“Ermənistanın siyasi mövqeyində böyük bir ziddiyyət var”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Eks-nazir Ermənistan 5 aprel Brüssel görüşlərindən sonra silahlanması fonunda Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla sərhədlərin delimitasiyası üzrə işçi qrupunun yaradılması haqqında fərman imzalaması faktını şərh edib.
İrəvanın ziddiyyətli siyasətindən söz açan T.Zülfüqarov əlavə edib ki, Paşinyan bir neçə yerdə bəyan edib ki, o, Almatı bəyannaməsinə sadiqdir.
“Lakin İrəvan de-fakto Almatı bəyannaməsinin prinsiplərini qəbul etməyib. Əgər belədirsə, o zaman Ermənistanın inzibati sərhədlərini götürsək, sözügedən 4 kənd həmişə Azərbaycanın tərkibində idi. Bu baxımdan, həmin ziddiyyətləri Azərbaycan tərəfi daim vurğulayırdı. Biz görürük ki, bu kəndlərin qaytarılmasından sonra ABŞ-nin Dövlət Departamentinin Ermənistanın həmin addımı dəstəkləyən bəyanatı yayımlandı”, – deyə o bildirib.
Onun sözlərinə görə, əgər təkcə sərhədlər mövzusuna toxunsaq, görərik ki, burada məsələ fərqlidir:
“Əslinə qalsa, Azərbaycan Almatı bəyannaməsinin prinsiplərinə və sərhədlərin bu çərçivədə təyin olunmasının tərəfdarıdır. Amma problem ondan ibarətdir ki, Azərbaycanın 1991-ci ildə Ermənistanla inzibati sərhədləri yox idi. Çünki 1989-cu ildə Ermənistan birtərəfli olaraq SSRİ-nin tərkibində ola-ola bunu ləğv etdi. Bu baxımdan, Ermənistanla delimitasiya və demarkasiya prosesi çətindir”.
T.Zülfüqarova görə, bəllidir ki, tərəflər sovet dövrünə aid inzibati sərhədləri əsas götürməlidir:
“Amma hansı ilin xəritələri əsas götürüləcək, bu, hələlik müzakirə olunan məsələlərdən biridir. 4 kəndə gəldikdə isə bu yaşayış məntəqələri heç vaxt Ermənistana aid olmamışdı ki, bu da Azərbaycanın mövqeyinə uyğundur. Çünki rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, sərhədlərin müxtəlif hissələri müxtəlif illərdə olan xəritələr əsasında delimitasiya və demarkasiya edilməlidir.
Bu da Ermənistan tərəfindən əsas kimi götürülüb”.
Rafi Müslümov
www.yenicag.az