İsgəndər Çəndirlinin rüşvət mexanizmindən kimlərin xəbəri var imiş?
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin ləğv edilməsi haqqında fərman imzalayıb. Fərmanla müəyyən edilir ki, Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin vəzifə və funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə verilir.
Nazirlər Kabinetinə bu fərmanın 1-ci və 2-ci hissələrini nəzərə alaraq, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamənin yeni layihəsini, habelə Xidmətin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; ləğv edilmiş Satınalmalar üzrə Dövlət Agentliyinin istifadəsində olan dövlət əmlakının Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə verilməsini bir ay müddətində həll etmək; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə iki ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
İsgəndər Çəndirli tenderə girənlərdən rüşvəti necə alırdı?
Qeyd edək ki, bu gün Prezident sərəncamı ilə ləğv olunmuş Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin sədri İsgəndər Çəndirlinin uzun illərdən bəri kölgədə qalmış fəaliyyəti barədə hələ bir neçə ay əvvəl şikayət daxil olmuşdu… Həmin vaxt “Təzadlar” araşdırma apardı və… Məlum olurdu ki, bu Agentlik əməllicə korrupsiya yuvasıdır, rüşvət meydanıdır… Bu barədə az sonra. Hələlik isə bir müddət əvvəl apardığımız bir araşdırma barədə: …Binəqədi rayonu, Azadlıq prospektində 15 nəfərin faciəli ölümü, 50-dən çox insanın yaralanması, yüzlərlə ailənin ev-eşiyindən didərgin salınması, ağır mənəvi və maddi zərbəyə tuş gəlməsi ilə nəticələnmiş hadisənin “ilinə” bir neçə ay qalır. Amma artıq indidən görünür ki, bu sahədə problemlərin kökü daha dərinə gedib çıxır… Təsəvvür edirsinizmi, “Bakı-2015 Avropa Oyunları”nın həyəcanını yaşayan, paytaxtda bu möhtəşəm idman bayramına hazırlıq görən Azərbaycan birdən-birə belə bir süni fasad faciəsinin toz-torpağına, söküntü və dağıntısına səfərbər edildi… On minlərlə tikinti mütəxəssisi hələ də məlum süni üzlüyü sökülmüş binaların, hasarların bərpa edilməsi işinə cəlb olunub… İşlər hələ də davam edir. Dövlətə bu çətin məqamda yüz milyonlarla manat maddi ziyan dəyib…
Bəli, Prezidentin sədrliyi ilə həmin vaxt xüsusi komissiya yaradıldı, binalara uzun illərdir süni üzlük vurulmasını həyata keçirən bir qrup iş adamları həbs edildi, bu işə “dabro” vermiş məmurlar isə prezidentin “qara siyahısı”na salındı, onların da cəzalandırılacağı şübhə doğurmurdu, amma… Az qala bütün dünyaya səs salmış bu hadisə Azərbaycan kimi iqtisadi inkişaf yolu tutmuş, bu yolda dönməz kurs götürmüş bir ölkənin tikinti sektorunda nə qədər zəif nöqtələrin olduğunu aşkarladı…
Azərbaycan iqtisadiyyatının “zəif nöqtəsi” – İsgəndər Çəndirlinin tenderləri…
Azərbaycanda Satınalmalar üzrə Dövlət Agentliyi adlı bir qrum var idi… Bu günə kimi… Və bu günəcən çoxları üçün bu Dövlət Ağentliyi bir qaranlıq otaq təsiri bağışlayıb, onun içərisində nə baş verirdi, kimsə anlaya bilmirdi… Amma sən demə, düşündüyümüz kimi deyil, bu sirli Dövlət Ağentliyi barədə daha ciddi bir məsələ barədə növbəti yazıda bəhs etməyə çalışacağıq.
Bilməyən və ya özünü bilməzliyə vuran bəzi məmurların diqqətinə çatdırmağı vacib sayırıq ki, dövlət büdcəsindən ayrılan və 5 min manatdan yuxarı vəsaitlərin hamısı tenderə çıxarılır, kim görüləcək işin ən sərfəli qiymətini təklif edirsə, o, tenderdə qalib elan olunur, həmin pul vəsaiti də onun sərəncamına verilir… Lakin bilməliyik ki, Azərbaycan iqtisadiyyatının ən zəif nöqtələrindən biri də tenderdir. Sadə dildə desək, kimin babat adamı və əlinin altında MMC-si varsa, bu tenderə girir, sənədləri göndərir Milli Məclisin Komitə sədri, vaxtilə Azərbaycanın milli müstəqilliyinin əleyhinə səs vermiş Ziyad Səmədzadənin bacısı oğlu İsgəndər Çəndirliyə… Və İ.Çəndirlinin sədri olduğu Satınalmalar üzrə Dövlət Agentliyində Əsasnaməyə görə, İsgəndər Çəndirlinin komandası tenderə girən MMC-lərin və ya şirkətllərin, necə deyərlər, yeddi arxa dönəni yoxlayıb araşdırmalıdır… Məsələn, Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2003-cü il tarixli, 855 saylı Fərmanı ilə Agentliyin vəzifələri müəyyənləşdirilib, Əsasnaməsi təsdiq olunub. Əsasnamədə Satınalmalar üzrə Dövlət Agentliyinə Azərbaycan Respublikasında dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi, həmçinin dövlət vəsaiti hesabına alınan malların, həmçinin işlərin və xidmətlərin müsabiqə əsasında satın alınmasının qanuniliyinə və müqavilələrin icrasına nəzarət etməkdir. Təsəvvür edirsinizmi, hətta lazım gəldikdə İsgəndər Çəndirli satınalan təşkilat qarşısında tenderin nəticələrinin ləğv edilməsi barədə məsələ qaldıra bilər. “Təzadlar”a zamanında daxil olmuş çoxsaylı şikayətlərdən bilirik ki, tenderdə qalib olmuş MMC-lər var ki, tikilmiş obyektlərdə, göstərilmiş xidmətlərdə… müqavilə şərtlərinə əməl etmirlər. Onlar həmin tenderdə qalib olandan, pullara yiyə durandan bir il sonra yoxa çıxıb, qeybə çəkilib…
Dövlət maraqlarını pula satın alan-Satınalmalar üzrə Dövlət Agentliyi!
Axı, yuxarıda Satınalmalar üzrə Dövlət Agentliyinin vəzifələrindən ən vacibini qeyd etdik. Binəqədidə baş vermiş dəhşətli hadisənin nümunəsində deyə bilərik ki, bu işlərin satın alınmasında İsgəndər Çəndirli məhz həmin, özü də çox vacib bir vəzifəsinin öhdəsindən gəlməyib, yerinə yetirməyib. Əgər cənab Çəndirli həmin vacib vəzifəsini yerinə yetirsəydi, yəni binalara süni üzlük vuran şirkətlərin işini araşdırıb nəticəsini yoxlasaydı, nəzarət etsəydi, məlum hadisə də baş verməzdi… Deməli, Satınalmalar üzrə Dövlət Agentliyi Dövlət maraqlarını deyil, nə isə başqa maraqları güdüb… Bəs bu maraqlar nədir?
