“Azərbaycan ən qabaqcıl ordular sırasındadır”

“Azərbaycan Ordusunun taktiki təlimlərlə yüksək nəticələr əldə etməsi hərbçilərdə müsbət əhval-ruhiyyənin yaranmasına səbəb olur”.

Yenicag.az xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında “Sosial Rifah və Tədqiqatlar” İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun şəxsi heyəti hərbi təlimlərlə həm hərbi-texniki sahədə inkişaf edir, həm də yeni biliklər qazanır:

“Bu gün Azərbaycan Ordusunun silahlanmasını müasir silah sistemləri təşkil edir. Hərbi təchizatımızda daim ən yeni döyüş vasitələri, hərbi texnikalar və silah-sursat yer alır. Hərbi təlimlərdə də belə müasir texnikaların tətbiqi metodları təkmilləşdirilir, döyüşün aparılmasında taktiki üsullar işlədilir. Məsələn, Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş təlimlərində Türkiyənin hərb sistemi kifayət qədər inkişaf etdiyinə görə, öyrəniləsi məqamlar çox oldu”.

Ə. Bəydəmirli bildirib ki, hərbi təlimlər şəxsi heyətin döyüş bacarıqlarını təkmilləşdirir:

“Azərbaycanın iqtisadi imkanları artdıqca bu sahənin hərtərəfli modernləşməsi prosesi gücləndirilir. Cənab Prezidentin də tez-tez sərhəd rayonlarına səfərlər edərkən hərbçilərlə görüşməsi onların ruh yüksəkliyini artırır. Maddi-texniki təminatın yüksək səviyyədə olması ordunun şəxsi heyətində də daim xoş əhval-ruhiyyə yaradır”.