Aydəm niyə Adəm oldu? - Ramiz Mehdiyevin adı Vəhdət Partiyasının yeni sədrinin GİZLƏDİLƏN DOSYESİNDƏ
Xəbər verdiyimiz kimi, iyunun 13-də Vəhdət Partiyası növbədənkənar qurultay keçirərək, təşkilatda rəhbərlik dəyişikliyi həyata keçirib. Partiyaya uzunmüddətli sədrlik edən Tahir Kərimli vəzifəsindən istefa verib və onun yerinə sədr müavini Adəm İsmayıl Bakuvi seçilib. Bu dəyişiklik isə ictimai və siyasi çevrələrdə geniş müzakirələrə səbəb olub.
Yenicag.az xəbər verir ki, yeni sədrin şəxsi və peşəkar fəaliyyəti mediada geniş yer alıb. Əsl adı Aydəm İsmayılov olan Adəm İsmayıl Bakuvi son dövrlərdə politoloq, publisist, yazıçı və elmlər doktoru kimi tanınır. O, hətta 3 monoqrafiyanın, 20-yə yaxın elmi məqalənin və bir neçə romanın müəllifidir. Lakin onun fəaliyyəti yalnız akademik və publisistik sahələrlə məhdudlaşmır. A. İsmayılovun biznes sahəsində, xüsusilə tikinti sektorunda müxtəlif layihələrdə iştirak etdiyi də bildirilir.
Dövri mətbuatda aparılan qısa araşdırmalar onun “Green Park Azərbaycan” MMC-yə rəhbərlik etdiyini və keçmişdə Prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə yaxınlığı ilə seçildiyini üzə çıxarıb. İddialara görə, cənab İsmayılov bu nüfuzlu şəxsə qiymətli hədiyyələr təqdim etməklə şəxsi əlaqələrini gücləndirməyə çalışıb. Hətta bildirilir ki, barəsində danışdığımız cənab İsmayılov bu münasibətlər sayəsində paytaxtın mərkəzində bir neçə çoxmənzilli binanın tikintisinə nail olub.
Yayılan məlumatlardan biri isə budur ki, 2017-ci ildə A. İsmayılovun rəhbərlik etdiyi “A-3 Sənaye Tikinti Korporasiyası” MMC-nin adı həmçinin Yasamal rayonu ərazisində 54 ağacın qanunsuz şəkildə kəsilməsi ilə bağlı qalmaqallı hadisədə də yer alıb. Bu ekoloji cinayət isə geniş ictimai narazılıqla qarşılanıb. Mətbuatda yayılan məlumatlara əsasən, hadisədən sonra şirkətlə bağlı hüquqi tədbirlər görülüb və Aydəm İsmayılovun qardaşı Azər İsmayılov həbs olunub. Şirkətin həmin dövrdə rəsmi direktoru isə cənab İsmayılovun həyat yoldaşı Dilşad İsmayılova olub.
Digər iddialara görə, Aydəm İsmayılov vaxtilə “Tri Korono” yaşayış kompleksindən bir mənzili Ramiz Mehdiyevə təqdim edib. Həmin mənzilin isə R. Mehdiyevin kürəkəninə yaxın şəxsin adına rəsmiləşdirildiyi bildirilir. Bundan əlavə, onun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun əlaltısı olan “Akula Akif” ilə də yaxın münasibətlərinin olduğu səslənən iddialar arasında yer alıb.
Bu fonda isə Aydəm İsmayılovun siyasi partiya rəhbərliyinə gətirilməsi cəmiyyətdə ciddi suallar doğurur. Bəzi siyasi şərhçilər bu təyinatı “boz kardinal” Ramiz Mehdiyevin siyasi nüfuzunu bərpa etmək cəhdi kimi qiymətləndirirlər. Yəni Vəhdət Partiyasındakı son dəyişikliklər sadəcə struktur dəyişikliyi deyil, eyni zamanda ölkə siyasətində köhnə nüfuz dairələrinin yenidən aktivləşməsi kimi də təhlil olunur. Sözügedən məsələdə Tahir Kərimlinin yerinə Ramiz Mehdiyevin adamının gətirilməsi isə adıçəkilən iddiaları genişləndirir.
Yazıda adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Yenicag.az