görə uyğun hesab etmədim. Bu ilin noyabr ayında isə ARB kanalında yayımlanacaq “Çınar Ömrü” serialında çəkilmişəm. Serialda baş rolu canlandırıram. Layihə mart ayında efirə gedəcək. Açığı, ilkin olaraq bu serialı da qəbul etmək fikrim yox idi. Lakin rejissorun və ortaq tanışımızın israrı ilə razılaşdım. Qəbul etməyimin əsas səbəbi serialın cəmi 10 bölüm olması idi”.
Aktrisa vaxtının çox hissəsini teatra və şəxsi həyatına ayırdığını söyləyib:
“Hazırda əsas diqqətimi teatra yönəltmişəm. Çünki bu sahəyə gəldiyim ilk illərdə daha çox seriallarda çəkilmişəm. Son illərdə isə teatra xüsusi marağım yaranıb. Teatrda maraqlı tamaşalar hazırlanır, mütəmadi olaraq məşqlərimiz olur. Biz ayda bir dəfə yox, demək olar ki, hər həftə sonu tamaşa oynayırıq. Buna görə də vaxtımın böyük hissəsini teatra və şəxsi həyatına ayırıram”.
Cəvahir












