Azay Quliyev: ““Dağlıq Qarabağ”ın statusunun süni şəkildə gündəmə gətirilməsi separatizmə dəstəkdir” – VİDEO

Fevralın 24-də ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyası çərçivəsində qurumun Daimi Komitəsinin iclası keçirilib.

Yenicag.az xəbər verir ki, iclas çərçivəsində ATƏT PA-nın Prezidenti, Baş katibi, xəzinədarı, Xüsusi Komitə rəhbərləri və digər nümayəndələrinin hesabatları dinlənilib, eləcə də Assambleyanın gələcək tədbirlərinin təşkilati məsələləri müzakirə olunub.

İclasda iştirak edən Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev qurumun Baş katibi Roberto Montellanın hesabatında Ermənistanla Azərbaycan arasında parlament dialoqunun qurulmasında ATƏT PA-nın mümkün roluna dair müddəaları barədə fikirlərini bölüşüb.

“İcazənizlə cənab Montellanın ATƏT PA-nın Ermənistanla Azərbaycan arasında davamlı sülh və barışığın təşviqindəki rolu ilə bağlı mənim də dəstəklədiyim təşəbbüsü haqqında danışmaq istərdim.

Bundan əvvəl Daimi Komitənin nəzərinə çatdırım ki, Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderlərinin 10 noyabr 2020-ci il tarixdə imzaladığı Üçtərəfli Bəyanat qalan 3 rayonumuzun da işğaldan azad olunması ilə nəticələndi ki, bu da Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına tam olaraq son qoydu.

Bu bəyanat, Ermənistanla Azərbaycan arasında 30 ilə yaxındır ki davam etmiş silahlı münaqişənin həlli və suverenliyin, ərazi bütövlüyünün və dövlət sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması əsasında hərtərəfli sülh sazişinin imzalanması üçün zəmin yaratması ilə əlamətdar oldu.

Azərbaycan münaqişədən zərər çəkmiş ərazilərdə yaşayan erməni mənşəli vətəndaşlarını öz Konstitusiyasına əsasən digər vətəndaşlarla bərabər hüquq və azadlıqlarla təmin edərək onları ölkənin siyasi, sosial və iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qərarlıdır.

44 günlük müharibədən sonra meydana gələn vəziyyət, eləcə də 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarının imzalanması aktuallığını itirmiş fikirlərdən imtina etməyi və mövcud reallığa uyğun olaraq adekvat addımların atılmasını daha da vacib edir.

Bu baxımdan “Dağlıq Qarabağ”ın qondarma statusunun müəyyən olunması məsələsini süni şəkildə gündəmə gətirmək cəhdləri separatizmə dəstək və Azərbaycan Respublikasının suverenliyinin pozulması kimi qiymətləndiriləcəkdir.

Buna görə də, münaqişədən sonrakı proseslərə töhfə vermək arzusunda olan beynəlxalq maraqlı tərəflər bütün fəaliyyətlərini bu bəyanatlarda əks olunan sülh, sabitlik və əməkdaşlıq vizionunun həyata keçirilməsinə yönləndirməlidir.

Azərbaycan üçün 2021-ci il münaqişədən sonrakı quruculuq işləri və işğaldan azad olunmuş ərazilərin hərtərəfli inkişafına yönələn tədbirlər çərçivəsində bütün tərəfdaşlarla fəal əməkdaşlıq ili kimi yadda qalacaq.

Bu baxımdan da, Baş katib Montellanın münaqişə sonrası sabitləşmə və Ermənistan ilə Azərbaycan arasındakı sülh prosesinin prinsipial mərhələsinə töhfə vermək üçün qarşıdakı aylarda ATƏT PA-nın faydalı platformaya çevrilməsinə dair təşəbbüs və təklifini yüksək qiymətləndiririk.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti olaraq, biz, regional sülh, təhlükəsizlik və xalqlarımızın mənafeyi naminə bütün bu təşəbbüslərin reallaşmasında rolumuzu oynamağa hazır olduğumuzu bildiririk.

Erməni həmkarlarımızdan da bu məsələlərlə bağlı analoji qətiyyətli yanaşmanı görəcəyimizə ümid edirəm”.

Loading...