Dənizkənarı Bulvar İdarəsinin mənfəəti artdı
Dənizkənarı Bulvar İdarəsi (DBİ) 2024-cü ili 3,209 milyon manat mənfəətlə başa vurub. Bu da öncəki il ilə müqayisədə 22,85 faiz çoxdur.
İdarədən Yenicag az-a bildirilib ki, 2024-cü il üzrə konsolidə edilmiş maliyyə hesabatları və Müstəqil Auditor Hesabatına əsasən, qurumun 2024-cü ildə əməliyyat gəlirləri 2,9 milyon manat artaraq 22,610 milyon manata çatıb. Bununla yanaşı, insan resursları üzrə xərclər 14,041 milyon manat (18,8 faiz çox), amortizasiya və köhnəlmə xərcləri 1,44 milyon manat (16,46 faiz az), digər əməliyyat xərcləri isə 3,023 milyon manat (15,06 faiz az) təşkil edib.
Ötən il İdarənin cəmi əməliyyat mənfəəti 3,247 milyon manat (24,3 faiz çox), xalis mənfəəti isə 3,209 milyon manata (22,85 faiz çox) bərabər olub. Belə ki, qurum 2024-cü ildəki fəaliyyətindən 190,25 min manat vergiyə cəlb olunan mənfəət əldə edib və bundan 38 050 vergi dövlət büdcəsinə ödənilib. Həmçinin 83,77 min manat əmlak vergisi dövlət büdcəsinə ödənilib.
Qeyd edək ki, bu, 2019-cu ildən bəri İdarənin təqdim etdiyi hesabatlarda ilk haldır.
2024-cü ilin yanvarın 1-nə DBİ-nin aktivləri 214,834 milyon manat olub ki, bu da 2023-cü il ilə müqayisədə 42,5 faiz azdır. Hesabat dövründə İdarənin öhdəlikləri 0,98 faiz artaraq 24,277 milyon manata, balans kapitalı isə 45,5 faiz azalaraq 190,557 milyon manata çatıb.
2024-cü ilin sonuna yığılmış zərərdə öncəki illə müqayisədə 12,36 faiz azalma qeydə alınıb.