!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan səfirliyinə silahlı terrorun GÖZLƏNİLƏN NƏTİCƏSİ: "Bu, münasibətləri daha da gərginləşdirəcək"

!Reklam – Yazi

“İran kimi totalitar dövlətlərdə kiminsə özbaşına bu cür terror hücumu təşkil etməsi inandırıcı deyil”.

Bu sözləri Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumuna münasibət bildirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, baş verənlər İranın rəsmi dairələri və kütləvi informasiya vasitələri tərəfindən Azərbaycan əleyhinə uzun müddətdir ki, aparılan təbliğatın, düşmənçilik siyasətinin məntiqi nəticəsidir:

“Tehrandakı səfirliyimizə qarşı baş vermiş hücum birmənalı olaraq terror aktıdır və təbii olaraq Azərbaycan-İran münasibətlərini daha da gərginləşdirəcək. İranın Azərbaycana qarşı sərgilədiyi destruktiv mövqe nəticə etibarilə bu cür terror aktını stimullaşdırdı.

Təbii ki, Azərbaycanla İran arasında münasibətlərin gərginləşməsində maraqlı olan qüvvələrin də sayı kifayət qədər çoxdur. Çünki İran rejiminin dünyada ölkələrin böyük əksəriyyəti ilə problemi var və bu ölkələrdən hər biri Azərbaycanın da İrana qarşı dayanmasını istəyir. Problemlərin dərinləşməsində ən çox maraqlı olan isə təbii ki, Ermənistandır. Fars-molla rejiminin Ermənistana olan sevgisinin daimi olması üçün Ermənistan Azərbaycanla İran arasında münasibətlərdə daim gərginlik olmasında maraqlıdır.

Amma məsələ ondadır ki, Tehrandakı səfirliyimizə hücuma ayrı-ayrı dövlətlərin maraqları prizmasından deyil, məhz elə İranın özünün davranışları kontekstindən baxmaq lazımdır. İranın isə Azərbaycana yönəlik düşmənçilik siyasəti ortadadır.

Məsələnin ikinci tərəfi ondadır ki, beynəlxaq qanunlara, Vyana Konvensiyasına görə xarici ölkə səfirliklərinin və konsulluqlarının qorunması, ilk növbədə onların yerləşdiyi ölkənin rəsmi qurumlarının öhdəliyidir. Odur ki, terror hücumunun arxasında kimin dayanmasından asılı olmayaraq baş verənlərə görə məsuliyyəti də rəsmi Tehran daşıyır.

Bundan əvvəl Böyük Britaniyada səfirliyimizə hücumun arxasında da İran Xüsusi Xidmət orqanlarına bağlı dini radikal qrupun dayandığını nəzərə alaraq demək olar ki, bu da əvvəlcədən planlaşdırılmış hücumdur və İran buna görə cavab verməlidir. Çünki İran kimi totalitar dövlətlərdə kiminsə özbaşına bu cür terror hücumu təşkil etməsi inandırıcı deyil. İstənilən halda baş verən terror aktı ciddi araşdırma tələb edir. Terror hücumunu həyata keçirən şəxsin saxlanılması İranı məsuliyyətdən azad etmir”.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Gülşən Şərif

www.yenicag.az

535
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv