“LinkedIn”də gələn mesaj onu dünya çempionatına apardı
Kabo-Verde milli komandasının müdafiəçisi Roberto Lopes yığmaya dəvət almasının qeyri-adi hekayəsini bölüşüb.
Yenicag.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
İrlandiyada anadan olan, lakin atasının mənşəyinə görə Kabo-Verde millisində oynamaq hüququ qazanan Lopesə milli komandadan dəvət “LinkedIn” sosial şəbəkəsi vasitəsilə göndərilib. İş və peşəkar əlaqələr üçün istifadə olunan platformadan gələn mesaj portuqal dilində olduğu üçün futbolçu əvvəlcə bunun spam olduğunu düşünüb.
Lopes bildirib ki, yalnız doqquz ay sonra federasiya ona bu dəfə ingilis dilində yenidən yazıb və təklifi düşünüb-düşünmədiyini soruşub. Bundan sonra o, ilk mesajı “Google Translate” vasitəsilə tərcümə edib və təklifin həqiqi olduğunu anlayıb.
“Bu, kifayət qədər qəribə yanaşma idi. Sonradan izah etdilər ki, klubum vasitəsilə mənimlə əlaqə saxlamaqda çətinlik çəkiblər”, – deyə müdafiəçi bildirib.
Futbolçu əlavə edib ki, təklifin rəsmi olduğunu başa düşən kimi milli komandada çıxış etməyə razılıq verib və lazımi sənədləşmə prosesinə başlayıb.
Roberto Lopesin hekayəsi 2026-cı il dünya çempionatının ən maraqlı hadisələrindən biri kimi qiymətləndirilir. O, Kabo-Verde millisinin heyətində ölkəsinin tarixində ilk dünya çempionatında çıxış edib. Komanda isə 1/16 final mərhələsində Argentinaya əlavə vaxtda 2:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.













