Bu günlərdə Azərbaycanın haqq işinə hər zaman dəstək olan Pakistan dövlətinin xarici işlər naziri Havaca Məhəmməd mətbuata açıqlamasında bildirib ki, Azərbaycan, Türkiyə və Pakistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində birgə işləyə bilərlər.
Maraqlıdır, adıçəkilən bu üç ölkə Qarabağ münaqişəsinin nizamlanmasına nail olmaq üçün hansı birgə addımlar ata bilər?
Məsələ barədə Yenicag.az-a açıqlama verən politoloq Elşən Mustafayevin fikrincə, Azərbaycan, Türkiyə və Pakistanın birgə addımları üç dövlətin hərbi ittifaqının yaradılması istiqamətində ola bilər:
“Pakistanın indiki halda Qarabağ münaqişəsinin həllinə yardım göstərməsi danışıqlar prosesində məsələni qaldırmasından ibarət ola bilər. Amma hesab edirəm ki, Azərbaycanın, Türkiyə və Pakistanla üçtərəfli formatda hərbi ittifaq yaratması prosesə daha çox kömək edə bilər. Pakistan regionda nüvə dövləti olaraq, xüsusi çəkiyə malik olan ölkələrdəndir. Bilirik ki, Pakistan məhz Dağlıq Qarabağı işğal etdiyinə görə hələ də Ermənistanla diplomatik əlaqələr qurmayıb. Bunun özü də onun göstəricisidir ki, Pakistanla Türkiyə Azərbaycanın ərazi bütövlüyünü real olaraq tanıyan və bu istiqamətdə ona dəstək verən tək-tük ölkələrdəndir.
Pakistan keçirilən beynəlxalq təşkilatlarda, tədbirlərdə Dağlıq Qarabağla bağlı fikirlərini ifadə edə, problemin həllilə bağlı istəklərini dilə gətirə bilər. Hazırda bildiyiniz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Putinlə görüşlərində Qarabağ məsələsini də qaldırır. Eyni addımları Pakistan rəsmiləri də ata bilərlər. Lakin bütün hallarda burada ən vacib məqam üç dövlətin hərbi ittifaqının yaradılması ola bilər. Belə bir ittifaqın yaradılması Azərbaycanın təhlükəsizliyi baxımından uğurlu addım olardı. Hazırda Azərbaycan heç bir hərbi blokun üzvü deyil. Ermənistan isə Rusiyanın diktəsi altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Azərbaycanın bunun müqabilində NATO-ya üzv olması hazırda mümkünsüzdür. Çünki buna nə Rusiya imkan verməyəcək, nə də ki, indiki halda sözügedən hərbi blok ölkəmizi qəbul etməz. Bu mənada Türkiyə, Azərbaycan və Pakistandan ibarət üç dövlətin hərbi blokunun yaradılması uğurlu variant ola bilərdi. Bu fonda Rusiyanın da reaksiyası Azərbaycanın NATO-ya üzvlüyü məsələsindəki qədər olmayacaq.
Pakistan rəsmisinin Bakıda keçirtdiyi görüşdən sonra hesab edirəm ki, yaxın gələcəkdə bu üç ölkənin dövlət başçılarının birgə görüşü baş tuta bilər. Ona görə də nədən sözügedən üç ölkə arasında hərbi ittifaq yaranmasın? Düşmən hər hansı bir hərbi ittifaqda təmsil olunursa, Azərbaycan niyə hansısa digər hərbi bloka qoşulmasın? Bu mənada Türkiyə, Pakistan və Azərbaycan arasında hərbi ittifaqın yaradılması ən uğurlu varinatdır. Belə bir hərbi ittifaqın yaradılması Qarabağ probleminin real olaraq həllinə daha çox xeyir verə bilər”.
ELÇİN
www.yenicag.az