Bunu isə aşağıdakı araşdırma yazısında və rəsmi rəqəmlərin arxasında axtarmalı olacağıq. Məsələn, Satınalmalar Üzrə Dövlət Agentliyinin rəsmi saytında illər üzrə keçirilən tenderlərdə “Binəqədi müsibəti”nin “baş qəhrəman”larından olan “Global Construction” MMC-nin fasadların üzlənməsi ilə bağlı maraqlı məlumatları var. Məlum olur ki, bu şirkət indiyədək cəmi iki tenderdən keçib… Biz bu şirkətin 2011, 2012 və 2013-cü, 2014-cü, nəhayət, 2015-ci illərdə “udduğu” tenderləri axtardıq. Məlum oldu ki, şirkət cəmi iki tenderdə iştirak edib. Doğrudanmı belədir??? Bəs yüz milyonlarla manat pul vəsaitləri dövlət büdcəsindən necə çıxarılıb? Budur, “Global Construction” MMC 2013-cü ildə Mingəçevir İcra Hakimiyyətinin sifarişi ilə “şəhərdə yüksək mərtəbəli yaşayış binalarının fasad hissələrinin təmir və üzlənmə işinin satın alınmasına görə” 3 milyon 999 min 864,54 manat pul alıb. 2014-cü ildə yenə Mingəçevir şəhər İcra Hakimiyyətinin sifarişi ilə şirkət eyni məqsədlə, lakin bu dəfə 9 milyon 999 min 254,51 manatlıq sifariş alıb. “Bizim yol” qəzeti isə daha bir maraqlı məlumata aydınlıq gətirib: sən demə, şirkətin artıq bağlanmış rəsmi saytında bir ay əvvəl göstərilirmiş ki, Mingəçevirdə iki 3, iki 5, iki 9, iki 12 mərtəbəli yaşayış, orta məktəb binası, uşaq bağçasının fasadı dəyişdirilib. Beləliklə, 10 binaya 14 milyon manat verilibsə, deməli, bir binanın fasadı 1,4 milyon manata başa gəlib.
İsgəndər Çəndirlinin yalançı tender oyunu, bir də pula həris MMC-lər…
Başqa bir maraqlı və həm də korrupsiya iyi gələn bir məqam: budur, Mingəçevir İcra Hakimiyyəti ilə bağlı Agentliyin saytında müsabiqənin keçirildiyi barədə olduqca maraqlı rəsmi məlumat var. Lakin, məşhur bir mahnıda deyildiyi kimi, kim bilir, görəsən kim bilir, belə bir tender həqiqətənmi keçirilib? Keçirilibsə, “Global Construction” MMC-dən başqa kimlər bu tenderə sənəd verib? Necə olub ki, digərləri uduzub? Yaxud, “Global Construction” MMC-ni qalib edən şərt hansı olub: keyfiyyət(siz)li üzlük materiallarından istifadə etməsi, yoxsa… Bir sözlə, məlum istintaq qrupu İsgəndər Çəndirlinin bu məsələdə rolunu araşdırsa, inanıram ki, yetərincə sensasiya doğuracaq faktlar üzə çıxacaq.
İsgəndər Çəndirli “Global Construction” MMC-nin sahibi Miryusif Mahmudovun ən yaxın dostu olub…
Beləliklə, Binəqədi rayonunda baş verən yanğın hadisəsi ilə əlaqədar 4 nəfər həbs edildi. Baş Prokurorluğun Mətbuat Xidmətindən “Təzadlar”a verilən rəsmi məlumatda qeyd olunurdu ki, “Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov həbs edilib. Onlar Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilərək barələrində məhkəmənin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib”.
Bundan əlavə, Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin yaydıqları digər bir rəsmi açıqlamadan məlum olurdu ki, həmçinin istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparan “Global Construction” şirkətinin sahibi Miryusif Mahmudov da iş üzrə şübhəli şəxs qismində tutulub. Hansı ki, Gəncədən bizə verilən məlumata görə, Miryusif Mahmudov (o, əslən Gəncədəndir) Satınalmalar üzrə Dövlət Ağentliyinin direktoru İsgəndər Çəndirlinin (o isə əslən Tovuzdandır) ən yaxın adamlarından olub. Elə ona görə də bu şirkətin tenderlərinin icrasına nəzarət etməli olan İsgəndər Çəndirli son ana qədər hər şeyə göz yumub və susub. Əksinə, İ.Çəndirli bu işlərə qanun və səlahiyyəti çərçivəsində yanaşmış olsaydı, məlum olardı ki, həmin üzlük materialı adi kibrit çöpü ilə alışıb yanır, odadavamlı deyil (Bu eksperimenti o vaxt “Təzadlar”ın əməkdaşları redaksiyada apardılar və saytımızda videosu var). Və doğrudanmı İsgəndər Çəndirli bütün bunlardan xəbərsiz idi? Yaxud, “Global Construction” MMC-nin tender komissiyasına təqdim olunan sənədlərində həmin üzlük materialın odadavamlığı barədə hansı təsdiqləyici sənəd və real material olub? Bunu ona görə xüsusi olaraq vurğulayırıq ki, “Global Construction” MMC tikinti şirkətinin bazasında sonradan “Global Stone” istehsal şirkəti yaradılıb. Bir sözlə, özləri istehsal edib özləri də fasadları üzlükləyirmiş…
İsgəndər Çəndirli “Global Construction” MMC-nin tender məlumatlarını gizli saxlayırmış?
