Rusiya-Ukrayna cəbhəsində qorxulu “resurs savaşı”mərhələsi: Masada tərəflər niyə razılaşmır?
“Qlobal gündəliyin müxtəlif böhranlarla zənginləşməsi Rusiya–Ukrayna müharibəsini arxa plana keçirsə də, münaqişə hələ də beynəlxalq təhlükəsizlik sisteminin əsas risk faktorlarından biri olaraq qalır.”
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Aytən Qurbanova bildirib.

Politoloq bir neçə ölkədə baş verən siyasi və hərbi böhranlar fonunda Rusiya–Ukrayna müharibəsinin kölgədə qalmasından və döyüşlərin hazırkı gedişatından bəhs edib:
“Hazırda beynəlxalq sistemdə paralel şəkildə baş verən çoxsaylı böhran və gərginlik ocaqları, eləcə də Yaxın Şərqdən Latın Amerikasına qədər uzanan hadisələr qlobal gündəliyin parçalanmasına səbəb olub. Bu nöqteyi-nəzərdən yanaşdıqda, dünya ictimaiyyətinin diqqətinin müəyyən dərəcədə Rusiya–Ukrayna müharibəsindən yayınması müşahidə olunur. Lakin diqqətin azalması münaqişənin intensivliyinin və geosiyasi əhəmiyyətinin azalması demək deyil. Əksinə, müharibə daha çox ‘uzanan münaqişə’ mərhələsinə daxil olaraq yeni siyasi və hərbi reallıqlar formalaşdırır.”
A. Qurbanova Ukrayna–Rusiya cəbhəsindəki real vəziyyəti detallı izah edərək bildirib:
“Hazırkı mərhələdə cəbhə xəttində kəskin irəliləyişlərdən daha çox mövqelərin qorunması və resurs müharibəsi ön plana çıxır. Hər iki tərəf ciddi insan və texnika itkiləri fonunda daha ehtiyatlı hərbi strategiyalara üstünlük verir. Rusiya işğal edərək nəzarətində saxladığı əraziləri möhkəmləndirməyə, Ukrayna isə Qərb dəstəyinə arxalanaraq uzunmüddətli müqavimət potensialını qorumağa çalışır. Bu vəziyyət müharibənin qısa müddətdə hərbi yolla həllinin real olmadığını göstərir. İndiyədək səsləndirilən sülh təşəbbüsləri nə Ukraynanın ərazi bütövlüyü və təhlükəsizlik zəmanətləri üzərində qurulan yanaşmalar, nə də Rusiyanın faktiki nəzarətinin legitimləşdirilməsinə yönələn tələblər əsasında hazırlanan ‘planlar’ heç bir halda real nəticə verməyib. Tərəflərin mövqeləri arasında fundamental ziddiyyətlər hələ də qalmaqdadır.”
V. Zelenskinin ölkədə prezident seçkiləri keçirmək haqqında anonslarının da ikinci plana keçdiyini və Ukrayna prezidentinin dünyada baş verən böhranlardan istifadə etdiyini vurğulayıb:
“Ukrayna Prezidenti Volodimir Zelenskinin prezident seçkilərini faktiki olaraq ikinci plana keçirməsi müharibə şəraitində siyasi legitimliklə bağlı xüsusi vəziyyət yaradır. Müharibə dövründə fövqəladə vəziyyət rejimi çərçivəsində seçkilərin təxirə salınması hüquqi baxımdan əsaslandırılsa da, bu addım siyasi baxımdan birmənalı qarşılanmır. Zelenski administrasiyası seçkilər mövzusunu gündəmdən çıxarmaqla diqqəti tam şəkildə müharibəyə və beynəlxalq dəstəyin davamlılığına yönəltməyə çalışır. Bu, bir tərəfdən daxili siyasi parçalanmanın qarşısını almağa xidmət etsə də, digər tərəfdən uzunmüddətli perspektivdə legitimlik suallarını davamlı şəkildə gündəmdə saxlaya bilər. Xüsusilə də Rusiya tərəfi hər fürsətdə bu məsələdən təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Beləliklə, qlobal gündəliyin müxtəlif böhranlarla zənginləşməsi Rusiya–Ukrayna müharibəsini arxa plana keçirsə də, münaqişə hələ də beynəlxalq təhlükəsizlik sisteminin əsas risk faktorlarından biri olaraq qalır. Sülh planlarının nəticəsiz qalması və seçkilərin təxirə salınması göstərir ki, tərəflər yaxın perspektivdə kompromisə hazır deyil. Mövcud şəraitdə müharibənin ‘donmuş münaqişə formatına keçməsi və uzun illər davam etməsi ehtimalı daha real görünür. Bu isə yalnız regional deyil, həm də qlobal siyasi və iqtisadi sabitlik üçün ciddi çağırışdır.”
Nurlan Cəfəri












