Azərbaycan Ordusu: Zəfərə aparan liderlik və GÜC MODELİ

media-hightechnic-468x90

Müasir dünyada dövlətin təhlükəsizliyi, onun hərbi qüdrəti və geopolitik çəkisi arasında birbaşa əlaqə mövcuddur. Bu kontekstdə Azərbaycanın hərbi sisteminin formalaşması və strateji çəkisinin artması sadəcə ordu quruculuğu ilə izah olunmur. Bu, eyni zamanda uzaqgörən liderliyin, davamlı siyasi sabitliyin və milli özünüdərkin kompleks nəticəsidir.

media-rafi1

Azərbaycanın hərb tarixi sadəcə hərbi nailiyyətlərin ardıcıllığı deyil, milli kimliyin dərin qatlarını özündə ehtiva edən mənəvi və siyasi prosesdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1970-ci illərdə qoyulan təməllər, xüsusilə də Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması uzunmüddətli perspektivdə ölkənin müstəqillikdən sonrakı dövründə öz bəhrəsini vermişdir. Burada məqsəd yalnız zabit hazırlamaq deyildi, əksinə, həm də burada dövlətçiliyin təhlükəsizliyini təmin edə biləcək milli hərbi elit təbəqə formalaşdırılırdı.

1990-cı illərin əvvəllərində Azərbaycanın yaşadığı siyasi və hərbi xaos bu təməlin nə qədər vacib olduğunu bir daha sübut etdi. Müstəqilliyin ilk illərində ciddi siyasi iradə və institusional yanaşma çatışmazlığı fonunda ordu quruculuğu başlı-başına buraxılmış, nəticədə Ermənistanın hərbi təcavüzü qarşısında ciddi müqavimət formalaşmamışdı. Məhz bu böhran anında xalqın inamla arxasında dayandığı Heydər Əliyevin siyasi səhnəyə qayıdışı yalnız ölkəni siyasi dağılmadan xilas etmədi, eyni zamanda nizami ordu quruculuğunun əsas mərhələsini başlatdı.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə aparılan məqsədyönlü addımlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri konseptual bir sistemə çevrildi. Ordu təkcə hərbi struktur olaraq deyil, dövlət suverenliyinin institusional dayağı kimi də nəzərdən keçirilirdi. Lakin bu strategiyanın sistemli inkişaf mərhələsi Prezident İlham Əliyevin liderliyi dövründə öz kulminasiya nöqtəsinə çatdı.

Prezident İlham Əliyev dövründə həyata keçirilən hərbi islahatlar bütövlükdə milli təhlükəsizlik arxitekturasını yenidən qurdu. Bu mərhələdə diqqət yalnız texniki təchizata deyil, psixoloji hazırlıq, hərbi intizam, kadr siyasəti və beynəlxalq hərbi əməkdaşlığa da yönəldildi. Ordunun modernləşdirilməsi fonunda həm əsgərin döyüş qabiliyyəti, həm də onun mənəvi hazırlığı paralel şəkildə inkişaf etdirildi. Beləliklə, Azərbaycanın Silahlı Qüvvələri regionun müasir texnologiyalarla təchiz olunmuş və peşəkar hazırlıq səviyyəsi yüksək olan ordularından birinə çevrildi.

Bu hərbi-siyasi doktrinanın praktik təsdiqi 2020-ci ilin payızında baş verdi. 44 günlük Vətən müharibəsi yalnız torpaqların azad olunması ilə nəticələnmədi. Bu Zəfər həmçinin Azərbaycanın beynəlxalq hərbi-siyasi sistemdəki mövqeyini ciddi şəkildə dəyişdi. Hərbi uğurlar ilə yanaşı, informasiya müharibəsində və diplomatik müstəvidə də qazanılan üstünlük bu prosesin kompleks xarakter daşıdığını sübut etdi.

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü artıq simvolik bayram çərçivəsindən çıxaraq strateji qürur məqamına çevrilib. Ordumuzun keçdiyi yol təkcə hərbi nailiyyətlərdən ibarət deyil, həmçinin bu yol xalq-iqtidar birliyinin, liderlik sabitliyinin və ideoloji bərklik prinsipinin təntənəsidir. Azərbaycan əsgəri isə yalnız döyüşən deyil, həm də dövlətçilik şüurunun daşıyıcısına çevrilib.

Bu gün Azərbaycan Ordusu regional sabitliyin mühüm sütunlarından biridir. Onun arxasında sadəcə silah-sursat deyil, siyasi iradə, ictimai inam və strateji liderlik dayanır. Heydər Əliyevin əsası qoyduğu bu güc modelini İlham Əliyev sistemli şəkildə inkişaf etdirərək qalib ordunun formalaşmasına nail oldu. Əldə olunan qələbələr isə Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi kimi əbədiləşdi.

Rafi Müslümov

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600