“Təzadlar” olaraq başqa bir maraqlı məlumat da diqqətimizi çəkdi. Məsələn, Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi saytında “Global Construction” MMC-nin 15 milyonluq tenderləri barədə vur-tut iki fakta rast gəlindi… Amma elə “Global Construction” MMC-nin rəsmi saytında görün nələrə rast gəldik: Şirkət Gəncədə Heydər Əliyev Park-Kompleksi, Ziya Bünyadov prospektində üç ədəd 9, iki 5, Bakıxanov qəsəbəsində bir 5 və yeddi 9, Bibiheybət qəsəbəsində 17, Heydər Əliyev prospektində 5 və 16, Atatürk prospektində 16, Təbriz küçəsində iki 9, Yusif Qasımov küçəsində 9, S.Orucova küçəsində 9, A.M.Cümə küçəsində 14, Həsənoğlu küçəsində 9, 13 və 16, Bayıl qəsəbəsində 16, Qaradağ rayonu Sahil qəsəbəsində beş 9, Mayakovski küçəsindəki 4, Buzovnada 9 mərtəbəli yaşayış binaları, Auditorlar Palatası, Azərbaycan Beynəlxalq Bankı, Bakı Klinikası, “Günəş” Şadlıq sarayı, F.Xoyski küçəsində 200 saylı bağça, Dövlət Sərhəd xidmətinin Akademiyası, Dövlət Miqrasiya xidmətinin inzibati binası, Sumqayıtda 5, Saatlı rayon İcra Hakimiyyəti və 10-larla digər yaşayış və inzibati binalarda fasadlara məlum keyfiyyətsiz süni üzlük örtüklərdən quraşdırılıb.
Qayıdırıq İsgəndər Çəndirlinin direktoru olduğu Agentliyin rəsmi internet səhifəsinə: nədən bu böyda böyük həcmli işlər məlumat bazasında yoxdur, gizlədilib?
Bir maraqlı vakt: fövqəladə hallar naziri K.Heydərov rəsmən açıqladı ki, təkcə Bakıda 263 binada üzləmə işləri görülüb. Hər binaya orta hesabla dövlət büdcəsindən 1-1,5 milyon manat pul aayrılıb (yuxarıda qeyd olunub). Bəs bu binaların üzlənməsinə çəkilən maliyyə vəsaitləri niyə Agentliyin rəsmi məlumat bazasında olmasın?
Başqa bir diqqəti çəkən fakt: Satınalmalar üzrə Dövlət Ağentliyinin rəsmi saytında bildirilir ki, “Global Construction” MMC 2013-cü ildə “AzərTac”ın yeni inzibati binasını üzlükləyib, özü də bunun üçün nə az, nə çox-düz 6 milyon 956 min 756,82 manat!
Saytdakı hesabat xarakterli məlumatlardan məlum olur ki, Bakıda üzlükləmə əməliyyatlarına xüsusi önəm verilib və təkcə 2011-ci ildə Bakı Meriyasının Mənzil-Kommunal Təsərrüfatı Departamenti də bu işə həvəslə girişib. Meriya fasadların yenidən qurulması (Hacıbala Abutalıbov isə deyir ki, bu işlərin bizə aidiyyəti yoxdur), təmir-bərpa və işıqlandırılma işlərinin satın alınması tenderində “Vest-LTD” MMC-ni irəli buraxıb. Bu MMC tenderdə 58 milyon 709 min manat pula sahib olub… Daha sonra Satınalmalar üzrə Dövlət Ağentliyinin direktoru İsgəndər Çəndirliyinin xeyir-duası ilə “Vest-LTD” MMC daha da qabağa gedib, “Tarixi əhəmiyyətli binaların dam örtükləri və fasadlarının yenidən qurulması, təmir-bərpası, təmizlənməsi və işıqlandırılma işlərinin satın alınması” üçün tenderdə qalib elan edilib, nəticədə 30 milyon 001 min 376 manat alıb… Adı çəkilən MMC 2011-ci də Sabirabad RİH-nin sifarişi ilə bir binanın fasadının üzlənməsinə 1 milyon 592 min 780 manat alıb…
Beləliklə, Satınalmalar üzrə Dövlət Ağentliyinin rəsmi saytındakı rəqəmləri saf-çürük edəndə məlum olur ki, təkcə Bakı şəhər İH-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin (yenə də “Bakı şəhərində binaların dam örtüklərinin və fasadların yenidən qurulması, təmir, bərpa, gücləndirmə və işıqlandırma işlərinin satın alınması”) işlərinə illər üzrə təxminən hər il 110-140 milyon manat pulun məlum MMC-lərə verilməsinə şərait yaradıb. Bu rəqəm təkcə son 5 ildə 800 milyon manata yaxındır. Söhbət süni üzlükdən və fasadların bəzədilməsindən-makiyajlamadan gedir. “Binəqədi müsibəti”ndən sonra isə həmin pullara “alınmış” üzlüklər sökülüb töküldü… İndi bütün Bakı küçələri, rayonlar… bu üzlüklərin üz qarasının altını çəkir… Kimi zamanında kef çəkdi, indi isə sakinlərimiz əziyyət, bir neçə məmur isə cəza çəkir… Amma bütün bu işlərə nəzarət etməli olan (daşıdığı vəzifəsinin Əsasnaməsinə görə) Satınalmalar üzrə Dövlət Ağentliyinin direktoru İsgəndər Çəndirliyə isə güldən ağır söz deyilmir…
İsgəndər Çəndirlini Ziya Səmədzadə xilas edib?
“Təzadlar”a göndərilən elektron məktubda maraqlı məqam var. Müəllifin yazdıqlarından belə məlum olur ki, məlum yanğın hadisəsindən sonra Prezident İlham Əliyevin tapşırığı ilə məsələ ciddi araşdırılıb: “…Süni üzlük məsələsi araşdırılanda bütün sənədlər götürüldü. Dərhal məlum oldu ki, həmin işlərin bir hissəsi tenderdən keçib, deməli, hər şey Satınalmalar üzrə Dövlət Ağentliyindən başlanılmalıdır. Elə də olub. Ağentliyin direktoru İ.Çəndirli həbs ediləcəyini başa düşüb. Hətta onun Baş Prokurorluğa bir neçə dəfə getdiyini hamı bilir. Lakin sonradan nə sirdirsə, ona ittiham irəli sürülmədi. Halbuki onun məsuliyyəti daha çox idi. Sonradan xəbər yayıldı ki, Ziya Səmədzadə yaxın qohumu və himayəçisi kimi onu xilas edib…”.
İsgəndər Çəndirlinin fəaliyyətinin yoxlanılmasına başlanıldı…
Az əvvəl daha bir maraqlı məlumat əldə etdik. Adının çəkilməsini istəməyən və Satınalmalar üzrə Dövlət Agentliyində çalışan məsul işçilərdən biri elektron poçtumuza göndərdiyi məktubunda bildirir ki, artıq bu gün işçi qrup Agentliyə gəlib və idarənin bütün sənədləri qablaşdırılaraq möhürlənib. Onların arasında prokurorluq əməkdaşları da olub. Bu isə o deməkdir ki, İsgəndər Çəndirlinin barəsində ciddi araşdırma aparılacaq, barəsində şübhəsiz ki, cinayət işi başlanılacaq… /”Təzadlar” qəzeti
www.yenicag.az