BDU-da baş tutan müəmmalı görüş Ramiz Mehdiyevin komandasını yenidən gündəmə gətirdi - FOTO

media-hightechnic-468x90

Dünən Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın Ramiz Mehdiyev haqqında həddən artıq pafoslu, cəmiyyətin böyük hissəsinin “qırmızı xəttin keçilməsi” kimi dəyərləndirdiyi çıxışının sosial şəbəkələrdə viral olmasından sonra gözlənilməz bir hərəkət baş verdi. Bu dəfə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev öz universitetində Kamal Abdulla ilə görüş təşkil etdi. Görüşlə bağlı rəsmi xəbərdə deyilir: “Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının “Ustaddan öyrən” layihəsi çərçivəsində tanınmış alim, ictimai-siyasi xadim, Xalq yazıçısı, akademik Kamal Abdullanın tələbələrlə görüşü keçirilib. BDU-nun rektoru Elçin Babayev bildirib ki, Kamal Abdulla görkəmli yazıçı, dövlət xadimi olmaqla yanaşı, ali təhsil sahəsində uzun illərdir yorulmadan çalışan tanınmış təhsil təşkilatçısıdır”.

İndi bu soxasoxda bu tərifi, boyverməni təhlil edək. İlk növbədə vurğulayaq ki, ictimaiyyət üçün bu addımlar sadəcə iki rektorun şəxsi təşəbbüsü sayıla bilməz. Görüş əlbəttə ki, simvolik mənaya malikdir və özündə bir sıra suallar doğurur. Ən vacibi isə budur: Elçin Babayevlə Kamal Abdulla cəmiyyətə hansı mesajı verir?

Son illər dövlət qurumlarında aparılan islahatlar fonunda Ramiz Mehdiyev uzun illər davam edən təsir dairəsinin kölgəsindən uzaqlaşdırılıb. Ona qarşı səslənən ağır ittihamlar, o cümlədən dövlətə qarşı zərərli fəaliyyətlə bağlı iddialar hələ də gündəm olaraq qalır. Belə bir şəraitdə iki böyük ali məktəbin rektorunun açıq görüşü heç də adi görünmür. Universitet rektorları cəmiyyət üçün sadəcə idarəçilər deyil. Onlar həm də akademik etikanın simvolu olmalıdırlar. Lakin bu addım universitet məkanının yenidən köhnə siyasi patronajlara bağlandığını xatırladır. Bu gün minlərlə tələbə və gənc müəllimlə yanaşı, media sektoru da həmin görüşə xüsusi diqqət ayırmalı idi. Çünki ali məktəblər elmin, müzakirənin və müstəqil düşüncənin ünvanıdır. Elçin Babayev isə öz fəaliyyəti ilə bird aha sübut etdi ki, o və Kamal Abdulla əslində Ramiz Mehdiyevə sədaqətini göstərmək üçün universitetin akt zallarını keçmiş siyasi elitanın tribunasına çevirməyə cəjhd edir. Maraqlıdır, rektorlar hansı mesajların ötürülməsinə vasitəçilik edirlər? Cavab əlbəttə, sadədən sadədir: “Biz hələ buradayıq”. Kənardan baxıldıqda həm Kamal Abdullanın həddən artıq emosional çıxışı, həm də ardınca Elçin Babayevin görüşü sanki bir “demonstrativ jest” təsiri yaradır.

Bu jest həm də belə oxuna bilər: Ramiz Mehdiyev hələ də müəyyən çevrələr üçün legitim fiqurdur. Keçmiş komandaların təsir imkanları tam yox olmayıb. Həmçinin “Biz öz loyallığımızı nümayiş etdiririk”.

Bu, cəmiyyətin bir qisminin narahatlığını artırır. Çünki dövlətə xəyanət ittihamı ilə bağlı səslənən fikirlərə rəğmən yüksək vəzifəli elm adamlarının belə bir şəxs ətrafında dayanması ziddiyyətli mənzərə yaradır.

Bu, dövlətə qarşı güc nümayişidir

Real vəziyyətdə bunu “güc nümayişi” kimi qələmə vermək bəlkə də şişirtmə olardı. Lakin bu addımlar siyasi simvolizm daşıyır. Sanki müəyyən qruplar öz mövcudluğunu “xatırladır”, köhnə gücün tam dağıdılmadığını göstərməyə çalışırlar. Bu baxımdan, dövlətin rəsmi xətti artıq illərdir yenilənmə, şəffaflıq və keçmiş klan təsirlərindən təmizlənməni həyata keçirdiyi belə bir zamanda rektorların bu davranışı ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı.

Çox təəssüflər olsun ki, Elçin Babayev bu addımı ilə bir daha ən böyük zərəri akademik müstəqilliyə, universitetlərin ictimai nüfuzuna vurur. Çünki universitet siyasi loyallıq meydanına çevriləndə elm və təhsil itir.

Cəmiyyət isə haqlı suallar içində boğulur: Köhnə dairələr və yaxud “Akademik” komanda hələ də aktivdir. Bəzi rektorlar ictimai məsuliyyətdən çox şəxsi loyallığa üstünlük verirlər. Ali məktəblərdə yenilənmə hələ tam başa çatmayıb. Cəmiyyət yenilənmə gözləyərkən, universitet rəhbərlərinin köhnə simvollar ətrafında toplaşması heç də xoşniyyətdən xəbər vermir./konkret.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa