Azərbaycan Suriyanın bərpasında mühüm oyunçuya ÇEVRİLİR: “Ölkəmizin türkmənlər vasitəsilə regionda təsirini artırması...”

media-hightechnic-468x90

 

“IV Antalya Diplomatiya Forumunda Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ilə Suriya Ərəb Respublikası Prezidenti Əhməd əş-Şaraa arasında keçirilən görüş Yaxın Şərqdəki strateji balansların ciddi şəkildə dəyişdiyini və beynəlxalq siyasətdə yeni dövrün başladığını açıq şəkildə göstərir. Bu görüş yalnız diplomatik əlaqələrin inkişafını deyil, həm də regionda güc münasibətlərinin dəyişməsini simvolizə edir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.

media-470173193_589975663540487_726334968187510744_n

Siyasi təhlilçi 11-13 aprel tarixləri çərçivəsində Türkiyənin Antalya şəhərində baş tutan IV Antalya Diplomatiya Forumunda Prezident İlham Əliyev ilə Suriya lideri Əhməd əş-Şaraa arasında keçirilən ikitərəfli görüşü müzakirə edib.

Onun sözlərinə görə, Əhməd əş-Şaraa üçün Azərbaycanla görüş keçirmək olduqca əhəmiyyətlidir:

“Çünki bu, Suriyanın yenidən qurulması istiqamətində Azərbaycanın təcrübəsindən istifadə etmə imkanı verir. Azərbaycanın Qarabağda əldə etdiyi yenidənqurma təcrübəsi Suriya üçün də faydalı ola bilər. Qarabağdakı bərpa işləri, əslində, Azərbaycanın bu sahədəki təcrübəsini Suriyanın bərpa prosesinə tətbiq etməsinə geniş imkanlar açır”.

Analitik hesab edir ki, Azərbaycan həmçinin Türkiyə və İsrail ilə də sıx əlaqələrə malikdir:

“Bu münasibətlər Suriyanın cənub bölgələrinin təhlükəsizliyi məsələsində də vacib rol oynaya bilər. Belə ki, Suriya, xüsusən İsrailin cənub əraziləri üzərindəki fəallığına nəzər yetirsək, həm Türkiyə ilə həm də İsrail ilə balanslı bir yanaşma qurmağa çalışır. Məhz buna görə Əhməd əş-Şaraa İsrail ilə bağlı heç bir kəskin çıxış etmir. Bu çərçivədə Azərbaycan da İsrail ilə olan əlaqələrindən istifadə edərək Suriya üçün cənub bölgələrindəki təhlükəsizlik məsələlərini həll etməyə çalışa bilər. Böyük ehtimal ki, görüşün əsas məsələlərindən biri də bu ola bilər”.

A. Hüseynov diqqətə çatdırıb ki, Suriyada yaşayan türkmənlər də Azərbaycan üçün strateji bir əlaqə nöqtəsidir:

“Bu əhali qrupu Azərbaycanın Suriya ilə olan münasibətlərində, xüsusilə də “yumşaq güc” strategiyalarında mühüm rol oynaya bilər. Ölkəmizin türkmənlər vasitəsilə regionda təsirini artırması yalnız iqtisadi və diplomatik əlaqələri inkişaf etdirməklə kifayətlənməyəcək, eyni zamanda da Azərbaycanın regionda daha geniş təsir dairəsi qazanmasına səbəb olacaq. Ümumilikdə, İlham Əliyev ilə Əhməd əş-Şaraanın görüşü yalnız iki ölkə arasındakı əlaqələrin inkişafına deyil, həm də Yaxın Şərqdəki yeni güc balanslarının qurulmasına işarə edir. Bu görüş Azərbaycanın beynəlxalq siyasətdəki mövqeyini daha da möhkəmləndirə və ölkənin təsir dairəsini Cənubi Qafqazdan daha da kənara – geniş coğrafiyaya yaya bilər”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600