İsrailli politoloq Arye Qut Azərbaycan-İsrail əlaqələri barədə Yenicag.ru-ya danışıb.
– Hazırki mərhələdə İsrail-Azərbaycan münasibətlərini necə qiymətləndirirsiniz?
– İsrail Yaxın Şərqdə Azərbaycana mühüm strateji oyunçu kimi baxır. Bakıya səfərindən sonra Netanyahu Azərbaycandan, İranla sərhəddə yerləşən bu müsəlman ölkəsində Azərbaycan fondunun yəhudi məktəbinə sponsorluq etməsindən böyük heyranlıqla danışır.
Digər tərəfdən, Azərbaycan İsrail silahını almaq üçün eksklüziv imkana malikdir. Azərbaycan istənilən İsrail silahını satın ala bilər. Hətta Rusiyanın belə bir imkanı yoxdur. Təkcə bu fakt Azərbaycanın İsrail üçün necə mühüm olduğunu göstərir.
Əlaqələrin bu səviyyədə olmasında Azərbaycan prezidenti İlham Əliyevlə hazırki müdafiə naziri Avidqor Libermanın şəxsi münasibəti də rol oynayıb. Digər tərəfdən, Azərbaycanda böyük yəhudi icmasının olması və onların bu ölkədə özlərini çox rahat hiss etməsi də başlıca faktorlardandır.
Bir müddət öncə İsrailin “Spayk” raketiylə erməni mövqelərinə zərbə endirilib. Dağlıq Qarabağ münaqişəsində İsrailin tutduğu mövqe barədə onun silahları xəbər verir. İsrail-Azərbaycan hərbi əməkdaşlığında bizim gördüklərimiz aysberqin yuxarı hissəsidir. Bütün qalan məsələləri isə biz görmürük.
Ermənilərin “erməni soyqırımı”na həsr olunmuş mitinqi zamanı Azərbaycanı sevən insanlar Xocalı soyqırımına həsr olunmuş mitinq keçirtdilər. Bu il ermənilər ümumiyyətlə “erməni soyqırımı”nı xatırlamayıblar. İndi onlar bütün güclərini İsrail-Azərbaycan münasibətlərinin pozulmasına istiqamətləndiriblər. Çünki bu münasibətlər onları çox qorxudur. Azərbaycan-İsrail münasibətlərinin memarı Liberman olduğu üçün erməni icması digər güclər vasitəsilə onun mövqelərinə zərbə vurmağa çalışırlar.
Düşünürəm ki, iki ölkə arasındakı münasibətlər bundan sonra da inkişaf edəcək. Xüsusilə də iqtisadi-ticarət əlaqələrinin inkişafı daha güclü olacaq.
– İsrailin Azərbaycana dair investisiya layihələri varmı? İkitərəfli iqtisadi əlaqələr necə inkişaf edir?
– Azərbaycanla işləmək istəyən bir neçə iri şirkət var. Sizə bu şirkətlərdən birini təqdim edirəm. “Synergy Group”, “Pasha Holding” ilə yaxşı əlaqələr qura bilmişik. Bizim şirkətimiz kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir. Məqsədimiz sadəcə Azərbaycanın kənd təsərrüfatına investisiya yatırtmaq deyil, İsrail texnologiyalarını da bu ölkədə yerləşdirməkdir. Azərbaycan prezidenti dəfələrlə xarici investorlar üçün şərtlərin yüngülləşdirildiyini deyib. Düsünürəm ki, bizim şirkətimiz də Azərbaycanda çalışacaq. Çünki Azərbaycanın kənd təsərrüfatında güclü İsrail texnologiyalarına ehtiyac var. Məsələn, əgər Şəmkirdə bu gün bir mərkəzdən 200 kq. məhsul götürülürsə, İsrail texnologiyaları, metodları ilə 1000 kq. məhsul götürmək mümkün olar. Bu isə məhsulun 5 dəfə artması deməkdir.
Bundan əlavə, Azərbaycanda kənd təsərrüfatı məktəbləri yaratmaq istəyirik. Bu məktəblərdə ixtisaslaşmış aqronomlar hazırlana bilər. Bu gün Azərbaycanda müasir texnoloji tələblərə cavab verən bu cür mütəxəssislər demək olar ki, yoxdur. Sözügedən təkliflərə Azərbaycan rəhbərliyi də müsbət yanaşır.
Nicat Hacıyev
Yenicag.ru
www.yenicag.az