“Azadlığa buraxılmağımda bir nəfərin rolu olub”
“Mənim həbsdən azad olmağım göydə Allahın iradəsi, yerdə bəzi adamların xidmətləri sayəsində oldu”.
Açıqlama verən Ədalət partiyası sədrinin müavini Etimad İsmayılov belə deyib.
Xatırladaq ki, saytımıza daxil olan imzasız məktubda İlyas İsmayılova və onun yaxınlarına Etimad İsmayılovun azadlığa buraxılmasında bəzi dövlət adamlarının iştirakını unutmamaq tövsiyyə olunmuşdu. Bununla bağlı bəzi bilinməyən mətləblərə aydınlıq gətirən Ədalət Partiyasının sədr müavini azadlığa qovuşmasında xidməti olan şəxsin kimliyinə aydınlıq gətirdi:
“Mənim azadlığa buraxılmağımda Azərbaycandan yalnız bir nəfərin müstəsna rolu olub. O da Azərbaycan Prezidenti İlham Əliyevdir. Qanunsuz olaraq həbsdə saxlandığımı eşidən kimi cənab İlham Əliyev o dövrün Rusiyalı həmkarı Dmitri Medvedyevə zəng edib və ondan məhkəmənin ədalətlə aparılmasını istəyib. Medvedyev də öz növbəsində məhkəmə sisteminə bu cür göstəriş verib. Yenidən keçirilən məhkəmə nəticəsində günahım sübut olunmadığı üçün azadlığa buraxılmışam”.
Haqqında irəli sürülən ittihamdan bəraət almamasını Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən həbs olunmasıyla izah edən Etimad İsmayılovun fikrincə ona bəraət verilsəydi, o zaman Rusiya özünün ən strateji önəm daşıyan orqanını ittiham qarşısında qoya bilərdi. Odur ki, məni cəzamın geridə qalan hissəsini çəkməkdən azad etdilər.”