Azərbaycan tarixinin ƏN QANLI SƏHİFƏSİ: “31 mart həm də ibrət günümüzdür”
“1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsi ilə bərabər ermənilərin kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı deyib.
Millət vəkili 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bir sıra önəmli məqamlara toxunub.
Onun sözlərinə görə, İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, havadarlarının himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgənin yaradılmasına nail olublar:
“Süni surətdə yaradılmış bu ərazi bölgəsi, əslində, azərbaycanlıların öz tarixi torpaqlarından qovulması, Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin həyata keçirilməsi üçün şərait yaradıb. 1905-1906-cı illərdə də ermənilər böyük Ermənistan yaratmaq xülyası ilə heç bir günahı olmayan türk-müsəlman əhalisinə, o cümlədən azərbaycanlılara qarşı soyqırımına başladılar. Soyqırımı Bakı, Naxçıvan, Şuşa, Əsgəran və Qərbi Azərbaycan ərazisində baş verdi. Bu mənada, 1918-ci ilin 31 mart soyqırımı Azərbaycan xalqının taleyində və tarixində nə birinci, nə də sonuncu hadisədir”.
T. Rüstəmxanlı xatırladıb ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir:
“Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan keçiriblər, diri-diri yandırıblar, Bakının böyük bir hissəsini xarabalığa çeviriblər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib. Bu ərazilərdə 30 mindən çox azərbaycanlı qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub, şəhər və kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb məhv edilib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımıza qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzaladı”.
Həmsöhbətimiz əlavə edib ki, XX əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində SSRİ-nin dağılması dövründə də ermənilər həm Qərb havadarlarından, həm də SSRİ rəhbərliyinin gücündən istifadə edərək Qarabağda olan Azərbaycan torpaqlarını işğal etdilər:
“1 milyon azərbaycanlı qaçqın və köçkünə çevrildi. Minlərlə azərbaycanlının qətlə yetirilməsi, soyqırımına məruz qalması bu illərin nəticəsi idi. Çox təəssüflər olsun ki, dünya bütün bu hadisələrə biganə qaldı və az qala ermənilərə bəraət qazandırdı. Nəhayət, 30 ilə yaxın bir dövrdə Azərbaycan öz haqqını müdafiə etmək üçün dünyadan kömək istədi. Amma dünya ermənini müdafiə etdi. Sonda, 2020-ci ilin payızında Azərbaycan Prezidenti İlham Əliyev öz siyasi qərarını qəbul etdi və düşmən 44 gün ərzində darmadağın edildi, Azərbaycan torpaqları işğaldan azad edildi”.
Deputatın qənaətinə görə, bu hadisələr bir daha göstərdi ki, tarixi unutmaq olmaz:
“Dövlət başçısı İlham Əliyevin sözləri ilə desək, “zaman gələcək, biz Ermənistanla qonşuluq münasibətlərini bərpa edəcəyik, amma ermənilərin bizə qarşı törətdiyi amansızlıqları heç vaxt unutmamalıyıq”. 31 mart Azərbaycan tarixində soyqırımı, eyni zamanda ibrətli bir tarixdir. Bu tarixdən ibrət götürdüyümüz üçün bugünkü gündə erməniləri darmadağın edə bildik. Biz tariximizi unutmamalı və ermənilərin əsl üzünü bütün dünyaya göstərmək üçün gecə-gündüz təbliğat aparmalıyıq. 44 günlük müharibə göstərdi ki, biz o tarixlərdən ibrət götürə bildik, dəmir yumruq kimi birləşib, torpaqlarımızı geri aldıq. İbrət götürdük ki, nəticə çıxardıq, məqsədimizə çatdıq. 31 mart təkcə soyqırımı günü, göz yaşı günü deyil, həm də bizim ibrət günümüzdür”.
Rafi Müslümov