Reklam

Reklam

“Xaricdən götürülən bu kreditlər Azərbaycanın üzərində bir yük kimi qalır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Asiya İnkişaf Bankının dövlət idarəetməsinin təkmilləşdirilməsi, maliyyə sektorunun inkişafı, vergi-büdcə planlaşdırmasının yaxşılaşdırılması və iqtisadiyyatın diversifikasiyası üçün Azərbaycana 250 milyon dollar kredit ayırmasına dair qərarını şərh edən iqtisadçı Natiq Cəfərli deyib.

İqtisadçının fikrincə, indiyə qədər qeyd olunan istiqamətdə xaricdən alınmış çoxsaylı kreditlər gözlənilən nəticəni verməyib. Cəfərlinin sözlərinə görə, haqqında danışılan kreditdən nə dərəcədə səmərəli istifadə olunacağını isə zaman göstərəcək:

Natiq Cəfərli

“Xatırladım ki, Azərbaycanın müstəqillik dönəmində xaricdən bu təyinatlı kreditlərin alınması ilk dəfə deyil. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avrasiya İnkişaf Bankı, Avropa İnkişaf və Yenidənqurma Bankı ölkədə struktur islahatlarının aparılması məqsədi ilə Azərbaycana kreditlər ayırıb.

Ancaq bu kreditlərin effektiv xərclənməsi haqqında danışmaq yersizdir. Çünki o kreditlərdən səmərəli istifadə olunsaydı, hazırda dövlət idarəetmə sahəsində yığılmış problemlər aradan qaldırılardı.

Açığı, belə kreditlərin ayrılmasında iki əsas məqsəd var. Birincisi budur ki, Azərbaycan qeyd etdiyim nəhəng maliyyə qurumları ilə geniş danışıqlar aparır və bu müzakirələrin nəticəsi olaraq, onlarla kredit sazişləri imzalayır.

Bu kreditlərin ayrılması nəzərdə tutulan qurumların Azərbaycana əlavə yardımlar etməsinə zəmin yaradır. Eyni zamanda, bu kreditləri alan Azərbaycan struktur və idarəetmə sahəsində islahatlarla əlaqədar öz üzərinə müəyyən öhdəliklər götürür.

Məsələn, hökumət ASAN xidmətin uğurlu fəaliyyətini aldığı kreditlərin səmərəli xərclənməsinin bir nümunəsi kimi davamlı şəkildə təbliğ edir. Lakin təəssüflə deməliyik ki, biz köklü struktur islahatları və idarəetmənin fəlsəfəsində hər hansı ciddi dəyişikliklərin şahidi olmuruq.

O baxımdan, xaricdən götürülən bu kreditlər Azərbaycanın üzərində bir yük kimi qalır. Bəli, Azərbaycanda bütün sahələr üzrə əsaslı islahatların aparılması zəruri olsa da, bu addımların atılmasında problemlər yaranır. Yəni islahatlar məsələsində görüntüdən işə keçməyin zamanı çoxdan çatıb.

Ümid edək ki, alınmış o kreditlər heç olmasa, bundan sonra dediyimiz məsələlərdə keyfiyyət dəyişikliyinə gətirib çıxartsın”.

A. Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1274
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."