Azərbaycan-Çin münasibətlərində YENİ DİNAMİZM: “Tərəflər arasında əməkdaşlığın güclənməsinə şərait yaradır” – Tənzilə Rüstəmxanlı yazır
Prezident İlham Əliyevin Çinin CGTN telekanalına verdiyi müsahibəsi mühüm məqamlarla yadda qalıb. Dövlətimizin başçısı ölkəmizin hədəflərini, eyni zamanda, Azərbaycanın iqtisadi gücünü dəqiq şərh edərək görüləcək işlərin anonsunu verib, eləcə də həm respublikamız, həm də beynəlxalq gündəm üçün həlledici olan bir çox mövzulara toxunub.
Azərbaycan və Çin arasında son illərdə münasibətlərin inkişafından danışan Prezident İlham Əliyev vurğulayıb ki, bərpa olunan enerji, nəqliyyat, istehsalat, idxal və ixrac istiqamətində əməkdaşlıq haqqında ətraflı məlumat verib. İki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanatın mətni ikitərəfli əlaqələrin geniş təsvirini yaradır. Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir. Müsahibədə Prezident İlham Əliyev nəqliyyat əlaqələri sahəsində əməkdaşlığın vacibliyinə də toxunub və Azərbaycanın Şərqlə Qərb arasında yüklərin daşınmasını təmin edən Orta Dəhliz layihəsində əsas rol oynaya biləcəyini deyib.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan müstəqilliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına və beynəlxalq tərəfdaşlığa yönəlmiş xarici siyasətini fəal şəkildə inkişaf etdirməkdə davam edir. Dövlətimizin başçısı Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə yönəlmiş sabit və çoxvektorlu xarici siyasətinin əhəmiyyətindən də söhbət açıb. Eyni zamanda, ölkəmizin beynəlxalq aləmdə uğurlu fəaliyyət göstərməsi üçün sabit daxili siyasətin və güclü iqtisadiyyatın vacibliyini diqqətə çatdırıb. Bu dost dövlətlər Qlobal Cənubun bir hissəsi kimi inkişaf etməkdə olan ölkələrin maraqlarını beynəlxalq platformalarda birlikdə müdafiə edir, ədalətli və çoxqütblü beynəlxalq münasibətlər sisteminin formalaşmasına töhfə verir.
Siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, Azərbaycan və Çin arasında mədəni və humanitar sahələrdə də əlaqələr getdikcə genişlənir. Xüsusilə vurğulamaq lazımdır ki, strateji tərəfdaşlığın qurulmasına dair Birgə Bəyannamədə iki ölkənin mövcud müqavilə-hüquqi bazası çərçivəsində təhsil sahəsində əməkdaşlığın sabit inkişafı bəyan edilib. Bununla yanaşı, dillərin öyrənilməsi və tədrisi sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib. Azərbaycan və Çinin ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı əldə edən ölkələrimizin vətəndaşlarının sayı ildən-ilə durmadan artır. Konfutsi İnstitutunun tərəfdaşları olan Azərbaycanın bir sıra ali təhsil müəssisələrində Çin dili tədris olunur. Sevindirici haldır ki, son illərdə Çində də Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsi mərkəzləri fəaliyyətə başlayıb, müvafiq kafedra yaradılıb. İki ölkənin universitetləri arasında məhsuldar əməkdaşlıq həyata keçirilir, zəruri müqavilə-hüquqi baza yaradılır.
Bu əlaqələr Azərbaycan-Çin münasibətlərində yeni dinamizm yaradır və tərəflər arasında əməkdaşlığın güclənməsinə şərait yaradır. Beləliklə, Azərbaycan-Çin münasibətləri sadəcə iki ölkənin maraqlarını deyil, daha geniş coğrafi məkanın təhlükəsizlik və inkişaf arxitekturasını əhatə edir. Qarşılıqlı etimada əsaslanan bu tərəfdaşlıq modeli gələcəkdə daha da möhkəmlənərək beynəlxalq münasibətlərdə mütərəqqi əməkdaşlıq nümunəsi olaraq qalacaq.