!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan və Somali prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

!Reklam – Yazi

Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud mətbuata bəyanatlarla çıxış ediblər.

Yenicag.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Dəvətimi qəbul edərək ölkəmizə rəsmi səfər etdiyinizdən olduqca məmnunam. Bu, tarixi səfərdir və ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində ilkdir. Əminəm ki, səfər ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacaq. Bu gün Prezidentlə görüşümüz zamanı biz qarşılıqlı maraq doğuran kifayət qədər böyük sayda məsələləri artıq müzakirə etdik. Bu gün müzakirələrimizi nümayəndə heyəti üzvlərinin iştirakı ilə davam etdirəcəyik.

Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir. Əminəm ki, hazırda Bakıda imzalanmış bütün razılaşmalar həyata keçiriləcək və münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq.

Biz regionlarımızda geosiyasi vəziyyəti, ölkələrimizin üzləşdiyi çağırışları geniş şəkildə müzakirə etdik, ölkələrimizin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstəyimizi, eləcə də terrorçuluğa və ekstremizmə qarşı mübarizədə ortaq mövqeyimizi bir daha vurğuladıq. Əlbəttə, hər bir ölkə üçün siyasi sabitlik inkişafı təmin edən ilkin şərtdir. Mən 1990-cı illərdən və bu əsrin əvvəlindən tutmuş beynəlxalq səviyyədə tanınmış ərazilərimizin erməni işğalından azad edilməsinə qədər Azərbaycanın üzləşdiyi ağır dövr barədə cənab Prezidentə məlumat verdim.

Mən, həmçinin Azərbaycana sərmayələrin cəlb edilməsində və müsbət işgüzar mühitin yaradılmasında təcrübəmizi bölüşdüm. Müzakirə etdiyimiz və edəcəyimiz sahələr sırasında, düşünürəm ki, ən vaciblərindən biri təhsil sahəsidir. Bu gün həmin sahədə artıq ilkin nailiyyətlərimiz var. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Bu gün imzalanmış sənəd onların sayını artırmaq imkanını yaradacaq. İlkin mərhələdə on tələbə, sonra isə onların sayı daha çox ola bilər. Bir sözlə, onların universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək.

Biz, həmçinin Somalidə sərmayə imkanlarını müzakirə etdik. Bildiyiniz kimi, cənab Prezidentin səfərindən əvvəl Azərbaycanın böyük nümayəndə heyəti bir həftə öncə Somaliyə səfər etmiş, əsasən, səfərin hazırlanması və eyni zamanda, gələcəkdə güclü iqtisadi, siyasi və mədəni əlaqələrin qurulması üzərində çalışmışdır. Düşünürəm ki, həmin proses davam etməlidir. Düşünürəm ki, Prezidentin rəsmi səfəri nəticəsində biz digər heyəti konkret hədəf və məqsədlərlə sərmayə sahələrini müəyyən etmək, eləcə də Azərbaycanın sərmayələri qəbul oluna biləcək və faydalı olacaq konkret layihələri qeyd etmək üçün Somaliyə ezam etməliyik. Məsələn, bu sahələr infrastruktur, liman qurğuları və kənd təsərrüfatı ola bilər. Cənab Prezident kənd təsərrüfatında böyük potensialın olduğu barədə mənə məlumat verdi. Mən, həmçinin Azərbaycanda özünü təmin edən kənd təsərrüfatının yaradılması ilə əlaqədar hədəflərimiz barədə məlumat verdim. Bir sözlə, hesab edirəm ki, biz bu sahədə kifayət qədər nəzərəçarpan əməkdaşlıq qura bilərik.

Müdafiə əməkdaşlığımızın mühüm sahələrindən biridir. Bu gün sənəd imzalandı və sabah cənab Prezident Azərbaycanın müdafiə imkanlarının, o cümlədən müdafiə sənayesinin bəzi elementləri ilə tanış olacaq. Hazırda nümayəndə heyətlərinin görüşü zamanı biz bu imkanları birmənalı şəkildə müzakirə edəcəyik. Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaradıb. Həmin avadanlıq həm bizə lazımdır, həm də müasir müdafiə avadanlığına malik olan 10-a yaxın ölkənin mühüm ixracatçısına çevrilmək imkanıdır. Burada təlimlər də var, çünki İkinci Qarabağ müharibəsi və sonradan antiterror əməliyyatı hərbi qulluqçularımızın yüksək peşəkarlığını nümayiş etdirdi. Onlar altı və ya yeddi müdafiə xəttinə, müxtəlif müdafiə istehkam infrastrukturuna baxmayaraq, təxminən otuz il işğal altında olan ərazimizi çox mürəkkəb coğrafi relyef şəraitində azad edərək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qısa müddət ərzində tam bərpa edə bildilər. Beləliklə, sabah, həmçinin xüsusi təyinatlılarımız cənab Prezidentə təqdim olunacaq. Bir sözlə, düşünürəm ki, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır.

Mən, həmçinin dövlət xidmətləri sahəsində işbirliyinin əhəmiyyətini vurğulamaq istərdim. Əslində, bu gün imzalanmış razılaşmalardan biri həmin sahəni əhatə edir. Azərbaycanda artıq uğurla işləyən sistem – ASAN dövlət xidmətləri sistemi bir çox beynəlxalq mükafatlara layiq görülüb. Ən mühüm mükafat isə Azərbaycan xalqının verdiyi qiymətdir. Çünki Azərbaycanda ASAN xidmətlərin bəyənilmə reytinqi 100 faizə yaxındır. Bu, həqiqətən göstərir ki, həmin xidmət insanların həyatını daha da asanlaşdırır. Bilirəm ki, Prezidentin proqramında həmin xidmət mərkəzlərindən birinə səfər var və əgər siz qərar qəbul etsəniz, bəyənsəniz, biz sizin ölkədə oxşar sistemi qura bilərik.

Təbii ki, tərəfdaşlığımızın mühüm sahəsi beynəlxalq təsisatlarda qarşılıqlı dəstəkdir. Bilirəm ki, xarici işlər nazirlərimiz çox tədbirlərdə görüşərək həmin məsələləri müzakirə ediblər. Biz BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birimizə dəstəyi birmənalı olaraq davam etdirəcəyik. Çünki hər iki ölkə üçün arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir.

Cənab Prezident, Azərbaycana bir daha xoş gəlmisiniz və mən sizə xoş səfər arzu edirəm.

www.yenicag.az

58
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv