!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"AZAL-ın rəhbərinin inhisarçılıqla əldə olunan mülkləri, şirkətləri və daşınmaz əmlakları var" - Sabiq deputat

!Reklam – Yazi

“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2020-ci il üzrə maliyyə hesabatını açıqlayıb. AZAL-ın yığılmış zərəri 1,7 milyard manata çatıb.

Mövzu ilə bağlı sabiq deputat, iqtisadçı Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında bildirib ki, Səmərəsiz idarəçilik iri şirkətlərin fəaliyyətinə mənfi təsir göstərir:

“Dövlət müəssisələri, xüsusən də iri vergi ödəyicisi olan şirkətlər həm də inhisarçılardır. Onların zərərlə işləməsini iqtisadi məntiq qəbul edə bilməz. Ona görə də iri şirkətlərin zərərlə işləməsi faktları sosial şəbəkələrdə tənqidlə qarşılanır. Jurnalist araşdırmaları ilə sübut olunan faktlara görə, AZAL-ın rəhbəri və rəhbərliyin tabeliyində olan şəxslərin inhisarçılıqla əldə olunan mülkləri, şirkətləri və daşınmaz əmlakları var. Bu heç də onların aldıqları maaşın həcminə uyğun deyil. Bu baxımdan, AZAL və bu kimi şirkətlərin zərərlə işləməsinin səbəbi yanlış idarəetmə sistemi ilə bağlıdır. Səmərəsiz idarəçilik iri şirkətlərin fəaliyyətinə mənfi təsir göstərir.

Yeri gəlmişkən, ölkə başçısı İlham Əliyev öz çıxışlarından birində AZAL-ı misal çəkərək dövlət şirkətlərinə bir sıra güzəştlərin edildiyini bildirmişdi. Lakin həmin şirkətlərin nizam-intizamsız fəaliyyəti borclarının artmasına da yol açır. Unutmayaq ki, bu şirkətlərin xarici institutlara olan borclarını dövlət ödəyir, eyni zamanda, təyyarə parkının yenilənməsi də dövlət hesabına baş verir. Buna baxmayaraq, AZAL-ın zərərlə işləməsi məmur özbaşınalığının bariz nümunəsidir. AZAL-ın fəaliyyətinə nəzarət edən müvafiq qurumlar da öz öhdəliklərini düzgün yerinə yetirmirlər. Təəssüf ki, idarəetmədə olan qohumbazlıq, regionçuluq, tanışlıq kimi hallar dövlət şirkətləri üzərində ictimai nəzarətin olmamasına və ictimai fikirə hörmət edilməməsinə səbəb olur. Buna görə də AZAL öz xərclərini yalandan “artırır” və cəmiyyətə zərərlə işləmək kimi informasiyalar ötürür”.

Qeyd edək ki, 2020-ci ildə aviaşirkətin daşımalar üzrə və digər gəlirləri 335,2 milyon manat, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar hökumətdən aldığı subsidiyalar 232,8 milyon manat, əməliyyat xərcləri 540,2 milyon, maliyyə xərcləri 83,9 milyon manat, xarici valyuta mübadiləsindən zərəri 9,4 milyon manat, mənfəət vergisi ödəmələri isə 10,2 milyon manata bərabər olub. QSC-nin aktivləri 5% azalaraq 1,978 milyard manata, öhdəlikləri 1,5% azalaraq 2,757 milyard manata enib. Balans kapitalının çatışmazlığı 9% artaraq 779,760 milyon manata yüksəlib.

Gülşən Şərif

www.yenicag.az

539
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv