Paşinyanın antikilsə siyasətinin əsas məqsədi: "Gözlənilən konstitusiya dəyişikliklərinə..."
“Paşinyan hazırda hakimiyyətlə kilsə arasında münasibətləri süni şəkildə gərginləşdirməyə çalışır”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın daxili auditoriyanı sakitləşdirmək üçün atacağı addımlardan və güddüyü məqsədlərdən danışan politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.
Politoloq bildirib ki, Paşinyan hökuməti daxili siyasətdə müəyyən addımlar atmağa hazırlaşır:
“Bu, ilk növbədə, ölkədə hakimiyyətin möhkəmləndirilməsi məqsədilə siyasi və qanunvericilik sistemində bəzi dəyişikliklərin edilməsi ilə özünü göstərəcək. Paşinyan, eyni zamanda, hakimiyyətdə qalmaq və ya növbəti siyasi dövrdə üstünlük qazanmaq üçün müəyyən addımlar planlaşdırır. Əgər hakimiyyətdə qalmaq üçün konstitusiyanı dəyişmək zəruri olarsa, Paşinyan bunu da etməkdən çəkinməyəcək.
Hazırkı şəraitdə baş nazir konstitusiya dəyişikliklərinin Azərbaycanın tələbləri əsasında həyata keçirildiyini gizlətmək məqsədilə müxtəlif versiyalar irəli sürür. Yəni prosesi elə təqdim etməyə çalışır ki, guya konstitusiyanı dəyişmək zərurəti Azərbaycanın tələbləri ilə deyil, Ermənistanın daxili maraqları ilə əlaqəlidir.
Bu məqsədlə Paşinyan hazırda hakimiyyətlə kilsə arasında münasibətləri süni şəkildə gərginləşdirməyə çalışır. O anlayır ki, kilsə ilə münasibətlərin daha da kəskinləşdirilməsi cəmiyyətin diqqətini bu məsələyə yönəldəcək. Çünki o, kilsənin öz fəaliyyətinə mane olduğunu düşünür. Buna görə də Paşinyan kilsə ilə münasibətləri bilərəkdən kəskinləşdirir ki, gözlənilən konstitusiya dəyişikliklərinə kilsə rəhbərinin seçilməsində hökumətə iştirak hüququ verən maddələri daxil etsin.
Bir sözlə, əsas gözlənti Paşinyanın öz hakimiyyətini möhkəmləndirmək məqsədilə siyasi islahatlara getməsi, kilsəni sıxışdırması və onun üzərində nəzarəti artıran dəyişikliklərin konstitusiyaya salınmasıdır”.
Nəsimi Ələsgərli