Təbriz ittifaqı: Parçalanma layihələrinə qarşı türk ağlı – Telman Nüsrətoğlu yazır

media-hightechnic-468x90

Yaxın Şərq bu gün bir daha xətkeşlərlə deyil, kimliklərin düşmənləşdirilməsi üzərindən yaradılan fay xətləri ilə bölünmək istənilir.

Xəritələr bu gün də Sykes–Picot dövründə olduğu kimi masa arxasında cızılmağa çalışılır; coğrafiyamızın tarix boyu gur axan dağ çayları təbii məcrasından qoparılıb süni bəndlərlə, saxta bəndlər və barajlarla başqa istiqamətlərə yönəldilmək istənir. Bu dəfə isə daha amansız şəkildə — küçələrdə, etnik çatlarda, məzhəb yarıqlarında qan və xaosla formalaşdırılmağa çalışılır. Bu parçalama siyasətinin arxasında duran ən sabit iradə isə açıqdır: İsrailin “Arz-ı Mövud” xülyası.

media-img_2410

Böyük İsrail layihəsi güclü və bütöv dövlətlərlə deyil, zəiflədilmiş, bir-birinə düşmən edilmiş, parçalanmış strukturlarla mümkün ola bilər. Məhz bu səbəbdən YPG, PKK, PJAK, DAEŞ kimi terror aparatları yalnız silahlı təşkilatlar deyil, geosiyasi mühəndisliyin daşeronları kimi dəyərləndirilməlidir. Əmin olun, bu təşkilatlar nə kürdlərin azadlığı, nə region xalqlarının rifahı, nə də İslam dünyasının salamatlığı və birliyi üçün mövcuddur. Onlar İsrail mərkəzli təhlükəsizlik memarlığının irəli postlarıdır. Məqsəd Türkiyəni cənubdan mühasirəyə almaq, İranı daxildən çökdürmək, İraq və Suriyanı isə daimi şəkildə funksiyasız hala gətirməkdir. Parçalanmış coğrafiyada sərhədlər deyil, müstəmləkə layihələri və himayəçilik mexanizmləri danışar. Harada himayə, imperial maraqlar və istismar sistemi varsa, orada xalq yoxdur, iradə yoxdur, gələcək yoxdur.

Məhz bu nöqtədə Türkiyə və Azərbaycanın dik duruşu təkcə öz varlıqları baxımından deyil, bütün region xalqları adına tarixi bir məna daşıyır. Türkiyə bu gün sadəcə bir dövlət deyil, bir tarazlıq amili, sabitlik oxudur. Azərbaycanın Qarabağda nümayiş etdirdiyi möhtəşəm qələbə iradəsi ilə birlikdə regional və qlobal tənliklər baxımından Türk dünyasının artıq müdafiədə deyil, həm masada, həm də sahədə olduğunu göstərmişdir. Türk dünyasının güc layihəsi bu səbəbdən etnik hegemonluq xülyası deyil; əksinə, imperial parçalama siyasətlərinə qarşı qoruyucu bir çətirdir. Kürdlər də bu çətirin təbii parçasıdır. Çünki min illər boyu cəbhələrdə formalaşmış Türk–Kürd qardaşlığı, tale birliyi mövcuddur. Kürdləri İsrailin, Amerikanın və ya digər qlobal aktorların daşeronuna çevirən proseslər onlara dövlət yox, yalnız bitməyən müharibələr və dağıntılar gətirəcəkdir. Bu baxımdan iki əsrdir imperializmin türk varlığına qarşı istifadə etdiyi erməni milli hərəkatının gəlib çıxdığı nöqtə — bu gün Ermənistanın öz dövlətçiliyini və kimliyini qorumaq üçün Türkiyə və Azərbaycanla normallaşmaya məcbur qalması — ağıl və vicdan sahibləri üçün mühüm dərslər ehtiva edir. Türk dövlət ənənəsi tarix boyu fərqli xalqları məhv edərək deyil, birgə yaşatmağı bacararaq güclənmişdir.

Güc olmadan ədalət olmaz. Böyük siyasi-hərbi iradə olmadan xalqlar qoruna bilməz. Bu gün Amerika, Rusiya, Çin və İsrail bölgədə istədiklərini edə bilirlərsə, bunun səbəbi regionun tarixi axına uyğun şəkildə öz mərkəzi gücünü yarada bilməməsidir. Parçalı strukturlar xarici müdaxiləyə dəvətdir; birlik isə çəkindiricilikdir.

İran məsələsi məhz bu kontekstdə kritik bir eşikdir. İran çöksə, yaranacaq boşluq nə demokratiya, nə də rifahla dolacaq; xaos və göz yaşları qaçılmaz taleyə çevriləcəkdir. Bu səbəbdən İranın qorunması əslində regionun qorunmasıdır. Lakin bu qoruma köhnə ideoloji qəliblərlə deyil, Türk ağlı ilə, Türk dövlət refleksi ilə, Türk sintez yanaşması ilə mümkündür. İranda əsrlər boyu hakim olmuş Türk sülalələri təsadüfi deyil. Bu gün İran əhalisinin yarıdan çoxu Türk mənşəli olduğu halda, bu reallığın siyasətə yansımaması davamlı ola bilməz. Pezeşkian nümunəsi göstərir ki, İranda paradigma dəyişikliyi qapıdadır. Bu dəyişiklik Türklərin təkcə demoqrafik deyil, həm də zehni və siyasi liderliyi ələ alması ilə məna qazana bilər. İran, Türkiyə və Azərbaycan arasında qurulacaq ittifaq təkcə üç dövləti deyil, bütün regionu nəfəs ala bilən hala gətirə bilər. Üstəlik, İranın mövcud paytaxtı Tehran artıq simvolik mərkəz olmaqdan çıxmışdır. Su böhranı, ekoloji tükənmişlik və idarəetmə yükü yeni paytaxt axtarışını zəruri edir. Təbriz mərkəzli İran vizyonu həm tarixi davamlılığa, həm də geosiyasi reallığa daha uyğundur. Təbriz İranı Anadoluyla, Qafqazla və Türk dünyası ilə bağlayan strateji qapıdır. İranın dəyişmə və dönüşüm prosesi bütün mənalarda Təbriz mərkəzli yeni İranın ortaya çıxması ilə nəticələnməlidir.

Ədalətin və hüququn deyil, gücün hakim olduğu dünya düzənində mürəkkəb və dolaşıq tənliklər içində liderlik məsələsi də ikinci dərəcəli deyil, həlledicidir. Əliyev, Pezeşkian və Ərdoğan yalnız üç dövlətin rəhbərləri deyil; Türk–İslam dünyasında sözü dinlənən, iradəsi ciddiyə alınan, tarixi çəkisi olan şəxsiyyətlərdir. Ərdoğan Türkiyəni passiv NATO periferiyası olmaqdan çıxarıb müstəqil oxu olan bir güc mərkəzinə çevirmiş, Əliyev Qarabağ zəfəri ilə Türk dünyasına “sahada da varıq” özünəinamını qazandırmış; Pezeşkian isə İranda paradigmanın dəyişə biləcəyini, Türk ağlının yenidən dövlət mərkəzinə daşına biləcəyini göstərmişdir. Bu üç liderin kəsişdiyi xətt təkcə diplomatik yaxınlaşma deyil, yeni regional memarlığın onurğasıdır. Çünki bu adların hər biri öz cəmiyyətində legitimliyini sandıqdan, gücünü tarixdən, istiqamətini isə coğrafiyanın sərt reallıqlarından alır. Məhz bu səbəbdən Əliyev–Ərdoğan–Pezeşkian xəttində qurulacaq üçtərəfli ittifaq kağız üzərində qalan niyyət bəyanatı deyil; çəkindiriciliyi olan, sözünü sahədə qarşılığı ilə deyə bilən, Türk–İslam dünyasına yenidən istiqamət verə biləcək real güc inşası deməkdir.

Bu gün qarşımızda iki yol var: ya başqalarının yazdığı ssenarilərdə fiqurant olacağıq, ya da öz tarixi yaddaşımızla səhnəyə çıxacağıq. Türk birliyi və gücü ideyası romantik bir ideal deyil; sərt, soyuq və amansız dünya düzənində ayaqda qalmağın yeganə real yoludur. Əks halda bu coğrafiyada bayraqlar deyil, xarabalıqlar yüksələcək.

Tarix bir daha soruşur: Parçalanmaqmı, toparlanmaqmı? Cavab artıq gecikdirilə bilməz.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa